“Bir-iki nəfərin haqqını müdafiə etmək ədalətsizlikdir”

bir-iki-neferin-haqqini-mudafie-etmek-edaletsizlikdir
Oxunma sayı: 673



“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov parlamentin bugünkü iclasında deyib. Onun sözlərinə görə, ermənipərəst deputatların həm Avropa Şurası, həm də Avropa Parlamentindəki fəaliyyətləri həmişə olub və yenə də olacaq: “Çünki həm Avropa Şurasında, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri müxtəlif bəhanələrlə Dağlıq Qarabağla bağlı Böyük Britaniyadan olan məruzəçi ilə işləməyəcəklərini bəyan ediblər. Bu bəyanat Avropa Parlamentini çıxılmaz vəziyyətə salıb. Çünki Avropa Parlamenti məruzəçini özü təyin etdiyindən, erməni deputatların onunla işləməyəcəyini deməsi ermənilərin necə işğalçı ölkə olmasını bir daha sübut edir”.

S. Seyidov onu da qeyd edib ki, bu gün Avropa Parlamentində təmsil olunan nümayəndələrin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir: “Çünki onlar Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə gücləndiyinin şahidi olublar. Prezident İlham Əliyevin xarici siyasəti dünyada qəbul olunan və məntiqlidir. Ermənipərəst deputatlar insan hüquqlarının pozulması ilə bağlı məsələlərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Təbii ki, bu da alınmayacaq. Çünki insan haqlarından danışanlar obyektiv olmalıdır.

Bu gün Avropa Şurasının tərkibinə daxil olan ölkələrdə insan haqlarının necə pozulduğunun şahidi oluruq. İnsan haqlarının pozulmasından danışan ölkələr niyə Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından didərgin düşən 1 milyondan çox məcburi köçkün və qaçqınlar haqqında deyil, məhz bir-iki nəfər haqqında danışırlar? Bir-iki nəfərin haqlarını müdafiə etmək ədalətsizlikdir. Digər tərəfdən isə insan haqlarının pozulmasını hansısa ölkəyə təsir aləti kimi istiadə etmək qəti qadağandır. Hər kəsə məlumdur ki, həmin çıxışçılar erməni lobbisini təsiri altında ölkəmizə qarşı təzyiq göstərir. Beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli çıxış etmələrinə baxmayaraq, Azərbaycanın uğurlu xarici siyasəti bu kimi haqsızlıqların qarşısını almağa qadirdir”- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Günel