“İranın Azərbaycanda təşkil olunmuş şəbəkəsi və ixtisaslı adamları var”

iranin-azerbaycanda-teskil-olunmus-sebekesi-ve-ixtisasli-adamlari-var
Oxunma sayı: 646

Məsələ barədə cəmiyyətdə, verilən şərhlərdə, analitik fikirlərdə münasibət birmənalı deyil. Bununla bağlı İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay “Qafqazinfo”ya açıqlama verib. İlqar Altay xarici dövlətlər tərəfindən Azərbaycana qarşı terror aktının törədilməsini indiki dövrdə real hesab edir: “Azərbaycan çətin, qalmaqallı bir regiondadır. Düzdür, son illər ölkədə terror tipli iri çaplı hadisələr baş verməyib. Ancaq, bunu gözləmək olar. Xüsusən də, münasibətlərin gərginləşdiyi qonşu İran tərəfindən. MTN-in bəyanatına əsaslansaq, keçirilən əməliyyatı uğurlu hesab etmək olar. Ancaq, burada bəzi sual və müəmmalı hallar da yaranır və yəqin ki, istintaq orqanlarının ictimaiyyət üçün əlavə açıqlamaları olmalıdır ki, bu suallar aydın olsun. Birincisi, bəyanatdan da göründüyü kimi cinayət baş tutmayıb. Onun üstü cinayət əməlindən xeyli əvvəlki mərhələdə açılıb. Hər bir hüquq-mühafizə orqanının marağındadır və bu onun uğurudur ki, cinayətkarı cinayətin törədildiyi yerdə, daha tutarlı dəlil-sübutla yaxalasın. MTN göründüyü kimi uzun müddət məsələni nəzarətdə saxlayıb və gedən prosesləri dəqiqliklə izləyib. Bu halda imkan verilə bilərdi ki, heç olmasa silahlar Bakıya gəlib çıxsın və proses yekun stadiyası dövrünə yetişsin. Yəni, yarımçıq dayandırılıb”.

İlqar Altay cinayətin xarici ölkə ictimai xadiminə qarşı yönəldiyini nəzərə alınmaqla ciddi məsələ olduğunu diqqətə çatdıraraq, belə bir mühüm terror aktının təşkilində primitiv icraçılardan istifadə olunmasının da təəccüblü olduğunu qeyd etdi: “Məlumdur ki, İranın Azərbaycanda kifayət qədər hazırlıqlı, təşkil olunmuş şəbəkəsi və ixtisaslı, aidiyyətli adamları var. Elə, bəyanata istinad etsək, icraçılardan xəbərsiz cürbəcür müasir optik silah və partlayıcı qurğuların gətirilib Azərbaycan ərazisində yerləşdirilməsi imkanı buna sübutdur. Belə bir imkanları olan İran xüsusi xidmət mərkəzi niyə axtarışda olan, İrana qaçıb gizlənən və buna görə təbii ki, özü və qohumları daima Azərbaycanın xüsusi xidmət orqanlarının nəzarətində saxlanan Balaqardaş Dadaşovun vasitəsilə həyata keçirsin?”.

Hüquqşünas-kriminalist cinayət əməlinin icraçısı hesab olunan, teleekranda göründüyü kimi primitiv səviyyəli, heç bir mütəşəkkil cinayətkar qrupun üzvü olmayan, hazırlıqsız Əli Hüseynovun həmin o müasir snayper tüfənglərini, partlayıcı qurğuları necə istifadə edə biləcəyinin də zəif arqument olduğunu vurğuladı: “Ola bilsin ki, Əli adlı killer kimi nəzərdə tutulmuş həmin qeyri-ciddi şəxs əslində, pul qopartmaq məqsədilə cinayəti sifariş və təşkil edənlərin başını qatırmış. Ona görə də müxtəlif bəhanələrlə gah cinayətin törətmə yerinin, gah da, silahların növünün dəyişməsinə ehtiyac olduğunu əsas gətirib, hər dəfə vaxt aparırmış”.

İlqar Altay cinayət hədəfi olan şəxslərin, israilli müəllimlərin bu təqibi, bu qəsdi və izləndiklərini nə dərəcədə öz üzərlərində hiss edib-etməməsinin və onların özlərinin bu məsələyə münasibətinin necə olmasının da vacibliyini bildirdi. Sonda hüquqşünas bütün bu sual və müəmmalara istintaqın gedişində və zaman keçdikcə aydınlıq gətirilə biləcəyini bildirdi. Bu cür terror aktının xüsusən, İran mövzusunda işləyən Azərbaycanlı ictimai xadimlərə qarşı da ola biləcəyini istisna etmədi: “Arzu olunardı ki, MTN-nin bu məsələ ətrafında apardığı tədbirlər məntiq və qanuniliyi, prosessual normalara riayət olunması və eləcə də ictimaiyyətə səlis açıqlamaları ilə şübhələr doğrulmasına əsas yaratmasın. Çünki, bütün bu kimi, ciddi tədbirlər elə o qədər də ciddi olaraq ictimai müşahidə və nəzarətdə olur”.