Bir neçə vəzifəli məmur rüşvət üstündə ifşa edildi

bir-nece-vezifeli-memur-rusvet-ustunde-ifsa-edildi
Oxunma sayı: 647

Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan birgə məlumatda deyilir ki, Vergilər Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Kərimov Sultan Elxan oğlu və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyev Aydın Süleyman oğlu «Neftçi» mənzil-tikinti kooperativinin vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300.0 min manat məbləğində rüşvət istəmiş, 29 yanvar 2013-cü il tarixdə həmin kooperativin icraçı direktoru Azər Səfərli və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250.0 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölmüşlər.S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115.0 min və 125.0 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.