Bircə metr parça verin, meyitin üstünə sərək...

Bircə metr  parça verin, meyitin üstünə sərək...
Oxunma sayı: 74

Nərmin Dadaşova

Ölüm-itim xəbərindən pul qazanmaq necə məşəqqətlidir, bir bilsən oxucu dost. Özümə söz vermişəm, sosial durumumu düzəldər -düzəltməz , atacam bu işlərin daşını. Yazmaq üçün elə gözəl sözlər seçəcəm, elə işıqlı cümlələr quracam ki. Oxuduqca sənin də, mənim də içimizdə kəpənəklər uçuşacaq.  Bu nə peşədir, Allah eşqinə, bir yerə toplaşan beş-on adam görən kimi, cumursan üstlərinə ki, nə olub? Nə baş verib? Kim ölüb? Kim vurub?  Kim qaçıb?  Təxminən bir saat öncə şahidi olduğum hadisədən dolayı hələ də ürəyim boğazımda döyünür.

Nahar fasiləsində  bir-iki udum hava almaq üçün, iş yerimdən uzaqlaşdım. Bir az qabaqda  toplanmış adamlar diqqətimi çəkdisə də, təcili yardım maşınını görüb yolumu dəyişdim. Yəqin kimisə gün vurub, huşunu itirib- deyə düşündüm. Dünyada ən  arzulamadığım şey o vəziyyətə düşmüş  insanın başının üstündəki  qələbəlikdir.  Birinin də əlindən bir iş gəlmir. Bacardıqları mikroblu əllərini yerlə yeksan olmuş adamın ağzına salıb dilini çıxarmaqdı ki, bu da düzgün deyil. Hadisə yerindən bir az aralanmışdım  ki, təcili tibbi yardım maşınının da  yerdə uzanmış adamdan uzaqlaşdığını gördüm. Çatmağı ilə yerindən tərpənməyi bir olan təcili tibbi yardım maşınının və içindəki soyuqqanlı ağxalatlıların hərəkətlərindən, daha doğrusu, hərəkətsizliyindən hadisənin nə yerdə olduğunu təxmin etdim.

50-55 yaşlarında olan kişi artıq  keçinmişdi. Ağxalatlılar isə “day bizlik bir iş yoxdur” deyib, meyiti eləcə ortalıqda qoyub bir kənara çəkilmişdilər. Hadisə yerinə toplanmış adamlar isə hamısı eyni sözü deyir, həkimləri günahlandırırdılar. Çağırışa olduqca gec gələn tibb işçiləri isə gah yolun nasazlığından, gah da tıxacdan gileylənirdilər. Şəhərin göbəyində yerdə uzanıb qalmış ölümlə pəncələşən kiminsə atasının, kiminsə ərinin, kiminsə dayısının, kiminsə ən yaxşı dostunun, 40-50 dəqiqəyə yaxın vaxt ərzində təcili yardım maşınını gözləməsinə, daha doğrusu, gözləyə bilməyib ölməsinə nə ad verək, oxucu dost. 

“Təcili yardım çatana qədər nəbzi vururdu. Gəlib heç bir müdaxilə etmədilər. Bu yerdəki adam onların ucbatından öldü” ağlaya-ağlaya deyirdi hadisə şahidlərindən biri. And içirdi, “Allaha and olsun, gec gəldilər, yaşayırdı...”  Anda nə lüzum var dedim, öz-özümə. Bu tibb işçilərinə, onların vicdanlarına  qurban verdiyimiz ilk adam deyil. Sonuncu da olmayacaq.  Miqren ağrılarından itin zülmünü çəkən biri kimi, ayda bir neçə dəfə mənim də işim onlardan keçir. Ağrıdan üç- beş dəfə kliniki ölüm keçirirəm, gəlib çıxmırlar ki, çıxmırlar. Hər dəfə də düşünürəm,  görəsən indi ağrıyan mənim başım yox, ürəyim olsaydı, necə olardı taleyim?  Operatorlarından  tutmuş,  sürücülərinə qədər hamısına səmimi qəlbdən nifrətim var, oxucu dost, şair demiş "təpədən dırnağa hirs içindəyəm". 

 Bizim bizdən başqa kimsəmiz yoxdur.  Hər işin altına veririk bu əyri-üyrü çiyinlərimizi. Gəlin bunun da öhdəsindən özümüz gələk. Ən azından ilk tibbi yardım zamanı nə  etməli olduğumuzu öyrənək. Məsələn, o ölən adamı bəlkə də adi bir ürək massajı ilə, süni nəfəslə qaytara bilərdik həyata.  Kimisə atasızlığın astanasından döndərərdik...  

Bir qadın ağlaya-ağlaya “Heç olmasa bircə metr  parça verin üstünə sərək” deyirdi həkimlərə. Yaxınlıqdakı mağazanı göstərib “gedin ordan alın”  dedi təcili yardım maşının pəncərəsindən boylanan başqa bir  qadın.  Nə deyim, Tanrı vicdanınızı  bol, səbrinizi az eləsin. 

Ürəyinizdən  müğayət olun.
  

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi