Bir gün Zori Balayan üçün də ağlarsınız...

bir-gun-zori-balayan-ucun-de-aglarsiniz-
Oxunma sayı: 706

Türkiyədə doğrudan da çox məşhur olan bir jurnalist – Mehmet Ali Birand ötən həftə dünyasını dəyişdi. Ölənin arxasınca danışmazlar. Biz də danışmırıq əslində. Ancaq bəzi həmkarlarımızın bu ölümlə bağlı sərgilədiyi mövqe bizi çaşdırmasaydı.

Birand ölkəsində barmaqla göstərilə biləcək üç jurnalistdən biriydi. Üstəlik, yetərincə beynəlxalq tanınması da vardı. Ancaq bütün bunlarla bərabər onun Azərbaycan üçün də (və Türkiyənin milli-vətənpərvər kəsimi üçün də) eyni dəyəri daşıdığını iddia etmək, ona epitetlər qoşub göz yaşları axıtmaq bizim üçün uyğun olmaz. Niyə? Ona görə ki...

Ona görə ki, bu adam bütün jurnalist fəaliyyəti dönəmində ermənilərin, PKK-nın dediyini təkrarladı. Azərbaycanı ittiham etdi, Azərbaycan haqqında yalanlar uydurdu. Xocalı faciəsi kimi göz önündə, yaxın tarixdə baş verən olayı görməzlikdən gəldi, iddia etdi ki, “Azərilər Xocalıda ermənilərin soyqırım yapdığını iddia edir, mən görmədim”. Əvəzində isə ermənilərin yalandan uydurub dünyaya car çəkdiyi, tanıtmağa çalışdığı 1915 olaylarını soyqırım kimi tanımağın Türkiyə üçün də vacib olduğunu təkrarladı durmadan.

Və bütün bunlar azmış kimi həm də iddia etdi ki, Türkiyə dövləti PKK terror təşkilatının hazırda həbsdə olan başçısı Abdullah Öcalanı millət vəkili kimi parlamentə seçməlidir.

Yazılarında, çıxışlarında bu adam fantastik yalanlar uydurdu. Örnək üçün, bir yazısında iddia etdi ki, “1988-ci ildə Heydər Əliyev Dağlıq Qarabağın muxtariyyətini ləğv etdi”. Və bu qərarın ardından, yəni “1988-də Azərbaycan Sumqayıtdakı erməniləri evlərindən sürgün etdi”. Birand belə iddia edirdi. İndi Azərbaycanda onun üçün yas tuturlar ki, “usta jurnalist” idi. Birand üçün ağlayanların bir gün Zori Balayan üçün ağlamayacağına kim təminat verə bilər?

Bilərəkdənmi, bilməyərəkdənmi, 19 yanvar 2013 günü daha bir Türkiyəli yazar Ertuğrul Özkök, “Hürriyet” qəzetindəki “O sahneyi yeniden oynamış” başlıqlı yazısına Birandı mövzu etməklə Azərbaycan haqqında ondan da ağır yalanlara yer verib. Adam qırmızı-qırmızı iddia edir ki, “ermənilərin öldürüldüyü Pripyata ilk girən iki jurnalist biz idik”. Daha sonra davam edir: “1989-cu ildə Azərbaycanda ermənilərin öldürüldüyü Pripyat şəhərinə olaylardan sonra girən ilk iki jurnalist biz idik. Pripyat meydanında olayı anladarkən video görüntülərini mən çəkmişdim. O sırada bir Azəri gəlib “Siz Mehmet Ali Birandsınız” demişdi. Dağlıq Qarabağdan qaçan köçkünlərdən biriymiş. Oradaykən türk TV-lərinə baxarmış. Oradan tanıyırmış”.

Belə yerdə deyirlər ki, “yalanın biri bir qəpik”! Azərbaycan oxucusuna ölkəmizdə Pripyat adında şəhərin olmadığını izah etməyə, təbii ki, heç gərək yoxdur. Üstəlik, 1989-cu ildə hələ Qarabağdan köçkünlərin olmadığını da sübut etmək mənasız olardı. Dahası, o dönəmdə nəinki Azərbaycanda, heç Ermənistanda belə Türkiyə TV kanallarına baxmaq imkanı yoxdu və əlbəttə ki, Birandı bir adi Azərbaycanlının tanıması haqqında deyilənlər də uydurmadan başqa bir şey ola bilməz.

*****

Daha bir olay yalnız Türkiyə və Azərbaycanı deyil, həm də Kuzey Kıbrıs Türk Cümhuriyyətini içinə alır. Sonuncunun parlament sədri bir açıqlamasında bildirib ki, Azərbaycandan olan millət vəkili Aydın Mirzəzadə Lefkoşada parlamentdə onunla görüşmək istərkən Türkiyə bayrağı altında oturmaqdan çəkinib və buna görə də görüşdən imtina etməli olub.

Azərbaycanda bəzi şəxslər Aydın bəyi bu əməlinə görə tənqid atəşinə tuturlar. Ay, nə bilim, bu, türklüyə təhqirmiş, daha nə bilim, Aydın bəy türk düşməniymiş filan kimi. Bizimsə mövqeyimiz əvvəlcədən birmənalı oldu: Aydın Mirzəzadə düz edib! Bunun da açıqlaması var bizdə.

Aydın Mirzəzadə bir millət vəkilidir. Azərbaycanda anayasa ilə milləti təmsil etmə haqqı olan 125 deputatdan biridir. Bu isə o deməkdir ki, o, istənilən hərəkətində dövlətinin tələb etdiyi rəmzlərə sayğı göstərməli və həmin rəmzlərdən istifadə etməlidir.

İndi iddia edilir ki, Aydın Mirzəzadənin KKTC parlament sədri ilə görüşü qeyri-rəsmi olub. Ona görə də burada bayraq məsələsinə daha yumşaq yanaşmaq olardı.

Bizsə deyirik ki, nə qədər qeyri-rəsmi olsa da, bu görüş adi bir çayxanada və ya restoranda deyil, KKTC parlamentinin rəsmi görüşmə salonunda keçirildiyi üçün cənab Mirzəzadədən Türkiyə bayrağı altında oturmağı tələb edən tərəf haqlı sayıla bilməz. Bu tələbi heç çayxanada da irəli sürmək olmaz. Belə bir durumun ortaya çıxması heç də o demək deyil ki, Mirzəzadə Türkiyə və KKTC-yə sayğısızlıq etmək istədiyi üçün bu cür davranıb. Əsla! Mirzəzadə, sadəcə öz dövlətinə sadiq və sayğılı olduğu üçün bu addımı atıb və bir daha biz onu alqışlayırıq.

Yola saldığımız 20 yanvar həftəsində bir də bəzi siyasi kəsimlərin hətta bu faciə günündən siyasi amac üçün istifadə etdiyinə şahid olduq. Şəhidlər Xiyabanını ziyarət edən insanların önündə öz siyasi öndərlərini də göstərən bir neçə şəkil çəkib bu izdihamın özlərinə aid olduğunu iddia etdilər. Halbuki mənim də içində olduğum həmin izdihamın adı çəkilən siyasi təşkilata heç dəxli yox idi. Yumşaq desək, heç yerinə düşmədi təbliğatınız, bəylər...