İran səfirliyi terror ittihamlarına cavab verdi - Bəyanat

iran-sefirliyi-terror-ittihamlarina-cavab-verdi-beyanat
Oxunma sayı: 646

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Son günlərdə Azərbaycan Respublikasında həbs edilmiş bir terrorçu dəstənin İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəsi olması barədə xəbərlər yayılıb. İran İslam Respublikasının səfirliyi bu xəbəri təkzib etməklə yanaşı Azərbaycan Respublikasında ictimai fikirdə aydınlıq yaratmaq məqsədilə aşağıdakıları diqqətə çatdırır:

- İran İslam Respublikasının qonşu ölkələr, xüsusilə də Azərbaycan Respublikası barəsində yeritdiyi siyasət həmişə mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə uyğun olmuş və praktikada bu strategiyanı həyata keçirib. İran İslam Respublikasının beynəlxalq forumlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, son zamanlarda isə KİV-lər sahəsində əməkdaşlığa başlanması belə bir oriyentasiyandan xəbər verir. Şübhəsiz ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regionda yaxınlaşması və iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi, xüsusilə də hər iki ölkədəki ictimai rəy arasındakı yaxınlıq dünya hökmranlığı iddiasında olanlar və bu iki ölkənin izzət və müstəqilliyini istəməyənlər üçün ciddi bir təhlükədir. Bu üzdən də iki ölkə arasındakı əlaqələrdə uçurum yaratmaq üçün vaxtaşırı ssenarilər hazırlanmasının şahidi oluruq.

- Tamamilə aydındır ki, son ssenari İran İslam Respublikasının nüvə alimlərinin sionist rejimə bağlı qüvvələr tərəfindən terror edilməsinin ört-basdır edilməsi istiqamətindədir. Bu akt bir çox rəsmilərin və beynəlxalq qüvvələrin etirazına səbəb olub. Belə tədbirlər, heç şübhəsiz, hər iki ölkənin düşmənləri tərəfindən hazırlanıb və İran İslam Respublikasının beynəlxalq imicinə zərbə vurmağı nəzərdə tutmaqla yanaşı iki ölkənin əlaqələrini də hədəfə alıb.

- Azərbaycan Respublikasının şərəfli xalqı sionistlərin və amerikalıların iki ölkə arasındakı əlaqələrə qarşı provokasiyalarından çox gözəl xəbərdardır və heç şübhəsiz, bu cür ssenariləri Qərbdəki islamofobiya və İranofobiya siyasətlərinin tərkib hissəsi kimi dəyərləndirir.

- İki ölkə prezidentlərinin əlaqələri genişləndirmək iradəsini nəzərə alaraq demək olar ki, belə hərəkətlər iki ölkənin strateji münasibətlərinə xələl gətirə bilməz. Bununla belə, bu cür açıqlamalar yayımlanarkən iki ölkə rəhbərlərinin iradəsindən kənar heç bir addım atılmaması üçün sayıqlıq və daha böyük diqqət və ciddiyyət göstərilməsi lazımdır".