İran məmurlarının üzü və üzsüzlüyü

iran-memurlarinin-uzu-ve-uzsuzluyu
Oxunma sayı: 774

Bu mənada Azərbaycan Respublikasında yaşayan hər kəs, mən də aralarında olmaqla, İranın yalnız inkişafını, demokratiya və insan haqlarına sayğı mühitində çiçəklənməsini, öz xalqına başucalığı gətirən bir ölkə olmasını arzulayır.
Rəsmi dövlət mövqeyimiz də belədir, vətəndaşlarımızın mövqeyi də. Di gəl, Azərbaycanın Quzeyi dövlət müstəqilliyini bəyan edəndən sonra İranın yuxusu qaçıb; böyük bir Antiazərbaycan, antitürk təbliğat mexanizmi qurub və gecə-gündüz demədən əleyhimizə böhtan püskürməklə məşğuldur.
Həyasızlıq o yerə çatmışdır ki, ölkə ordusuna başçılıq eləyən adam, Baş Qərargah rəisi general Firuzabadi düşüb ortaya, gözünü yumub, ağzını açıb! Ağıl yox – nifrət, general yox – mollaların adyutantı danışır. Azərbaycan Respublikasını və onun rəsmilərini İslamın inkişafına mane olmaqda suçlayır və Azərbaycanı zülmətə çevirməklə hədələyir.
İranı tanımasaq və ordunun öz vətəndaşlarının başına açdığı müsibətlərdən xəbərsiz olsaq, belə generalların insanlıqdan nə qədər uzaq olduğunu bilməsək, bu bəyanata təəccüblənərdik. Amma indi təəccüblənmədim...
General Firuzabadinin qəzəb və nifrətinin səbəbləri göz önündədir. O səbəblərin ən əsası budur ki, mayaları batıb. Bəli, İran hər il çox böyük miqdarda sərmayə, pul itirir Azərbaycanda. Buna qəzəblənməsin, neynəsin? Elə düşünərsiniz, bu pullar Azərbaycana xoş niyyətlə yatırılır, gənc dövlətimizin inkişafına yardım niyyəti güdür. Qətiyyən! Hardadı bizdə o xoşbəxtlik?! Qonşu sarıdan heç əvvəldən yarımamışıq.
İranın, mollalarından tutmuş generallarına qədər, başda gedənlərini dəli eləyən sərmayə ayrıdır. Bu, İranın Azərbaycanda beyintəmizləmə, gəncləri yolundan çıxarıb missionerlərinə çevirmə işinə sərf etdiyi pullardır; neçə illərdir Azərbaycana məscid, “mədəniyyət” və din mərkəzləri yoluyla və bəzi din xadimlərinin əliylə sel kimi axıdılsa da, onların gözlədiyi nəticənin əldə edilməməsidir.
Saqqallıların, türbanlıların sayı nə qədər artsa da, Azərbaycan dövləti üçün təhlükəyə çevrilə bilən kritik həddə yaxınlaşmamışdır. Çünki onların dişi Azərbaycan Respublikasına batmaz. Bura heç vaxt cəhalətə uymayıb. Quzey Azərbaycan əhalisi özündən mədəniyyətcə qat-qat aşağı olan İran mollalarına inanmaz.
Azərbaycan gəncləri üçün dünyanın böyük universitetləri Qum hövzəsindən daha cazibədardır.
İslam Azərbaycan Respublikasının rəsmi dinidir və dövlət tərəfindən qorunur. Qılınc qında qorunan kimi qorunur, ancaq öz qınını kəsmir. Hətta sovet dövründə məscidlər dağıdılanda, dini kitablar yandırılıb, dindarlar Sibirə göndəriləndə, ateizm təbliğatı zirvədə olanda da mənim vətəndaşım öz din və inancından əl çəkməmişdir. Məscidləri evlərə, Allaha ibadəti öz ürəklərinə köçürmüşlər. Belə bir xalqa din, vicdan dərsi vermək olmaz.
