İran: Britaniya səfirliyi qarşısından - Reportaj

iran-britaniya-sefirliyi-qarsisindan-reportaj-
Oxunma sayı: 1872

İrana səfərdə məqsəd

Bəzən mühüm saydığın məqsədlər üçün edilən səfərdə baş vermiş gözlənilməz növbədənkənar hadisə öz aktuallığı ilə səfər proqramının öncülünə çevrilə bilir. 28 noyabr 2011-ci il tarixdə Tehrana uçuşum İran İslam Respublikasına müstəqil tədqiqatla bağlı ikinci səfərim idi. İlin əvvəlində, fevralda İran-Azərbaycan problemləri, oradakı ictimai-siyasi vəziyyət və İrandakı güney azəri türkləri olan soydaşlarımızın təməl hüquqlarının durumu barədə bu ölkəyə etdiyim təhqiqat səfərim müəyyən səbəblərdən yarımçıq dayandırılmışdı. Başa çatdırmalı idim.

Üstəlik, səfər ərəfəsi 19.11.2011-də, Bakıda tanınmış yazar-publisist Rafiq Tağının qətli baş verdi. Naməlum şəxs tərəfindən kimsəsiz küçədə çoxlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətlin sifariş və təşkili barədə nəzərlər dərhal İrana yönəldi. Şübhələrə əsas yaradan səbəb yetərli qədərdir: İslam dininə qarşı sərt tənqidi məqalələrinə görə yazıçıya 2006-da İran ali ruhaniləri ölüm fətvası çıxarmışdılar; İran ayətullahı yazarın ölümündən sonra dünya müsəlmanlarına təbrik bəyanatı yaymışdı; publisistin son məqaləsi də http://kultaz.com/2011/11/11/ məhz İran hakimiyyət rejiminin sərt tənqidi ilə bağlı olmuşdu. Düşündüm ki, fürsət düşmüşkən, səfərim zamanı ictimaiyyəti maraqlandıran həmin qətlin İran versiyasına da aydınlıq gətirməyə çalışım.

Tehran. Dahi Firdovsidən başlanan olay.

29 noyabr 2011-də axşam saat 19 radələrində yerləşdiyim, Tehranın «Dorsa» otelindən 100 metr aralıdakı dahi Firdovsi meydanına getdim. Orada tanışlarımla görüşməli idim. Hava qaralırdı. Meydana çatanda onun kənarında dəbilqəli, xüsusi geyimli polis qüvvələri düzülmüşdü. Əllərində rezin dəyənək, bəzilərində isə, silah var idi. Dərhal düşündüm ki, meydanda nümayiş ola bilər və müşahidə aparıb səfər proqramımdakı ictimai-siyasi araşdırmamı dolğunlaşdıraram. Yerli tanışlarım gəldi, soruşdum nə məsələdir, dedilər, meydandan aşağıda Firdovsi küçəsində Britaniya səfirliyi qarşısında qarışıqlıq var. Dərhal üzr istəyib, ayrılıb oraya yollandım.

Haradasa, 400 metr getmiş, küçə boyu təcili yardım, yanğınsöndürən və polis maşınları və yenə, çoxlu dəbilqəli polis piyada və motoskiletçilərin düzüldüyünü gördüm. Küçə bağlanmışdı, polislər maşınları irəli buraxmır və yan küçələrə istiqamətləndirirdilər. Daha irəlidə, göy rəngli dəmir darvazanın qabağında səs-küylü, qarışıq hərəkətli insan kütləsi görünürdü.

Britaniya səfirliyi mühasirədə


Yaxınlaşanda gördüm ki, bağlı darvazanın birləşdiyi daş sütun və hasarların üstündə 20-25 nəfər əllərində bir İran Respublikası bayrağı və çoxlu fars hərfləri yazılmış qara rəngli bayraqları yelləyir və «İngilis», «İran» və nəsə, farsca başqa sözlər, şüarlar qışqırırdılar. Anladım ki, bura Britaniya səfirliyinə giriş qapısıdır.

