“Bir ürəkdə iki can: Türkiyə - Azərbaycan”

bir-urekde-iki-can-turkiye-azerbaycan
Oxunma sayı: 724

“Qafqazinfo”nun məlumatına görə, “Bir ürəkdə iki can: Türkiyə - Azərbaycan” şüarı ilə toplanan konfransda Azərbaycan və Türkiyənin millət vəkilli, tanınmış siyasətçilər, elm adamları, siyasi analitiklər, tələbələr, media mənsubları və digər təbəqələrin insanları iştirak edib.

Tədbir hər iki ölkənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyə-Azərbaycanın dövlət himnlərinin ifası ilə başlayıb.

Tədbiri giriş sözü ilə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin başqanı, “Ekoavrasiya” dərgəsinin baş redaktoru Hikmet Eren açaraq, Azərbaycanın iyirmi ildə əldə etdiyi uğurlardan danışıb.

AKP millət vəkili Feramez Üstün Azərbaycanın müstəqilliyinin 20-ci il dönümü qeyd edilməsindən çox xoşbəxt olduğunu söyləyərək, hələ 1990-ci il 20 yanvar hadisələri zaman Univesitetdə tələbə olarkən rus əsgərlərinin törətdiyi faciəyə qarşı etiraz aksiyaları keçirdiklərini xatırladıb.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın “Azərbaycan Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcək və biz birlikdə torpaqlarımızı işğaldan azad edəcəyik. İnşallah, Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümünü biz birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda keçirərik”, - sözləri salonda alqışlarla qarşılanıb.

Azərbaycan Milli Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunu rəhbəri, professor Nizami Cəfərov da Türkiyə və Azərbaycan arasında sosial-iqtisadi, mədəni və siyasi əlaqələrinin güclənərək davam etdiyini söyləyib.

Sonda hər iki ölkənin mədəni-ictimai əlaqələrinin inkişafında xidmətlərinə görə, Türkiyə millət vəkilləri, ziyalıları Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi “Bəxtiyar Vahabzadə” Ödülünə; Azərbaycanlı millət vəkilləri Qənirə Paşayev və Nizami Cəfərov isə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin Türk dünyasına Xidmət ödülünə layiq görülüblər.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Bölmələrdə Azərbaycan və Türkiyədən olan elm adamları, QHT rəhbərləri məruzələrlə çıxış ediblər.
Ayın 3-də isə Dünya Gənc Türk Yazarlar Birliyi və Əziziyyə Bələdiyyəsi tərəfindən düzənlənən Ərzurumda Azərbaycan şairlər və ozanlar gecəsi böyük uğurla baş tutub.