Bir şəklin verdiyi dözülməz ağrı

bir-seklin-verdiyi-dozulmez-agri
Oxunma sayı: 3758

Qan Turalı 

Fotoqraf dostum Ramil Zeynalovun çəkdiyi bu fotoya baxıram. Baxdıqca da içimdən hisslər qasırğası əsib keçir. Təəssüfdürmü içimdəki? Mərhəmətdirmi? Nifrətdirmi? Nədir axı...

Ad qoya bilmədiyin hisslər ürəyi lap çox ağrıdır.

Tanrıya açılmış bapbalaca əllər... Sifətindəki o möhtəşəm hüzur...Ağzındakı yaşıl əmzik və başındakı qara örpək.

Və bu elə də sadə bir məsələ deyil.

Gəlin, əvvəldən bir şərt kəsək.

Şiəlik bizim xalqın dinidir. Dünyadakı ilk şiə dövlətini məhz bizim xalq qurub. Bu Aşura mərasimini də ləğv etmək mümkünsüzdür. Doğrudur, klassiklərimiz yüz il əvvəl də bu şəkilləri tənqid ediblər. Deyiblər ki, maariflənin, elm oxuyun, qarüguruh olmayın, maarifin nuru ilə işıqlanın.

Gələn il Azərbaycanda Demokratik Respublikasının yüz illiyini qeyd edəcəyik. Yüz il əvvəl də cümhuriyyəti quran o insanlar bu cür şəkillər olmasın deyə çarpışdılar. Bir şəriət dövləti qurmadılar, modern bir cümhuriyyəti inşa etdilər. Xalq kimi biz seçimimiz etmişik.

Çoxları bu fotonu gələcəyimizin fotosu hesab edir. Valideynlər qorxuya düşür.

Mən optimistəm. Mən xalqımıza da inanıram, inanıram ki, heç bir xarici qüvvə bizi şəriət və cəhalət bataqlığına çəkə, Azərbaycanı Suriyaya çevirə bilməz.
Amma bu deməklə də olmur. Biz maksimum çox çalışmalıyıq. Ziyalılar, müəllimlər, yazıçılar, alimlər...Hər birimiz!

Bu ölkədə maarifi yaymalıyıq, kitabı yaymalıyıq, sənəti yaymalıyıq. Adətən bu insanları biz kənara qoyuruq, onlara yuxarıdan aşağı baxırıq, lakin düşünmürük ki, bəlkə hamıdan də onların qayğıya ehtiyacı var. 

Mirzə Cəlil qapı-qapı düşüb qız uşaqlarını toplayıb məktəbə gətirirdi. Mənə elə gəlir ki, onun bu entuziazmına indi də çox ehtiyacımız var. Biz ziyalı missiyasına rəyasət qazanmaq yeri kimi baxdıqca bu fotolar da ortaya çıxacaq. Bu fotolar ortaya ona görə çıxır ki, biz öz missiyamımızı yerinə yetirmirik.
Və mənə elə gəlir ki, hər kəs öz boynuna düşəni etsə hər şey də çox gözəl olar.