Giriş darvazanın önündə dəbilqəli polis sırası düzülmüş və sakitcə dayanmışdı. Onların önündəki küçə sahəsində polis qüvvələri komandirləri, yüksək rütbəli zabitlər və mülki geyimli səlahiyyətli təhlükəsizlik agentləri var-gəl edirdilər. Həmin yüksək səlahiyyətlilər sahəsini sıravi polis nəfərləri ətraf kütlədən ayırırdı. Özünə arxayın addımlarla həmin sahəyə keçdim. Polis nəfərləri məni oraya rahat buraxdılar. Görünür, geyimim və görünüşümdən məni də öz səlahiyyətlilərindən hesab etmişdilər.

Giriş darvazası ilə üzbəüz, küçənin qarşı tərəfində, təmir işləri aparılan yarımçıq tikintinin ətrafı və üzərində isə, xeyli mitinqçi-etirazçılar vardı. Onlar da üzlərini darvazaya-səfirliyə tərəf tutub şüarlar qışqırırdılar və qabaqlarında da dəbilqəli xüsusi təyinatlı polislər düzülmüşdü. Ümumən, polis və təhlükəsizlik qüvvələri mitinqçilərdən xeyli qədər çoxluq təşkil edirdi.

Səfirlik qarşısında küçədə çoxlu kağız parçaları, vərəqlər səpələnməsi diqqət çəkirdi. Düşündüm ki, bəlkə mitinqçilərin yaydığı şüar-listovkalarıdır. Ancaq diqqət yetirəndə görünürdü ki, müxtəlif ölçü və rəngdədirlər və mühasibat və rəsmi sənədləri xatırladırlar. Sonradan mənə məlum oldu ki, öncə darvazalar açılıbmış, mitinqçilər içəri səfirliyə soxulub, oranı talan edib, rəsmi sənədləri bayıra töküb, küçələrə səpələyiblərmiş. Sonradan basqınçıları içəridən çevik polis qüvvələri zorla çıxarıb, darvazanı bağlayıblar. Ancaq nədənsə, çoxlu basqınçını səfirlik içərisindən qovub çıxaran hökumət qüvvələri başlarının üstündə, darvaza divarına dırmaşmış 20-25 nəfər mitinqçini qovmurdu, sakitcə seyr edirdi.

Qəribə situasiya. Qurulmuş səhnə

Ortada qəribə bir situasiya vardı. Elə bil ki, axşam film çəkilişi meydançasında idim. İran kimi sərt rejimli dövlətin paytaxtında Böyük Britaniya kimi ciddi bir ölkənin səfirliyinə hücum edilmişdi. Ancaq polislə basqınçılar arasında heç bir gərginlik hiss olunmurdu. Darvaza qarşısındakı meydançada təhlükəsizlik səlahiyyətlilərinin lap yanında dayanıb, onların davranışını seyr etdim. Çox sakit və arxayın idilər, rahatca gülüb-danışırdılar. Elə bil ki, səfirliyə basqın kimi ciddi və rüsvayçı bir hadisənin məsuliyyətini daşımırdılar. Hərdən bir də, ciddi işgüzar görkəm alıb, kiçik rütbəli polis zabitlərinə göstərişlər verirdilər.

Darvaza üstündə və onunla üzbəüz, küçənin qarşı tərəfindəki gənc mitinqçilər isə həvəssiz görünürdülər. Hərdən mübariz görkəm alıb var gücləri ilə qışqırır və dərhal sonra bir-birini dümsükləyib, zarafatlaşıb gülürdülər. Ən maraqlısı o idi ki, həmin tələbə görünüşlü və geyimli gənc toplumu əynində əba, başında əmmamə arıqtəhər, cəld hərəkətli, sərbəst, arxayın və yüksək dini ranqlı görünən Üləma idarə edirdi. Hərdən də, həmin üləma-rəhbər mitinqçilərdən aralanıb polislərin arasından keçib «bizim» meydançaya daxil olur, hüquq-mühafizə səlahiyyətliləri ilə nəyi isə ciddi müzakirə edib yenidən əks tərəfdəki mitinqçilərə tərəf qayıdırdı.

