İran dünyaya meydan oxudu

iran-dunyaya-meydan-oxudu
Oxunma sayı: 821

Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (MAQATE) Iranın nüvə proqramıyla bağlı açıqladığı son hesabat ətrafında gərginlik və qarşılıqlı ittihamlar intensivləşib. Israil Irana qarşı hərbi müdaxilə variantının reallaşmasına israr etsə də Fransa və Almaniya kimi Qərb ölkələri, BMT TŞ-nin daimi üzvləri Çin və Rusiya yaranmış gərginliyin hərbi yolla həllinə qarşı çıxırlar.


Rusiya və Çin Qərbə qarşı


Həmin ölkələr problemin diplomatik yolla çözülməsini və Tehran rejiminə yönəlik sərt sanksiyaların qəbulunu məqsədəuyğun sayırlar. Çin rəsmiləri bildirirlər ki, sanksiyalar Iranın nüvə proqramı ətrafında dolaşan beynəlxalq narahatlıqları “fundamental” şəkildə aradan qaldırmayacaq. Britaniya, Fransa və Almaniya bildiriblər ki, əgər Iran BMT müfəttişləri ilə əməkdaşlıq etməsə, onda BMT sanksiyaları ilə üzləşə bilər.


Xirosima fəlakəti təkrarlana bilər


BMT-nin nüvə silahları üzrə keçmiş müfəttişi, hazırda Vaşinqtondakı beyin mərkəzinin - Elm və Beynəlxalq Təhlükəsizlik Institutunun başçısı David Olbrayt “The Daily Telegraph” qəzetinə açıqlamasında bildirib ki, Iran təxminən 4 kiloton gücündə atom bombası yaratmağı planlaşdırıb. Yaponiyanın Xirosima şəhərinə atılan bomba 12-18 kiloton idi. Bu bomba 130 min adamın həyatına son qoydu.
Olbrayt sovet aliminin köməyi ilə Iranın yaratdığı “R265” detonatorunun diametri və Pakistanın atom bombasını yaradan Aq Xandan alınan bomba dizaynına əsasən Iranın yerdən onlarla metr hündürlükdə partlaya bilən xırda ölçülü nüvə başlığı düzəltmək istədiyini vurğulayıb. Mütəxəssis belə bir nüvə başlığının Pakistanda 1999-cu ildə sınaqdan çıxarıldığını da xatırladıb.


Tehran MAQATE hesabatını ABŞ-ın sənədi adlandırdı


Rəsmi Tehran isə MAQATE-nin hesabatını qərəzli və ABŞ-ın diqtəsiylə hazırlanan sənəd adlandırıb. Iranın yüksək vəzifəliləri Tehranın nüvə silahına sahib olmadığını və dinc məqsədlər naminə atom bombası əldə etmək niyyətində olduğunu bəyan ediblər. Iranın MAQATE-dəki səfiri Əli Əsgər Sultaniyə qurumun yeni hesabatının həqiqətə uyğun olmadığını və siyasi motivlərlə hazırlandığını bəyan edib: “Bu hesabat ədalətli deyil. Yukiya Amanonun Vaşinqtona səfərindən dərhal sonra hazırlanan, Birləşmiş Ştatların siyasi təzyiqi altında və siyasi motivlərlə, qeyri-peşəkar şəkildə hazırlanmış bir hesabatdır”.
Iran mümkün hərbi müdaxiləylə bağlı iddialara cavab verib. Ölkənin ali dini lideri ayətullah Xameneyi bildirib ki, Iran istənilən hücuma və hətta hərbi əməliyyat təhlükəsinə bütün qüvvəsi ilə cavab verəcək: “Düşmənlər, xüsusən də ABŞ və onun müttəfiqləri və sionist rejim bilməlidir ki, Iranın hər hansı ölkəyə hücum etmək adəti yoxdur. Ancaq Islam Inqilabı Keşikçiləri və ordu istənilən təcavüz və ya təhlükəyə cavab olaraq güclü zərbələr endirəcək”.


İsrailin nüvə obyektləri Iranın hədəfində


İran Silahlı Qüvvələrinin Baş Qərargahından yayılan açıqlamada isə deyilir ki, Israil hücum edəcəyi təqdirdə Iran nüvə obyektləri sayəsində qarşı tərəfin əhəmiyyətli nüvə mərkəzini məhv etməyə hazırdır: “Dimondakı nüvə mərkəzi (Israil şəhəri) bizim məqsədimiz ola biləcək daha əlçatan obyektdir və biz hazırda bunun üçün daha effektiv məlumatlara sahibik. Israilin Irana qarşı ən kiçik fəaliyyətinə cavab olaraq onun məhvi barədə qərar qəbul edəcəyik.


Britaniyalı nazir həyəcan təbili çaldı


Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Iranın nüvə proqramı ilə bağlı beynəlxalq qarşıdurmanın təhlükəli mərhələyə çatdığını bəyan edib. Uilyam Heyqin bu açıqlaması Beynəlxalq Atom Enerjisi Agentliyinin Iranın nüvə fəaliyyətinin mahiyyəti barədə yaydığı hesabatdan bir gün sonraya təsadüf edir.
Uilyam Heyq deyib ki, Iranın nüvə proqramının hərbi xarakter daşıması beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Nazir Böyük Britaniyanın maliyyə və enerji sahələrində Irana qarşı sanksiyaları şiddətləndirmək qərarına gəldiyini vurğulayıb: “Bizdə olan məlumatlara görə, Iran nüvə silahının inkişafı ilə bağlı araşdırmalar apararaq sınaqlar keçirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatı Iranın nüvə fəaliyyətinin sülh xarakterli olması haqda iddiaları tamamilə etibardan salıb. Biz Iranın nüvə proqramı ilə bağlı qarşıdurmada artıq təhlükəli mərhələyə çatırıq. Böyük Britaniya 5+1 qrupuna üzv ölkələrdən biri olaraq Iranın nüvə proqramı ilə bağlı yaranan böhranın danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin bunu da bildiririk ki, Iranın nüvə təhlükəsinin aradan qaldırılması üçün masa üzərindəki variantlardan heç biri kənara qoyulmayacaq”.


Müharibənin nə zaman başlayacağı deyildi


İngiltərə Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri isə İsrailin İranın nüvə təsislərini yeni ilindən əvvəl, ya da yeni il başında vuracağını deyib. Rəsmilər öz bəyanatlarında kəşfiyyat orqanlarının məlumatlarına istinad ediblər.
Kəşfiyyat məlumatlarında bildirilir ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün sürətli hərəkət edəcək, bu ilin sonunda və ya gələn ilin əvvəlində hücuma keçəcək.
“Daily Mail” qəzetinin xəbərinə görə, İngilis hökuməti də İsrailin İrana qarşı yubanmadan hərəkətə keçmək fikrinde olduğunu ifadə edib. Xəbərə görə, İsrail İranın nüvə obyektlərini vuracağı halda ABŞ-dan “məntiqi dəstək” alacağına inanır.
Briyaniya kəşfiyyatı isə ABŞ prezidenti Barak Obamanın bu məsələdə “yol ayrıcında” qaldığını iddia edir: "Obama ya İsraili dəstəkləyəcək, ya da prezident seçkiləri öncəsi Amerika yəhudi icmasının dəstəyini itirməyi göz altına alcaq".

azadliq.info