Bir kiloqram ət üçün dəyərmi?

bir-kiloqram-et-ucun-deyermi
Oxunma sayı: 7491

Nərmin Dadaşova

Türk yeşilcam filmlərinin olmazsa olmazı “kasıb amma qürurlu” obrazlarını xatırlamamış olmazsınız. Filmlərdə birmənalı şəkildə kasıb təbəqə çətinliklə güzəranını keçirən ancaq buna baxmayaraq, çox xoşbəxt olan çoxuşaqlı ailələr, qarşı tərəfdə isə vəzifəli varlı ailələrin harınlamış, ailəsinə bədbəxtlik gətirən evin tək oğul övladından bəhs olunurdu. Gün o gün olurdu ki, bu kasıb insanlar varlanır, varlılar isə müflisləşirdilər və ədalətsizcəsinə sonradan varlanımş kasıblar yenə şad xürrəm yaşayırdılar. Amma o binəva varlının tək balası xoşbəxt ola bilmirdi ki, bilmirdi.

Ümumiyyətlə həmişə cəmiyyətdə imkanlı təbəqəyə qarşı qəribə aqressiya mövcud olub. Edə bilmədiyimiz, bacarmadığımız hər işdə onları günahkar bilmişik. İlahi ədalət deyib hayqırmışıq. Günah və günahkar axtarışında olmuşuq. Və biz həmişə özümüzü o yeşilcam filmlərindəki kasıb amma qürurlu tərəf hiss etmişik. Heç bir məmur övladının uğuruna sevinməmişik, inanmamışıq. Yalnız bizim uşaqlarımızın qalib olduğu olimpiadaları, yarışmaları obyektiv hesab etmişik, vəssalam. İmkanlı ailənin övladının dostlarına, dotluqlarına səmimi yanaşmamışıq, adını “yaltaqlıq” qoymuşuq. Və məncə elə buna görə də Tanrı o möhtəşəm ədalətini bizə göstərməyib. Çünki biz özümüz ədalətsiz davranmışıq.

İnsan arzularıyla bərabər böyüyən varlıqdır. Həmişə hər şeyin çoxunu istəmək, həmişə nədənsə narazı qalmaq, bizə müvəqqəti verilən 3-5 illik ömrü çabaladıqca-çabalamaq... ev tikmək, təmir etmək, sonra o evi bir az da böyütmək- qarışqa kimi boyumuzdan böyük yüklərin altına girmək- hamımızın oxşar taleyimiz deyilmi? Bəs sonra? Geridə qoyduğumuz illərdən qazancımız nə olur? Yediyimiz bir kiloqram mal əti, başımızın üstündəki dam, ən yaxşı halda ayağımızı yerdən götürsün deyib aldığımız dəmir parçası. Və bunun üçün xərclədiyimiz enerjimiz, illərimiz, gəncliyimiz... Dəyərmi? Yaşamaqçün ev, sürməkçün maşın, yeməkçün bir tikə ətə bu qədər enerji sərf etməliyikmi? Bəlkə, elə bizim bütün bunları almaqçün illərini yox, on beş dəqiqə vaxtını sərf edən insanlara aqressiyamız bundan irəli gəlir?

Bundan sonrakı ay yay fəslini gətirəcək. Dincəlmək üçün plan qurmusanmı, əziz oxucu? Yoxsa yenə gələn yaya saxlamısan? İki aylıq əmək haqqını birikdirib on gün istirahət edə biləcək qədər cəsarətin varmı? Mən bilirəm, yediyin hər tikəni çeynəyəndə ağzınla bərabər beynində çalışacaq. On gündən sonrakı iki ayın haqq-hesabı gözündən tökəcək sənin üç ulduzlu otelin hovuzunda çəkdirdiyin şəkli. Ancaq bir şey də var. O şəklə görə dəyər. Məhz o şəkil bizim rejissorumuz olan Tanrının bizə rəva bildiyi o “kasıb amma qürurlu” rolunun öhdəsindən laiqincə gəldiyimizin sübutudur.

Mən indi uşaqlarıma yaxşı təlim- tərbiyə verə biləcək bağça hayındayam. Bir-iki ilə yaxşı məktəbdə oxuda bilmək üçün çabalamağa başlayacam. Sonra ali təhsil, sonra ev, maşın... Həmişə hər şeyin ən yaxşısını etmək istəyəcəm onlar üçün.

Doğrudur, mən həmişə istəyəcəm...