Görünür ki, üləma təhlükəsizlik rəhbərlərinə yaxınlaşmaqla, nə isə tələb irəli sürürdü. Nəhayət deyəsən, üləmanın inadlı tələbi qəbul edildi, razılaşma əldə olundu. Əks tərəfdə mitinqçilərin qarşısındakı polislər çəkildi, həmin gənclər səfirlik girişinə doğru axışdılar və səki ilə küçəni ayıran dəmir-beton qurğunun üstünə çıxdılar. Əllərindəki qara bayraqları yelləməklə, darvaza üstündəki mitinqçilərlə ağız-ağıza verib xorla qışqırmağa başladılar. Görünür, bu akt da, görüntü ssenarisnin tərkib hissəsi imiş.

Bütün bu səhnəni kiminsə çəkiliş aparması qəti qadağan idi. Yalnız bir nəfərin xüsusi forma geyinmiş şəxsin daim yanan flyaş-işıqla tele çəkiliş aparmasına icazə verilmişdi. Onun da yanında iki köməkçisi vardı. Hiss olunurdu ki, xüsusi xidmət orqanının əməkdaşı idi, çünki arxasındakı koburadan tapançasının bir hissəsi görünürdü. Mən isə, mobil telefonumla bir neçə şəkil çəkə bildim, onu da, çox gizli və çətinliklə.

Səhnənin qeyri-dramatik finalı

Artıq, saat 21 radələri idi. Deyəsən, mənim özününkülərdən olmadığımı hiss etmişdilər. Mülki geyimli bir nəfər mənə yaxınlaşıb farsca nəsə dedi. Dediyindən «əməliyyat» sözünü başa düşdüm. Görəndə ki, farsca bilmirəm, aralandı. Dərhal iki nəfər mülki geyimli yaxınlaşıb məni sorğu-suala tutdular. Birisi, Azərbaycan türkü çıxdı və türkcə danışdıq. Pasportuma baxdılar, Azərbaycandan, Bakıdan olduğumu bilib, yuxarıya məlumat verdilər, məsləhətləşib, azad buraxdılar. Təkid etdilər ki, oradan uzaqlaşım, çünki bu saat əməliyyat başlayacaq. Uzaqlaşdım.

Bayaqdan Firdovsi meydanı və digər aralı yerlərdə durub gözləyən polis bölmələri səfirliyə tərəf axışdılar. Birdən hücum görüntüsü yaradıb, mitinqçilərin üzərinə cumdular. Mitinqçilər də əvvəlcədən bilirmişlər kimi, qışqırıb qaçmağa başladılar. Polis də onların dalıyca ehmallıca qaçırdı. Səfirlik qabağı tam boşaldı, darvaza üstündəki mitqinqçilər də aşağı düşdülər. Mitinq rəhbərləri, xüsusilə də, həmin rəhbər üləma təhlükəsizlik qüvvələri ilə səmimi görüşüb çıxıb getdilər. Deyəsən, gördükləri işdən, apardıqları əməliyyatdan razı qalmışdılar...

Bundan sonra, piyada və motosiklli xüsusi geyimli polis qüvvələri tapşırıq alıbmış kimi, səs-küylə ətrafdakı səkilərə hücum etdilər. Yoldan keçən, işdən qayıdan, tamamilə aidiyyətsiz və günahsız insanların üzərinə şığıdılar. Yol bağlı olduğu üçün kiçik motosikllə səki ilə o tərəfə keçmək istəyən iki günahsız cavanı saxlayıb, gözümün qabağında ölüncə döyüb, qanlarına qəltan edib, xəstəxanaya apardılar. Guya, səfirliyə basqın edənləri yaxalayıblar. Özü də, gecə saat 10-a yaxın, mitinqdən sonra və motoskiletin üstündə?! Absurd! Sonra da İran xəbər agentlikləri hökumət qüvvələrinin nümayişi dağıdarkən, müqavimət göstərən iki nəfər «basqınçı»nın xəsarət alıb reanimasiyaya düşdüyünü bəyan etdilər.

