İranın Azərbaycana “ixrac” etdiyi narkotika tutuldu

iranin-azerbaycana-ixrac-etdiyi-narkotika-tutuldu
Oxunma sayı: 767

Onlardan ümumilikdə 25 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə “Qafqazinfo”ya MTN-in mətbuat xidmtindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşı - Orucov Ruslan Arif oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Rəsul adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətiriblər. Müəyyən edilib ki, 2012-ci ilin may ayında Ruslan Orucov İran İslam Respublikasının Germi şəhərinə gedib, orada tanışı Rəsul adlı iranlı ilə görüşüb və ona 3 min ABŞ dolları ödəyərək 2 kiloqram tiryək sifariş verib. Rəsul həmin narkotik vasitəni İrandan qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə keçirib və gizlədərək bu barədə Ruslan Orucova məlumat verib. Ruslan Orucov da həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürərək Bakı şəhərinə gətirərkən saxlanılıb, baxış nəticəsində ondan 1 kiloqram 750 qram tiryək aşkarlanıb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Kazımov Cavid Əliməmməd oğlu və Həmidov Şahbaz Əvəzağa oğlu saxlanılıb. Müəyyən edilib ki, Cavid Kazımov, Şahbaz Həmidov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətiriblər. Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri istiqamətində gizli daşıyarkən yaxalanıb, keçirilmiş baxış zamanı onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - İsayev Babək Abasxan oğlu, onun qardaşı İsayev Kənan Abasxan oğlu və Səfərov Aris Əjdər oğlu yaxalanıblar. Məlum olub ki, Babək və Kənan İsayevlər, eləcə də Aris Səfərov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Məhərrəm adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Yardımlı rayonunun Arvana kəndinin ərazisinə gətiriblər. Qrupun üzvü Babək İsayev əvvəlcədən əldə edilmiş razılığa əsasən qardaşı Kənan İsayevdə saxlanılan həmin narkotik vasitənin bir hissəsini Bakı şəhərinə daşıyarkən Salyan rayonu ərazisində yaxalanmış, baxış zamanı ona məxsus idman çantasından 6 kiloqram 765,9 qram tiryək aşkar edilərək götürülüb. Eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan İsayev Yardımlı rayonunda, Aris Səfərov isə Şirvan şəhərində saxlanılıblar. Aris Səfərovun yaşadığı evə keçirilmiş baxış nəticəsində 1 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində uzun müddət hüquq mühafizə orqanlarından yayınmağa müvəffəq olan Azərbaycan Respublikasının vətəndaşı Quliyev Fikrət Rəsul oğlu Bakı şəhərində saxlanılıb, keçirilmiş baxış nəticəsində onun üzərindən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

İyun ayının 22-də həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Əliyev İrmak Məhəmməd oğlu və Ələsgərova Fizzə Məhərrəm qızı saxlanılıblar. Keçirilmiş baxış nəticəsində onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, İrmak Əliyev, Fizzə Ələsgərova və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Fuad adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətiriblər.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.