“Bir ailənin 5 üzvü artıq yoxdur…” - Ərşad Hüseynov

bir-ailenin-5-uzvu-artiq-yoxdur
Oxunma sayı: 6486

“Təəssüf ki, yollarımızda qırğınlar davam edir. Bir günə 10 ölüm... Bir hadisədə 5 nəfərin ölməsi isə dünyanın hər yerində medianın diqqətini çəkən faktdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov dünən Bakının Qaradağ rayonunda  “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobilinin toqquşması və nəticədə 2-si azyaşlı qız olmaqla 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasını şərh edərkən bildirib.

“Dünənki bu qırğın yenə də tipik bir şəraiti qabartdı. Həmin faciə qaranlıq vaxtı çiskinli havada avtomobillərin üz-üzə toqquşması ilə baş verib. Sürücülərimizin çoxu bəsit bir faktı unudurlar. Gecə vaxtı görünmə onsuz da məhduddur. Qarşı-qarşıya hərəkət edən avtomobillərin işıqlarının yaratdığı fon isə görünməni 50%-ə qədər pisləşdirir (gözlərin qamaşması olduqda isə görmə sıfıra yaxınlaşır).

Bunun üstünə islanmış şüşələri və güzgüləri də əlavə edəndə az qala gözübağlı sürmək kimi bir şey alınır. Ona görə də diqqətli olun, sürəti aşağı salın, sərt manevr etməyin, ötmədən və zolaq dəyişmədən çəkinin, əks istiqamətli zolaqlara keçməyi isə ağlınıza da gətirməyin. Belə şəraitdə hətta ayırıcı xətdən aralı, yolun ən sağı ilə sürün. Dünənki hadisə üz-üzə toqquşmadır, deməli onlardan biri əks istiqamətli zolağa keçibmiş. Nəticə göz önündədir: bir ailənin 5 üzvü artıq yoxdur…”.

Qeyd edək ki, qəzanın beşinci qurbanı altı aylıq Hüseynova Cənnət İntamiz qızı olub.

Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.