140-dan çox qurumuş ağac yenisi ilə əvəzlənib

140-dan-cox-qurumus-agac-yenisi-ile-evezlenib
Oxunma sayı: 998

"Başladığımız payız ağac əkimi kampaniyası çərçivəsində paytaxtda yaşıllıqların artırılması məqsədilə 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mətbuat konfransında deyib.

O qeyd edib ki, aksiya hələ də davam edir:

"Sabah da jurnalistlərin təşəbbüsü ilə jurnalistlər binasının ətrafında nazirliyin əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçiriləcək. Sevindirici haldır ki, “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub.

 Payız ağacəkmə kampaniyası çərçivəsində nazirliyin təşəbbüsü ilə Bakı şəhərində  yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə aksiyalar da keçirilir. 21 noyabrdan başlanan aksiyalar zamanı Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib və qurumuş ağacların ətrafındakı boş sahələrə ümumilikdə  2000-dən çox müxtəlif cinsli ağac əkilib.

Vətəndaşlardan xahiş edirik ki, qurumuş və təhlükəli ağaclar barədə Nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər".

Günel Hacı