Siyasi biabırçılıq

Artıq səfirlik qarşısında yalnız təhlükəsizlik qüvvələri qalmışdı. Aralıda durub sakitcə müşahidə edirdim. Böyür-başımda bəziləri dolanırdı, hiss edirdim ki, izlənirəm...

Çox narahat, hirsli və qıcıqlıdır İran hakimiyyəti. Sanki, hər yerdən, hər şeydən və hər kəsdən təhlükə gözləyirlər. Bilirlər ki, bu illərdə öz ifrat dini eksperimental ideologiyalarına qapılıb hamı ilə, hər tərəflə münasibətləri korlayıblar. Qurduqları sistemin iflasından, ideoloji hədəflərinə çata bilmədiklərindən və üstəlik, günü-gündən ətraflarındakı beynəlxalq təcrid halqasının daralması səbəbindən böyük sıxıntı və stressdədirlər. «Ərəb baharı» və xüsusilə, Suriyadakı vəziyyət bərk təsir edir onlara. Artıq hökumət rəhbərləri və dini liderlər, ayətullahlar arasında belə, fikir ayrılıqları, açıq və gizli rəqabət, mübahisələr baş qaldırır. Çaşqınlıq içərisindədirlər, başlarını itiriblər və bunu artıq iranlı sıravi insanlar da hiss edir...

Gördülər ki, sakit durub baxıram, sakitləşdilər. Bir nəfər mülki idmançı geyimli cavan mənə yaxınlaşıb, polis olduğunu bildirib, mədəni surətdə, gülümsəyərək, ingiliscə danışdı. Əlinin şəhadət barmağı ilə aralıda toplaşmış bir neçə nəfər arasında birisini göstərdi. Dedi, o rəisimi görürsüz? Dedim, bəli, görürəm. Dedi, rəisimiz çox istəyir ki, siz buradan çıxıb gedəsiniz. Dedim ki, problem yoxdur, mane oluramsa, gedərəm. Oradan aralanıb otelə qayıtdım. Onsuz da, hər şey aydın idi və artıq, müşahidəyə ehtiyac da qalmamışdı.

Oteldə internetə daxil olub gördüm ki, bütün dünyanın xəbər saytları Tehrandakı hadisəni narahatlıqla şərh edir. Sən demə, məndən öncə Britaniya səfirliyinə əməlli başlı basqı olubmuş və mən hadisənin ən qaynar vaxtını yox, yalnız basqından sonrakı durumu müşahidə etmişəm. Bir qədər heyfsiləndim. Sonra düşündüm ki, xeyr, prosesin elə, ən vacib məqamının şahidi olmuşam. Elə bir nadir məqamın ki, orada «basqınçılar»la təhlükəsizlik orqanlarının xoş təmas və razılaşmaları, proseslərin öncədən qurulmuş ssenari üzrə aparılması və bütün bunların İran dövlət hakimiyyəti tərəfindən qurulmuş planlı bir oyun olması aydın olur.

Mən, əlbəttə arzu etməzdim ki, üçüncü dövlətin müstəqil vətəndaşı-tədqiqatçısı olaraq, tamamilə başqa bir məqsəd üçün etdiyim səfər zamanı, Britaniya və İran dövlətləri arasındakı ciddi mübahisəyə müdaxilə etməli olum. Yaxşı dərk edirəm ki, bu yazı İrana növbəti səfərimi əngəlləyə bilər. Ancaq, bütün sivil, demokratik dünyanın heyrət və nifrətinə səbəb olan, həm də dövlət səviyyəsində təşkil olunan çirkin və primitiv bir oyunun şahidi olub, buna reaksiya verməmək də olmur.

İlqar Altay
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Bakı -Tehran - Qum - Bakı
28 noyabr - 02 dekabr 2011.