Birdən gözüm mini “yubka”lı qıza sataşar, günah işləyərəm...

birden-gozum-mini-yubkali-qiza-satasar-gunah-isleyerem
Oxunma sayı: 799

Emin Səfərov

Həmin gün göz yaşları içində əlimi göyə qaldırıb Allaha dua edirdim. Toppuş, şirin, canımdan çox istədiyim nənəm can verirdi. Saatlarla "Allah, qurban olum, nənəm ölməsin" deyə, tanrıya yalvarmışdım. Ancaq yalvarışımın bir faydası olmadı. Hava yeni-yeni işıqlaşmağa başlayanda nənəm anamı yetim qoydu.

Üzərindən 10 ildən çox vaxt keçdi. Bu dəfə yetim qalmaq sırası atamdaydı. Yatağında vaxtının dolmasını gözləyən nənəmin başına yığışan arvadlar, nigaran baxışlarla sanki ölümün gərçəkləşdiyini bəyan edəcək zəngli saatın çalınmasını gözləyirdi. Birazdan o dar otaqda qadınların ifasında "Ay Səltənat, bizi niyə atıb getdin?" şaxsey-vaxsey sədaları yüksələcək, atam kövrələrək titrəyən əli ilə cibindən çıxardığı alışqanla damağındakı siqaretii yandıracaqdı. 

Anne annemin ölməsindən fərqli olaraq, bu dəfə tanrıya yalvarmadım. Yox, bu, biz qarabağlıların daha çox ana tərəfdən olan qohumları çox istəməyimizdən irəli gəlmirdi. Sadəcə, artıq böyümüş, hər şeyi başa düşəcək yaşa çatmışdım. Çünki anlayırdım ki, 92 yaşlı nənəmə görə Allaha yalvarmaq abırsızlıqdan başqa bir şey deyil. Təsəvvür elə dua edirsən və qeybdən səs gəlir: "Oğuulllll, adamda abır-həya yaxşı şeydi..."

Və o gün daha da yaxşı anladım ki, hər şeyə görə Allahın zəhləsini tökməyə dəyməz. Bu həyatın dəyişməz qanunu budur: doğuldun, bir müddət yaşadın, öldün. Vəssalam! Onsuz da vaxtsız ölümlərə, körpələrin həyatla vidalaşmasına görə etdiyimiz fəryad, üsyanların heç bir faydası olmayıb, olmaycaq da. Yenə "Allah hər şeyi görür" dediyimiz dünyada alışan binalarda körpələr yanacaq, Suriyada çocuqlar müharibələrin, Afrikada səfalətin qurbanı olacaqlar.

Biz nədənsə Allahın varlığına daha çox yanan binada yanmayan "Quran" tapılanda, "Xəzər TV"dən 3 qulaqlı inək balasının doğulduğu xəbərini eşidəndə inanırıq. Nəyisə hansısa elmi məsələ ilə bağlamırıq, bunu yalnız tanrının möcüzəsi adlandırırıq. Ta düşünmürük ki, bəlkə  qapalı vəziyyətdə olduğu üçün "Quran"ın vərəqləri havasızlıqdan yanmayıb. Və ya düşünmürük ki, bəlkə hörüşdə bu inəyin anasına hansısa uzunqulaq çəp baxıb və s.

Ümumiyyətlə, əzəldən bizə dini, tanrını, nəyi kimdən istəyəcəyimizi doğru anlatmadılar. Uşaq ikən etdiyimiz dəcəlliklərə görə eşitdiyimiz cümlələr "Günahdır, Allah baba göydən baxır"dan fərqli olmadı. Elə buna görə də yerə düşən çörəyi üç dəfə öpüb, alnımıza qoya-qoya böyüdük. Ki, birdən tanrının qəzəbinə tuş gələrik, belimiz qırılar! Biz ürəyimizdə sevgidən çox, Allah qorxusunu bəslədik.

Bir gün qonşumuzun sayəsində namazı öyrəndim, qısa bir zamanda mənimsədim və alnım səcdəyə dəydi. Ayətullah Sistani ağam olmuşdu. Küçədə gəzəndə başımı qaldırıb, ətrafa baxmırdım ki, birdən gözüm mini yubkalı qıza sataşar, günah işləyərəm. Bu, çox çəkmədi. Bir ildən sonra yenidən dindarların dili ilə desək, "kafir" həyatına geri döndüm. İndi ən çox bilirsiz nəyə sevinirəm? Yaxşı ki, qonşum hansısa dini təriqətin, qruplaşmanın üzvü deyildi. Olsaydı, indi bəlkə də Qarabağı öz vətənimdə qoyub, gedib Suriyada cənnət axtarışındaydım. Ya da üstümə bomba bağlayacaqdılar ki, get İstanbulda filan məkanda özünü partlat, cənnətə viza "cebine gelsin"... Ya da xəbər saytları "youtube"dan cihad çağırışı etdiyim videonu götürüb manşetə çevirmişdilər: Ağdamlı İŞİD-çidən şok açıqlama: "Kimi gördüm atıram!"

Mən təbii ki, kiminsə namaz qılmasını, onun sünni və ya şiyə olmasını məsxərəyə qoymuram. Buna mənim nə dini savadım, nə də haqqım çatar. Sadəcə, dinə bağlanarkən məsələyə savadsızcasına yox, məntiqli yanaşılmasının tərəfdarıyam. Məsələn, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edəndə Balakəndən namaz qılan  əsgər yoldaşım var idi. Məlum məsələdi, orduda namaz qılmağa münasib vaxt yoxdur və bu, hərbi xidmətdə doğru sayılmır. Məhz bu məqam namaz qılan əsgər yoldaşımı yaman dilxor eləmişdi. Bir dəfə yemək növbəsində dayananda lövhədə DİN yazısını görüb, özündən çıxdı ki, buna bax e, hər tərəfə DİN yazıblar, amma namaz qılmağa qoymurlar. Adam ta qanmadı ki, bu DİN o dindən deyil. Adicə DİN-in Daxili İşlər Nazirliyi olmadığını bilməyəın adam, Səudiyyə Ərəbistanın xarici işlərinə niyə qarışır ki?

Bir də görürsən ki, yolda gedən saqallı ata və hicaba bürünmüş xanımın yanında iki başı bağlanmış körpələr də var. Halbuki həmin uşaqlar nə dini, nə təriqəti, nə də İslamı başa düşəcək yaşdadır. Amma valideynlərin fikrinə görə, bu, müstəhəbdi, doğrudu. Amma məntiqə söykənəndə bu, körpənin azadlığının əlindən alınmasıdır. Daha doğru olan isə uşağın böyüyüb, seçimi özü etməsidir.

Çox istədiyim nənəmin goru, mənə görə elə o dünya da bu dünyadı. Çünki sağlığımda normal insan həyatı yaşaya bilmirəmsə, mənim üçün ölümdən sonrakı həyatın olub-olmamasın da bir mənası yoxdur. 

Dillənəndə də olursan ya kafir, ya da dinin düşməni...