“Bir-birimizi aldatmamalıyıq” - Qara Qarayev

bir-birimizi-aldatmamaliyiq
Oxunma sayı: 1693

Topaz Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın futbolçu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bildirib:

- "Sumqayıt”ın son vaxtlar yaxşı oynadığını görürdük. Oyunun əvvəlində istəmədiyimiz qırmızı vərəqə oldu. Planlarımız dəyişdi. Komanda ruhdan düşmədi. 10 nəfərlə oynamağımıza baxmayaraq, bu matçda qalib gəldik. Son dəqiqələrdə "Sumqayıt” təziqi artırmışdı.

- Son dəqiqələrdə hesab 2:1 olsaydı, "Qarabağ” üçün daha çətin olardımı?

- Əlbəttə, 2:1 olsaydı, onlar daha motivasiyalı oynayacaqdılar. Amma rəqibin təzyiqi normaldı. Biz 10 nəfərlə mübarizə aparırdıq. Ona görə oyunun axırında top daha çox onlarda oldu. Buna baxmayaraq, qalib gələn tərəf biz olduq.

- Çempionatın yaxşı səviyyədə olduğunu deyirlər. Amma bu gün avrokuboklar üçün oynayan "Sumqayıt” 10 nəfərlə qalan "Qarabağ” qarşısında heç nə edə bilmədi. Bu, onu göstərirmi "Qarabağ” rəqabətsiz çempionatda liderdi?

- Bir-birimizi aldatmamalıyıq. Həqiqətən də bu çempionat əvvəlki qədər güclü deyil. Premyer Liqada 8 klubun olması səviyyənin aşağı düşməsi deməkdi. İnanıram ki, tezliklə bu problem aradan qaldırılacaq. Biz daha gərgin, çətin çempionatı, daha çox klub olmasını istəyirik. Belədə bizim üçün də maraqlı olar.

- "Qarabağ”ın son oyunlarında əcnəbi futbolçular qırmızı vərəqə alır. Bu nə ilə bağlıdı?

- Bunların hamısı təsadüfdü. Yəqin ki, bu hallar aradan qaldırılmalıdı. Komanda olaraq hər oyun qırmızı vərəqə almağımız oyun səviyyəmizi aşağı salır. Hər oyun daha da diqqətli olmalıyıq.

- "Çelsi” ilə oyun barədə nə deyə bilərsən?

- Bu oyunun gərginliyini başa düşürük. Qalibiyyət haqqında fikirləşmək xəyal olardı. Biz yaxşı oyun göstərmək istəyirik.. Azərkeşlərlə birlikdə bunu bacaracağıq. "Çelsi”yə gərgin anlar yaşatmaq arzusundayıq. Nəticə olsa, çox sevinərik. Olmasa da, bu gün biz dünyanın böyük klublarına qarşı oynayırıq.

- Gecənin süprizi baş tuta bilər?

- Artıq bu oyuna köklənmişik. Əlimizdən gələni edəcəyik.

- Pedronun olmaması ilə bağlı nə deyə bilərsən?

- Pedronun oynamaması həqiqətən də itkidi. Onun epizodunu müzakirə etməyə dəyməz. Təmiz qırmızı vərəqə idi. Olmaması bizim üçün problemdi. Pedronun yerinə oynaya biləcək futbolçularımız da var. İnanıram ki, onlar "Çelsi” ilə oyunda bizə kömək edə biləcəklər.

- Komandanın Çempionlar Liqasında 3-cü yer şansı var. Nə dərəcədə real görürsən bunu?

- Bizim bu nəticəni əldə etməyimiz "Atletiko”nun oyunundan asılı olacaq. Taleyimiz daha çox Madriddə həll olunacaq.

- "Qarabağ” üçün "Tottenhem”lə matçda da çətinlik olub. Hiss olunur ki, İngiltərə klubları ilə komanda daha çox çətinlik çəkir?

- Mən də elə fikirləşirəm. Ölkə olaraq da götürsək, almanlar daha yaxşıdı. İngilislər və almanlar ispanlara və italyanlara nisbətən daha güclü oyun sərgiləyirlər. Çox qol vurmaq istəyirlər. Oyuna  tez motivasiya olurlar. Məncə, "Tottenhem”lə evdə yaxşı çıxış etmişdik. Son dəqiqələrdə şanssız qol buraxdıq. Düşünürəm ki, evdə xal ala bilərik. Azərbaycanda həmin gün futbol bayramı olacaq. Düşündüyümüz kimi olsun. Bütün xalqımızı, dövlətimizi sevindirək.