İranın lafı

iranin-lafi
Oxunma sayı: 640

Ölkələr sırasında ümmətdaşımız İran qədər Azərbaycanın daxili işlərinə bunca kobud müdaxilə edən, onun suverenliyinə hörmətsiz yanaşan, dövlətlər arası qarşılıqlı münasibətləri, diplomatik qaydaları açıqcasına pozmağa cəhd edən ikinci bir dövlət yoxdur desək, yanılmarıq. Hətta, kobud diplomatiyası, ekspansiya və müstəmləkə siyasəti ilə özünü dünyada mənfi imicli dövlət kimi tanıdan Rusiya da Azərbaycana münasibətdə beynəlxalq normaların tələblərinə zidd olan bu cür açıq davranışlar nümayiş etdirmir.

Görünən odur ki, İran hələ də Azərbaycana xəyali coğrafiyasında yer alan bir məmləkət kimi yanaşır və dünya dövlətləri tərəfindən müstəqilliyi tanınan ölkəmizə özünün meropoliyası kimi baxmaq istəyir. Məhz bu səbəbdəndir ki, adı çəkilən ölkə zaman-zaman suverenliyimizi təhdid edən bəyanatlar verməkdən, Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən, onun beynəlxalq nüfuzuna zərbə vurmaqdan, hava, su və quru sərhədlərimizi pozmaq cəhdlərindən geri durmaq istəmir.

Bu ölkənin sanki Azərbaycandan başqa bir problemi yoxdur. Rəsmi İran təbliğatı bütün gücünü Azərbaycanı gözdən salmağa yönəldib. O, əsasız şəkildə və ardıcıl olaraq Azərbaycana qarşı gah islama zidd mövqe tutmaq, gah sionizmə və onun himayədarı ABŞ-a yardımçı olmaq adı altında ittihamlar irəli sürür və bu qayda ilə ölkəmizin istər İran daxilində, istərsə də ondan kənarda yaşayan müsəlman xalqları arasında mənfi obrazını yaratmaq siyasətindən bir an geri durmaq istəmir. Yaxın qonşunun, dindaş dövlətin, onunla qarşılıqlı tarixi, mədəni əlaqələri minillərə söykənən başqa bir ölkəyə bu qədər qısqanc, təkəbbürlü və bu qədər qərəzli münasibət bəsləməsini normalda qəbul etmək çətindir.

Dövlətlərarası əlaqələr qarşılıqlı və faydalı əməkdaşlığa söykənməlidir. Başqa bir dövlətə siyasətində, davranışında nə qədər səmimi olacaqsansa bir o qədər də qarşılığını alacaqsan. Ola bilməz ki, bir millətin etnik kimliyini şübhə altına alasan, onun dilinə, mədəniyyətinə, tarixinə xor baxasan, rəsmi törənlərdə bayrağını aşağılayasan, toxunulmazlıq səlahiyyətində olan səfirini sərhədindən keçərkən biabırçı axtarışa məruz qoyasan və bunun müqabilində də qarşı tərəfdən sayğı və məhəbbət umasan.
Ola bilməz ki, əsrlər boyu bir qazanda qaynayıb qarışan, təcavüzlərə, işğallara səninlə birgə sinə gərən, milyonlarla can itkisi verən, tarixi, mədəniyyəti, qəhrəmanlıqları sənin dövlət kimi dünyada şöhrət tapmasına xidmət edən və sonda bu bağlılıqlar ucbatından coğrafi əraziləri bu günkü hüdudlara enən bir ölkənin mənafeyini, kökü bilinməyən, zatı müsəlman və türk dünyasına zidd olan erməniyə qurban verəsən və sonra da birgə mənafedən laf edəsən.

Azərbaycan İran qədər müstəqil dövlətdir və öz siyasətini, hansı ölkə ilə necə münasibət qurmasını özü müəyyənləşdirir. İran xarici siyasətində hansı prioritetlərə üstünlük verirsə, Azərbaycanda o qaydada öz priritetlərini müəyyən etmək haqqına malikdir. İran anti-qərb mövqeyi tutubsa bu o demək deyil ki, Azərbaycan da insan hüquq və azadlıqlarına sayğı ilə yanaşıldığı və texnolojisi bütün dünyaya örnək olan qərb dünyasına zidd mövqe tutmalıdır.

Biz Azərbaycanda yeridilən siyasətin İsrail və ABŞ dövlətlərinin köləsinə çevrilməsinin tərəfdarı deyilik. Amma hər halda bu günə qədər adı çəkilən dövlətlər tərəfindən Azərbaycan dövlətinin mövcudluğunu, suverenlik və müstəqilliyini təhdid edən bəyanatlar verilməsinin, zidd davranış nümayiş etdirilməsinin şahidi olmamışıq. Bu ölkələrlə Azərbaycanın ilişkiləri normal iqtisadi, siyasi və mədəni əlaqələr zəminində qurulub və bu əlaqələr beynəlxalq hüququn dövlətlərə şamil edilən qarşılıqlı əməkdaşlıq prinsipinə söykənir. Amma biz İranın Ermənistan kimi işğalçı bir dövlətə hər cür mənəvi-maddi yardım göstərərək onun bölgədə təcavüzkar niyyətlərinə stimul verən hərəkətlərinin, televiziya və digər mətbu orqanlarında Azərbaycanın əleyhinə yönələn yayımlarının, rəsmi törənlərdə dövlət rəmzi bayrağımıza həqarətlə yanaşmanın, beynəlxalq hüquqa zidd olaraq hava məkanımızı aşaraq hərbi əzələ nümayiş etdirməsinin və ən dəhşətlisi isə vətəndaşlarımız haqqında ayətullahlarının ölüm hökmü çıxarması kimi beynəlxalq hüquq normaları ilə daban-dabana ziddiyyət təşkil edən davranışlarının çox şahidi olmuşuq.

Ümmət birdirsə, mədəniyyət, tarix bağlılığımız varsa və bu dəyərləri qorumaq hər iki xalqın müqəddəs borcudursa onda bu dəyərlərin dağıdıcısı rolunda çıxış edən təcavüzkar Ermənistanı aşkar şəkildə müdafiə etməyin və bunun əksinə, Azərbaycana qarşı mənfi münasibət sərgiləməyin arxasında nə durduğunun səbəbini İran rəsmilərindən sormaq gərək. Biz otuz milyondan çox soydaşımızın tarixən məskunlaşdığı qonşu İran dövlətinə, onun kurallarına hörmətlə yanaşdığımız kimi, bu ölkədən də xalqımıza, onun adət-ənənəsinə, suveren dövlət haqlarına hörmətlə yanaşmağın qarşılığını görmək istərdik.