Bu gün, şükür, din azaddır, nə qədər istəsən, məscid tikilir... Məncə, balaca Azərbaycanda heç bu qədər məscidə ehtiyac da yoxdur. Onun yerinə məktəb, xəstəxana və mədəniyyət ocaqlarının sayını artırmaq olardı. Amma siyasi təxribata, maddi maraqlara xidmət etmədən Allah sevgisi ilə tikilən məscidlərə də maneçilik yoxdur və olmamalıdır. Onsuz da Azərbaycan cavanları din adına gələn siyasi məqsədlərə aldanmazlar. Azərbaycan vətəndaşı imanlı insandır – ancaq bu imanın silaha çevrilərək öz xalqına tuşlanmasına imkan verməz. Azərbaycan gənci üçün Vətən hər şeydən irəlidir. Dindən uzaqlaşa, soyuya, hətta dinini dəyişə bilər, ancaq Vətəndən uzaqlaşmaz, Vətəndən soyumaz və Vətənini dəyişməz. Son illərdə bəzi gənclərin, yəqin ki, maraq xətrinə və ya şirnikləşərək başqa dinlərə üz tutduğunu görmüşük. Qısa vaxtda bir neçə din dəyişənlər də olub: xaçpərəst, krişnaid... Amma sonda yenə özünə, İslama qayıdıb. Azərbaycan türkləri bir çox dinləri dişinə vuraraq sonda İslamda dayanmışlar. Lakin İslama İranın münasibəti və çeşidli müsəlman dövlətlərinin hərəsinin öz dövlət maraqlarına xidmət edən dini düşüncə ixrac etmələri, mahiyyətcə, İslama böyük zərbədir və müsəlman birliyinin yaranmasına mane olur.
Beləliklə, İran nə qədər maya qoyub, nə qədər missioner göndərsə də, Azərbaycanda heç vaxt dindar qüvvələri dövləti ələ almaq səviyyəsində gücə çevirə bilməz. Azərbaycanda İslam həmişə Allaha bağlılıq vasitəsi olacaqdır və millətə xidmət edəcəkdir. Mollaların istədiyi fanatizm ordusu yaranmayacaqdır burda...
Özünü İslam Cümhuriyyəti sayan ölkədə arada bir böyük Yaradana hesabat verirlərmi görəsən? Əgər verirlərsə, onda İslam – müsəlman adına yaraşmayan hərəkətlərə necə haqq qazandırırlar? Təkcə 35 milyonluq İran türklərinin taleyini düşünsək, İrandakı şovinist farslaşdırma siyasətinin İslam dininin və müqəddəs Qurani-Kərimin tələbləriylə daban-dabana zidd olduğunu aydın görərik. Düzdür, İrandakı bütün xalqlar – ərəblər də, beluclar, lorlar, türkmənlər, kürdlər də haqsızlıq və zorakılığın əzabını çəkirlər. Lakin Azərbaycan türklərinə ölkənin əsas gücü kimi baxılır və onlar daha artıq təzyiq altındadırlar. Öz dilində oxuya bilməz, uşağına türk-Azərbaycan adı verə bilməz; hətta şəxsi iş yerini də Azərbaycan adı ilə adlandırmaq qadağandır. Bu azmış kimi Azərbaycan ostanlarının – vilayətlərinin – Həmədanın, Zəncanın, Qəzvinin, Ərdəbilin, Şərqi və Qərbi Azərbaycanlıların üstündən basa-basa Azərbaycan Respublikasının düşməni olan Ermənistana yardım edilir. Ermənistan Quzey Azərbaycanın torpağını işğal edə-edə Güney Azərbaycandan yardım alır və artıq İrəvanda Güneylinin belindən gələn, ancaq erməni analarının bizə potensial düşmən olaraq böyütdüyü bir neçə min törəmə də var.
