Bir axşam taksidən...

bir-axsam-taksiden
Oxunma sayı: 2832

Qismət

Keçən ilin sentyabrında sifariş verdiyim taksi bu gün nəhayət ünvanımızı tapdı. Sürücüylə qucaqlaşdıq, sevinc göz yaşları tökdük. İndi məhlədə bu xoş xəbərə görə samavar dəmləyən kim, dönərin yanında ayranı pulsuz verən kim, tərəzidə çəkini tarazlamaq üçün axırıncı götürdüyü xiyarı təzədən yerinə qoyan kim! Əsl fısqırıq!.. 

Birinci blokdakı müftəxor qonaqlıq istədi, “qonorar alan kimi” – deyib fırlatdım. Qapı qonşumuz bir qutu şokolad, bir dənə də süfrə alıb göz aydınlığına gəldi, deyir uşaq olanda da gələ bilməmişdim. Sürücü  isə blokun girişində əlləri əsə-əsə bir siqaret tüstülətdi, arada şəkil çəkdirmək istəyənlərlə qol-boyun oldu, sonra təzədən kövrəlib hönkürdü. İndi maşındayıq, bizim Şumaxer burnunu çəkə-çəkə naviqatora baxır, mən də telefonda bu köşəni yazıram. Svetaforda dayanaq, təzə abzasa keçəcəm.

Söz vaxtına çəkər, keçən il elə bu vaxtlarda işdən çıxanda fikirləşdim ki, ta yay qurtarır, bir taksi çağırım, uzağı gedib payızda düşərəm, ordan bizim evə iki siqaretlik yoldu. Bərkgedən taksi xidmətlərindən (üç rəqəmli) birinə zəng vurdum, dedim Axundov bağının yanından Payıza. Operator qızın səsindən yarpaqlar töküldü: Bağışlayın, sistemdə Payız çıxmır, yaxınlığında başqa nə var? İstədim deyəm xəzəl, xəzan, yağış, çətir... Amma özümü saxladım, dedim, siz “Elmlər” qeyd edin. Qızın səsində ya iş vaxtı bitdi, ya da maaş karta köçdü.

Gözlədim, gözlədim, düz qırx beş dəqiqə keçdi, taksi gəlib çıxmadı. (İndi yanımda burnunu darta-darta qalıb). Zəng elədim ki, qardaş, birdən əziyyət olar, yerini de, mən özüm gəlim. Qayıtdı ki, bu yolu sağ getməyim, naviqatorla gəlirəm. Ürəyimdə dedim, eybi yox, mən bu sifarişi ləğv eləmirəm, girinc qal. 

Əlqərəz, bu dəfə dörd rəqəmli bir taksi xidmətinə zəng vurdum. Operator oğlanın kredit borcuna bulaşmış səsini qulağım aldı: 

- Salam, buyurun, hansı ünvana?                 

- Axundov bağından “Elmlər”ə

- “Elmlər”in harasına? Metronun yanına, “Payız market”in yanına...?

- “Payız”ın yanına olsun.

Bu dəfə taksi çox gecikmədi, amma beş dəqiqə keçmişdi, gördüm nəsə başqa yolla gedirik. Soruşdum, hara gedirsən, qardaş? Parlamentin qabağına çıx, orda sonra sükanı buraxsan da özü gedib “Elmlər”ə çıxacaq. Yox, kimə deyirsən, qayıtdı ki, naviqator ən qısa yolu bilir. Bu naviqator proqramlarını kim yazıb, bilmirəm, Nizaminin heykəlinin yanına getmək istəyirsən, Gəncədən fırlanıb gəlir, Axundov bağı deyirsən, Şəkidən hərlənir, Cavid parkı demirəm, qorxuram Sibirə dəyib qayıdar...

Bu taksi şirkətlərinin az qala hamısının saytında yazılıb ki, Bakıda ilk taksi xidməti bizik, nə bilim, ötən əsrdə faytonla başlamışıq, indi N qədər maşınız var. Heç şübhə etmirəm ki, taksi çoxdur, amma normal sürücü görəndə adam sevincdən selfi çəkdirmək istəyir. Dəfələrlə başıma gəlib, sürücü deyib ki, naviqatordan başım çıxmır, Bakıda təzəyəm, yolu göstərin gedək. Baş üstə qadası, sən əziyyət çəkib sürmə, otur siqaretini çək, mən düşüb itələyərəm, arada dayanıb sənə şəhəri də göstərərəm. Çətin deyil, elə sizin kənddəki kimidir, “İcra”nın binasıyla “balnisiya”nı tanıdın, vəssalam, qalanı asandır. 

Bir ildən sonra gəlib ünvanımızı tapan və bayaqdan avtomat rejimdə üzrxahlıq eləyən şoferin damarı çıxmış əllərinə baxa-baxa bu yazını telefonda yaddaşa vermək istəyirdim, bir də gördüm çatmışıq. Selfi çəkdirib, şoferi yola saldım, “Axundov bağı”nın ayağında üç-dörd yeniyetmənin gülüşü qulağımda cingildədi. Yaxınlarından keçəndən anladım ki, milli pornoqrafiyamızın kult səhnələrindən birinə təkrar-təkrar baxıb şaqqanaq çəkir, ətrafa gülüşdən qırmızı körpülər səpələyirlər: “Bir də sizin maşına...”