İran Xomeynini “maket” kimi qarşıladı- Fotolar

iran-xomeynini-maket-kimi-qarsiladi-fotolar
Oxunma sayı: 699

Fevralın 1-də İranda İslam İnqilabının rəhbəri və ilk ali dini lideri ayətullah Xomeyninin ölkəyə dönüşünün 33-cü ili tamam olub. 1979-cu ilin məhz bu günündə Xomeyni 14 illik mühacirət həyatından sonra “Air France”ın təyyarəsi ilə təntənəli şəkildə Parisdən Tehrana gəlib.
İran hökuməti bu gün münasibətilə Tehranda qəribə bir mərasim təşkil edib. Xomeyninin kartondan hazırlanmış maketi təntənəli şəkildə aeroportda təyyarədən endirilərək qarşılanıb. İki əsgərin daşıdığı “Xomeyni”ni aeroportda fəxri qarovul qarşılayıb, kütlə ona dərin hörmətini ifadə edib.
Xomeyninin başqa bir maketi isə Refah məktəbində keçirilən tədbirdə peyda olub. Xomeyni 33 il əvvəl ölkəyə qayıdanda öz qərargahını məhz bu məktəbdə yaradıb. Məktəbdə keçirilən yubiley tədbirində təhsil naziri Hamid Reza Haj Babayi və digər rəsmi şəxslər iştirak ediblər. Burada “Xomeyni” bardaş qurmuş şəkildə yerə qoyulub və rəsmilər onun yanında əyləşiblər.
“Azadlıq” radiosunun əməkdaşı Golnaz Esfandiari yazır ki, son 30 ildə İranda çoxlu qeyri-adi, hətta absurd tədbirlər keçirilib. Ancaq fevralın 1-də keçirilən bu mərasim indiyə qədər keçirilmiş bütün absurd mərasimləri kölgədə qoyub.
Bu tədbirlər İranın müasir tarixinin ən mühüm hadisəsini mədh etmək məqsədi daşıyır. Ancaq bu əks effekt də verir. Bu cür hadisələri ələ salan zarafatlar, lətifələr yaranır.

Məsələn, “Xomeyni” ilə onun yanında oturmuş məmurlar arasında fotoşop vasitəsilə belə bir söhbət düşəldib internetdə yayıblar. “Xomeyni” yanında oturanlara deyir: «Salam, uşaqlar. Sizi görməyimə çox şadam. Əkbəri görməmisiniz? Əkbər Haşimini». (Əli Əkbər Haşimi Rəfsəncani nəzərdə tutulur – red.)

Onun yanında oturanlar isə özlərini elə aparırlar ki, guya belə bir adam tanımırlar və mövzunu dəyişməyə çalışırlar: «Burda Əkbər deyilən adam yoxdur. Bizdə heç Mir Hüseyin Musavi, Mehdi Kərrubi adlı adamlar da yoxdur. Gəlin, mövzunu dəyişək. Özünüz necəsiniz?..».
Bu ironiya ona işarədir ki, 1979-cu il inqilabından keçən müddətdə bir çox inqilabçı liderlərə, hətta vaxtilə Xomeyniyə kömək etmiş şəxslərə də divan tutulub. Həmin dövrdə Xomeyninin yaxın tərəfdarlarından olan keçmiş baş nazir Mir Hüseyin Musavi keçən ilin fevralından ev dustağıdır. İnqilabın atalarından sayılan Mehdi Kərrubi də eyni cəzaya məhkum edilib. Keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani isə prezident Mahmud Əhmədinejada qarşı olduğu, onu mitinqçilərə qarşı sərt rəftarına görə tənqid etdiyi üçün bütün ölkə həyatından təcrid olunub. Müxalifət hərəkatına dəstəklərinə görə, hətta Xomeyninin bəzi qohumları da təzyiqlərə məruz qalıb.

İranlılardan biri isə deyib ki, ölkə hakimiyyəti legitimliyini deyəsən, kartonla ölkəyə qayıtmaq səhnələri ilə qazanmaq istəyir.
azadliq.info