Bütün bunlar azmış kimi on illərdir İslam Cümhuriyyəti qonşu ölkələrin, o cümlədən Azərbaycanın genefondunu məhv etməklə məşğuldur. Məhz İranın gizli ixracatı olan zəhər sayəsində, xüsusən, sərhəd rayonlarında on minlərlə, bəlkə daha artıq gəncimiz narkotikaya qurşanıb. İrandan “İslami dəyər” adı altında gələn əsas vasitə budur. Seçim və niyyət aydındır. Gənclərə iki yol təklif edilir: ya cəhalət bataqlığı, ya da narkotika adlı dönüşü olmayan uçurum. İran təbliğat hövzələrinin hesablamasına görə, bu arası kəsilməyən proses artıq Azərbaycan Respublikasını iflic vəziyyətə salmalıydı və ya bizdə də türban, çadra və ya narkotika inqilabları başlamalıydı. Bunun baş verməməsi Ağaye Firuzabadı kimilərə Azərbaycanda İslamın inkişafına maneçilik törədilməsi kimi görünür. Onların təsəvvüründə İslamın inkişafı narkomaniyanın inkişafıdır.
İqtisadi vəziyyətimizin ağır olduğu illərdə əllərinə nə keçdisə, talayıb apardılar sərhəd rayonlarımızdan. Əvəzinə nə verdilər? Narkotika! On minlərlə ailə məhz iranlı qardaşlarımızın “mərhəməti” və “İslam təəssübkeşliyi” sayəsində bədbəxt oldu.

lll
Parisdə İran zülmünün hər üzünü görmüş və vətənə qayıda bilməyən mühacirlərlə iftar axşamındaydım. Yanımda oturan və ailəsi İran rejiminin hər cür bəlasını görmüş qocaman Nağı kişi gözlərindəki sonsuz kədərlə mənə baxa-baxa dəhşətli əhvalatlar danışırdı İslam ölkəsinin insanlıq suçları haqqında.
İran rejimiylə mübarizə aparan qüvvələrdən birinin – mücahidlərin verdiyi şəhidlərdən bir qismi – cəmi 20 mini haqqında məlumatın toplandığı kitabı vərəqləyirdim. Bu kitaba sakit baxmaq mümkün deyil. Çünki şəhidlərin böyük bir qismi uşaqlardır, həddi-buluğa çatmamış qızlardır. Hətta sonuncu nişanəsinə kimi məhv edilmiş ailələr var. Bir ailədən 10 nəfər, birindən 8 nəfər. Adlarına “mücahid” damğası vurub məhv ediblər!
Nağı kişi: “Dünya belə amansızlıq, belə vəhşilik görməyib!” – deyir. Həbs olunan və ölümə məhkum edilən qız uşaqlarını “bakirə ölmək günahdır!” deyə zabitlər edamdan əvvəl zorlayırlar. Sonra da muştuluq aparırmış kimi, ailələrinin qapısını döyüb, “ötən gecə sənin kürəkənindim!” deyərək şirni payı və... zorlanmış qızın öldürülməsi haqqında sənədi təqdim edirlər. Budur general Firuzabadinin başçılıq elədiyi ordunun İslam adına törətdikləri vəhşiliklərin bir nümunəsi, İran humanizminin iç üzü!
Başqa bir iftar yeməyini 7 övladını qurban vermiş, üzünə dünyanın ən çəkilməz dərdinin möhürü vurulmuş bir ana hazırlamışdı. İki övladı İran-İraq müharibəsinin, beş övladı indiki rejimin qurbanı olan Ana yerdə qalan iki balasının taleyindən xəbərsizdir, səssiz-səmirsiz ona təsəlli verən adamların üzünə baxır, ümidini tək Allaha bağlamışdır.
