Bir iftar yeməyi xeyriyyə tədbirinə çevrildi

bir-iftar-yemeyi-xeyriyye-tedbirine-cevrildi
Oxunma sayı: 967


"Qafqazinfo" həmin yazını təqdim edir:

"Bir  neçə gün öncə qardaş Türkiyədən gəlib Azərbaycanda müxtəlif sahələrə yatırım qoymuş iş adamlarının birliyi olan TÜSİAB başqanı, dəyərli qardaşımız Murad  Bakırdan iftar yeməyinə dəvət  təklifi aldım. Məmnuniyyətlə qəbul etdiyim bu iftar süfrəsinə getməzdən az öncə çox ağır durumda olan bir ana ilə görüşmüşdüm. Dövlət tərəfindən həyətyanı torpaq sahəsi ilə təmin olunsa da, özünə kiçik bir otaq belə tikmək imkanına malik deyildi o ana. Düşünürdüm ki, bəzi dostlara da söyləyim və 10-15  dost, hər birimiz  bu müqəddəs Ramazan ayında bir az dəstək olsaq, bu çarəsiz ana özünə heç olmasa, balaca bir otaq tikib balaları ilə birlikdə yaşayar... Murad bəylə iftar yeməyi barədə söhbət edəndə həmin qadının durumunu danışdım və ona təklifimi söylədim. Müəllifi olduğum kitab və albomlardan 600 ədədini TÜSİAB-a hədiyyə etmək istədiyimi dedim və bildirdim ki, TÜSİAB üzvləri özlərinin  iftar yeməyi tədbirinə gələn qonaqlar üçün onların satışını təşkil edə bilər və əldə edilən gəlir həmin ailəyə bağışlanar. Sağ olsun, Murad bəy təklifi məmuniyyətlə qəbul etdi və bildirdi ki, əslində bir ailəyə dəstək ola bilmək bu iftar yeməyi proqramına xüsusi bir anlam verər – anlama anlam qatar. İftar yeməyi proqramında isə həm Murad bəy, həm də mən çıxış edərək, iştirakçılara bu iftar yeməyi proqramında bir ailənin üzləşdiyi ciddi problem həll edə biləcəyimizi və bunun Ramazan ayında gözəl bir addım olacağını söylədik və bildirdik ki, qonaqların aldığı  kitab və albomlardan əldə olunan vəsait çarəsiz durumda qalmış bir anaya, bir ailəyə böyük kömək olacaq. 

Sağ olsunlar, istəyimiz gerçəkləşdi və artıq nəticə olaraq deyə bilərəm ki, iftar yeməyi proqramının sonunda keçirilən bu aksiya zamanı qonaqların aldığı kitab və albomlardan əldə olunan gəlir çarəsiz bir ananın bir otaq tikib balaları ilə birlikdə orada yaşamasına böyük dəstək olacaq. Bu təklifimizi qəbul edib, aksiyanı təşkil edən TÜSİAB-a təşəkkür edirəm. Həm gözəl iftar yeməyi proqramı, həm də onun iftar yeməyinə, Ramazan kəramətinə, milli və dini dəyərlərimizin fitrətinə yaraşan bir şəkildə xeyriyyə işinə xidmət etməsinə görə minnətdarlığımı bildirirəm.

Əslində biz (təbii ki, söhbət orta imkanlı, imkanlı insanlardan gedir, yoxsullardan deyil) böyük iftar  yeməyi  proqramlarını həm də bir xeyriyyə aksiyasına çevirə bilsək, görün, ətrafımızda olan, tanıdığımız, eşitdiyimiz? əslində, nə qədər çarəsiz, çətin durumda olan insanlara, xəstələrə kömək edə bilərik.

Sizcə, Ramazan ayı elə bizdən bunu gözləmirmi? Ramazan yardımlaşma, paylaşma ayıdır, sadəcə oruc tutma ayı deyil – Gərək bunun fərqinə varaq…"