İran girovların azad olunmasını təsdiqləmədi

iran-girovlarin-azad-olunmasini-tesdiqlemedi
Oxunma sayı: 650

SalamNews-un verdiyi xəbərə görə, şənbə günü axşam saatlarında FarsNews agentliyi girov götürülən iran vətəndaşlarının azad olunduğu barədə xəbər yaymışdı. Daha sonra agentlik İranın Dəməşqdəki səfirliyinə istinadən yaydığı xəbərin doğru olmadığını yazıb. Məlumata görə, Suriya ordusu iranlıları girov götürən qrupun izinə düşsə də onları azad edə bilməyib.

Xatırladaq ki, şənbə günü səhər saatlarında Suriya paytaxtı Dəməşqdə aeroporta gedərkən iranlı zəvvarları daşıyan avtobus naməlum silahlı qrup tərəfindən girov götürülüb. Avtobusda 48 İran vətəndaşı olduğu bildirilir.

İran XİN tərəfindən yayılan bəyanatda vətəndaşların azad olunması üçün lazım olan bütün tədbirlərin görüləcəyini bildirib. Bəyanatda bu məqsədlə Qətər və Türkiyə höküməti ilə də məsləhətləşmələrin aparıldığı qeyd olunur.

Bazar günü özlərini azad Suriya ordusunun briqadalarından biri kimi təqdim edən qrup girov götürülən iranlıların videosunu yayımlayıb. Qrup adından danışan şəxsin dediyinə görə, iranlılar arasında Sepahın zabitləri də var.