“Bir yerə dörd namizəd düşür”

bir-yere-dord-namized-dusur
Oxunma sayı: 652

"Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 330 bələdiyyə üzrə 464 yerə 1550-dən artıq namizəd var. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Bu, seçicilərə gözəl seçim imkanı verir", - cümə axşamı Trend-ə müsahibəsində MSK sədri Məzahir Pənahov bildirib.

Pənahov hesab edir ki, sadalanan rəqəmlər seçkilərə olan marağın ən yaxşı göstəricisidir. MSK sədri qeyd edib ki, seçkiləri izləmək üçün 3500-dək müşahidəçi qeydiyyatdan keçib. "Nəzərə alsaq ki, 1200-dək məntəqədə səsvermə keçiriləcək, artıq hər məntəqəyə üç nəfər müşahidəçi qeydiyyata alınıb və bu proses hələ davam edəcək", - o deyib.

Seçkilərə 5 gün qalana qədər müşahidəçilər dairələrə müraciət edə bilərlər. Pənahov qeyd edib ki, bu günədək müşahidəçiliklə bağlı bütün müraciətlər müsbət cavablandırılıb.

MSK sədri həmçinin bildirib ki, beynəlxalq müşahidəçilər bu günədək MSK-ya müraciət etməyiblər. "Təkrar və əlavə seçkilər olduğundan, beynəlxalq qurumların nümayəndələri, ola bilsin, maraq göstərməsinlər. Lakin maraq göstərilərsə, məmnuniyyətlə lazımi şəraiti yaradacağıq", - o deyib.

Pənahov onu da bildirib ki, yaxın vaxtlarda seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başlayacaq. Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər noyabrın 30-da keçiriləcək.