Bunlar da müsəlmandır! – türkdür, farsdır, ərəbdir... Yad ellərdə yaşasalar da, ibadətləri yerindədir və imanlarına bağlılıqda İrandakılardan geri qalmazlar! Onda niyə bu qədər zülm çəkməlidirlər?
Cənab generalın ağlını başından çıxaran başqa bir istilah “Azərbaycan Respublikası”dır. Bu sözləri dilinə almaqdan qorxur. Desə, dili yanar! Bu adlı ölkənin mövcudluğu, inkişafı, dünyada qazandığı yer İranın bir çox məmurları kimi, onun da içini oyur. Buna görə də Azərbaycan Respublikası sözünü dilinə almır, əvəzinə Aran deyir.
Ona coğrafiyanı pis öyrədiblər. Öyrətsəydilər, bilərdi ki, Aran – Arazın şimalında, yəni Azərbaycan Respublikasında əyalətlərimizdən biridir. Burda Arandan əlavə Şirvan da var... Muğan, Mil, Qarabağ, Naxçıvan, Abşeron, Talış və s. başqa bölgələr də var.
Bu yolla o, Güneydə yaşayan soydaşlarımızdan ayırıb, bizə yeni bir ad – “aranlı” adını sırımaq istəyir. Bu, İran təbliğatının köhnə saxtakarlıqlarından biridir. General “hər bir aranlının damarında iranlı qanı axır” deyə bir dövlət rəsmisinə yaraşmayan fitnəkar bəyanat da verir.
Başa düşmür ki, İran bir ərazi adıdır və öz xüsusi qanı da yoxdur. İranda türk, fars, ərəb və s. xalqların hərəsinin öz qanı var. Nəzərə alsaq ki, bu ərazidə son min ildə, Pəhləvilərin qısa dövranı istisna, hakimiyyət də, qan və can vermək ixtiyarı da həmişə azərbaycanlıların əlində olub, onda kimin damarından kimin qanının axdığı mübahisə doğurmaz!
İran qanı olmadığı kimi, “İran mədəniyyəti”, “İran tarixi” də yoxdur. İran adına çıxılan nə varsa, bu ərazidə yaşayan xalqların müştərək malıdır. Öncə İran, sonra Persiya deyərək – bütün bunların farslaşdırılması – dünyanın gözünün qarşısında baş verən ən böyük ədalətsizliklərdən biridir. Çünki məhz o məntiqlə Firuzabadinin cümləsi sonra “hər bir aranlının qanında fars qanı axır!” deyə tərcümə olunacaq. İran Farsistan deyil – Azərbaycandır, Kürdüstandır, Belucustandır, Ərəbistandır, Xorasandır və s.
Bir vaxtlar dünyanın altıda birində bu “iranlı xalqı”na bənzər “sovet xalqı” yaratmaq istəyirdilər. Sonunu gördük. Yəqin Firuzabadi də görür və görəcək!
Mən İranda doğulmuş yüzlərlə, minlərlə ləyaqətli insan tanıyıram. İranda kifayət qədər ağıllı və qonşularla, xüsusən Azərbaycan Respublikası ilə münasibətləri qorumağın əhəmiyyətini başa düşən insanlar az deyil.
Bir generalın sözü bütün İran rəsmilərinin sözü sayıla bilməz. Ancaq buna bənzər bəyanatlar, üstəlik “Səhər” proqramının verilişləri yan-yana qoyulanda, bu ölkədə Azərbaycan əleyhinə təbliğatın miqyası adamı heyrətləndirir və bunun ölkənin rəsmi strategiyası olduğu heç bir şübhə doğurmur.
İranda yaşayan milyonlarla qardaşımız bu gün bunun fərqində olmasalar da, sabah ayılacaqlar. Onda firuzabadilər bizə yox, ilk növbədə, öz vətəndaşlarına cavab verməli olacaqlar.

Sabir Rüstəmxanlı
Dünya Azərbaycanlıları Konqresinin həmsədri
525-ci qəzet