İranda səfərbərlik başladı

iranda-seferberlik-basladi
Oxunma sayı: 667

“The Telegraph” qəzetinin xəbərinə görə, İnqilab Keşikçiləri Korpusunun komandanı general Məhəmməd Əli Cəfəri xarici düşmənin hücumlarını dəf etmək üçün orduya müharibə səfərbərliyi əmri verib. Dini lider ayətullah Əli Xamneyinin də silahlı qüvvələrə ölkəni xarici hərbi müdaxilədən qorumaq üçün bütün tədbirləri görməyi əmr etdiyi bildirilir.

Xamneyinin göstərişi ilə İranın ballistik raket bazalarının yeri dəyişdirilib, “Şahab” raketləri öz bazalarından çıxarılaraq ölkənin müxtəlif yerlərindəki məxfi obyektlərə aparılıb. Bu addım Tehran yaxınlığında “Şahab” raketlərinin bazasında ötən ay baş vermiş güclü partlayışdan sonraya təsadüf edir. Həmçinin İranın Hərbi Hava Qüvvələri “çevik reaksiya eskadrilyaları” formalaşdırır və onlara lazım olan anda düşmənə cəld reaksiya vermək əmr edilib. Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə fəaliyyətlərinin hərbi xarakterli olduğunu təsdiqləyən hesabatından sonra Tehran ətrafında vəziyyət gərginləşib. Xəbərlərə görə, İsrail ABŞ-a xəbər vermədən bu ayın sonlarında İranın nüvə obyektlərinə qarşı hava əməliyyatlarına başlaya bilər.
Bu arada İran ərazisində düşən Amerika pilotsuz kəşfiyyat təyyarəsi ilə bağlı yeni məlumatlar yayılıb. ABŞ administrasiyasındakı mənbələr NBC telekanalına təsdiq ediblər ki, RQ-170 Sentinel adlı uçan aparat Mərkəzi Kəşfiyyat İdarəsinə aid olub və məxfi missiya həyata keçirib. Lakin təyyarənin İran, yoxsa Əfqanıstan üzərində bu missiyanı yerinə yetirdiyi açıqlanmır. NBC-yə məlumat verən mənbə deyib ki, çox böyük ehtimalla aparat Amerika kəşfiyyatçılarının nəzarətindən çıxıb və İran ərazisinin dərinliklərinə doğru hərəkət edib. Yanacaq bitəndən sonra təyyarə ölkənin şərqində dağlıq ərazidə yerə düşüb. Bundan əvvəl İran KİV-ləri xəbər vermişdilər ki, pilotsuz təyyarə ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Lakin ABŞ rəsmiləri təyyarənin vurulduğunu təsdiqləmir. NBC məlumat verir ki, bu tipli təyyarə Pakistanda bir neçə ay ərzində “əl-Qaidə” lideri Üsamə bin Ladenin gizləndiyi iqamətgahı izləmək üçün tətbiq edilib.
RQ-170 Sentinel pilotsuz kəşfiyyat təyyarəsi ABŞ-ın Lockheed Martin şirkəti tərəfindən 2007-ci ildə hazırlanıb və 2007-ci ildən Əfqanıstanda tətbiq edilirdi. Lakin 2009-cu ilin sonlarından etibarən təyyarə məxfiləşdirilib və ABŞ onun mövcudluğunu tanımayıb. Aparatın texniki xarakteristikası barədə məlumat yoxdur, ancaq o məlumdur ki, təyyarənin gövdəsi “Stels” texnologiyası ilə hazırlanıb və radara yaxalanmır. Amerikalı hərbi ekspertlər ehtiyat edir ki, İran təyyarənin qalıqlarından istifadə edərək onun hazırlandığı məxfi texnologiyanı ələ keçirə, yaxud Şimali Koreya və Çindən mütəxəssislər cəlb edərək onun necə hazırlandığını öyrənə bilər. Təyyarə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ancaq olduqca məxfi əməliyyatlarda tətbiq olunduğu üçün onun İran səmasında peyda olması aparatın hansı missiya yerinə yetirdiyi haqda suallar yaradır. Belə ki, son vaxtlar ABŞ və İsrail kəşfiyyatının yüksək texnologiyalardan istifadə edərək İran ərazisində bir-birinin ardınca diversiyalar həyata keçirdiyi haqda məlumatlar var. Bu cür əməliyyatlarda məxfi kompyuter virusları, pilotsuz təyyarələr, infraqırmızı şüalanmaya malik telekameralar və digər postmodern texnologiyalar tətbiq edilir. Ekspertlər ehtimal edir ki, MKİ-yə məxsus məxfi təyyarədə düşmən əlinə keçməmək üçün öz-özünü məhv etməyə imkan verən sistem var və bu baxımdan iranlılar onun sirlərini ələ keçirə bilməyəcəklər.

musavat.com