“Birinci dəfə məmur gəlini olmuşam, 2-cisi isə bir ay çəkdi...” - Nura Suri

birinci-defe-memur-gelini-olmusam-2-cisi-ise-bir-ay-cekdi
Oxunma sayı: 25263

Müğənni Nuri Surinin “Qafqazinfo”ya müsahibəsi:

- ATV-nin “qara siyahı”sından çıxdız. Ümumiyyətlə, bu siyahıya düşməyinizin hansı tarixçəsi var?

- Orada baş verən qadağalardan Vüqar Qaradağlının xəbəri yox idi. Bildiyimə görə, yeni gələn rəhbər heç bir müğənniyə qadağa qoymayıb. Hələ deyib ki, kiminsə qadağası varsa götürülsün. Məni kimsə efirə dəvət edir, bilir ki, qadağa yoxdur. Həmin günün səhəri “yox, bu gün gəlmə, sabah gəl” deyirlər. Bunu daha gedib rəhbərliyə deməyəcəksən ki, “bilirsiz məni bu gün efirə çağırmışdılar, yenə çağırmadılar və sair”. Bunu edən insanlar var. İndi bunları kim idarə edir, necə idarə edir. Verilişə çağırıb vura da bilərlər. Məsələn, verilişə çağırıblar, öncədən deyirəm ki, xəstəyəm, gələ bilmirəm. Deyirlər ki, yox, mütləq gəl. Aha, xəstəyəm sözü bunların əlində bayraq oldu. Gələn kimi deyirlər ki, ala, canlı oxu. Xəstə adamsan, istər-istəməz adi musiqi alətinin də simi xarab olanda düzəltdirirsən.  Səsdir də bu, qrip ola bilərsən. Müğənni də insandır, başqa planetdən gəlməyib ki. Bunun da ailəsi var, bu da xəstə ola bilər, bunun da yası düşə bilər. Ola bilər ki, əhvalı yerində deyil, oxumaq istəmir. Oxuyanda da insan ürək qoymalıdır. Belə halda səni vura bilərlər. Və yaxud hansısa sözü sənə dedizdirib montaj edə bilərlər. Nəyinsə nöqtə-vergülünü düz qoymayanda, yerini dəyişəndə cümlə mənasını dəyişir. Ona görə müsahibələrdən çox çəkinirəm, efirdən bir az qaçıram. Hər çağırılan efirə getmirəm. Çünki bilmirəm orada mənə nə sual verilə bilər, cavabı nə olar, montajda onu nə edərlər. Bu şeylər var. Bizi vururlar, bizə rahat deyil. Bugünkü gün müğənni olmaq ən çətin sənətdir. 

- Ən çox etirazlarınızı sosial şəbəkədə dilə gətirirsiz. Amma ümumi baxanda gündəm mövzularına da münasibət bildirirsiz. Şou-biznesdə də böyük qalmaqallara öz mövqeyinizi qoyursuz. Son olaraq, rəylərinizə diqqət etdim. Pərvin Abıyeva ilə Tunay Əliyeva qalmaqalında Pərvin Abıyevaya dəstək olmuşdunuz. Amma mənim əvvəllər yadıma gəlir ki, siz Tunayla daha yaxın idiniz. Bəlkə yaxın deyildiz? Çünki fotolar paylaşırdız. Mən belə fikirləşirəm ki, sizin tənqidi fikirlərinizin rəfiqəliyə aidiyyatı yoxdur. 

- Əslində, Pərvin Abıyevanı tanımıram. Amma Tunay Əliyeva ilə “salam-əleykimiz” var. O ki qaldı, haqsızlıq və ədalətli fikir yürütmək... Mən hər zaman düzgünlüyün tərəfdarıyam. Düşünürəm ki, bir insan qalxırsa, onun üstünə getmək, sındırmağa çalışmaq  və yaxud bir insan yıxılıbsa, onun üstünə getmək, tapdalamaq, daşlamaq səhvdir. Çünki kənardan fikir söyləyən insanlar var. Mən bir səhv edirəmsə, bu, mənim səhvimdir. Buna fikir söyləməməlisiz. Çünki mənim bu həyata gəlməyimdə, böyüməyimdə, hansısa uğurlar əldə etməyimdə, səhvlər etməyimdə sizin heç bir rolunuz yoxdur. Sizin buna haqqınız yoxdur ki, gəlib mənə bugünkü gündə ağıl öyrədəsiz və yaxud mənim səhvlərimi barmaqla göstərərsiz. Siz özünüz mələksiz ki?! Və yaxud mənim ifam xoşuna gəlməyə bilər, başqasına xoş gəlir. Sənin zövqün fərqlidir, o demək deyil ki, mən pisəm. İnsanlar bunu anlamırlar, bəlkə də anlayırlar, bilərəkdən bunu edirlər. Həvəsdən salmaq üçün, ya gözü götürmür. Pərvin Abıyevanın “Maşın” şouda söz-söhbəti, qalmaqalı, insanların onun fotosunu yayması xoşuma gəlmədi. Siz bəyəm gülüb gəzirsiz?  Heç kənardan özümüzü görməyi bacarmırıq, qışqırırıq da, başımızın it günündə olan vaxtı da olur. Bu, o demək deyil ki, həmin anda şəklimi çəkib paylaşalar və məni məsxərəyə qoyalar. Nəyə görə bunu eləməlisən ki?! Adama sual verərlər, bu adamın sənə nə pisdiyi dəyib ki, ictimaiyyət içində biabır etməyə çalışırsan. Fərqi yoxdur, təkcə məndən söhbət getmir, sabah görsəm ki, sizə də qarşı haqsızlıq var, mən sizin yanınızda bonus yığmaram. Sizdən mənə heç bir xeyir və ya ziyan yoxdur. Gəlib mənə “çox sağ ol” deməyə bilərsən. Ədalətsizliyə göz yummaq, onlardan biri olmaq kimi mənə görünür. Mənim çox izləyicim var, ona görə yersiz qınayanları utandırıram ki, bunu etməsinlər. Qınaq olmasa və insanlar azad fikirli olsalar, mentalitet insanlara mane olmasa, bu qədər intihar sayı artmaz. İntihar nədən irəli gəlir? Bir insan etmək istədiyini edə bilməyəndə və yaxud qınananda, psixoloji təzyiq göstərəndə. Heç kim heç kəsin həyatına burnunu soxmamalıdır. Əvvəllər bunu eləməyə utanırdılar, edəndə də qeybət formasında edirdilər. Amma bunu yüzlərlə, minlərlə insanın gözü önündə etmək... İnternet yaranıb insan elə fikirləşir ki, qeybət üçün ən yaxşı yerdir də, girib kiminsə qeybətini edək, hamı qoşulsun və bizə dəstək olsun. İnsanlar kimisə pisləyir, kimsə buna dəstək olur, bu da təsəlli tapır ki, kimsə mənimlə həmfikirdir. Qoy səninlə həmfikir olan insan yaxşı şeydə həmfikir olsun da. Niyə görə pis bir şeydə olmalıdır. Mən bunun əleyhinəyəm, çalışıram ki, insanlara çatdırım. Hər zaman müsahibələrdə, statuslarda bu fikirləri yazıram ki, ay insanlar, bir az rahat yaşayın, qınaqdan uzaq olun, insanların həyatına qarışmayın. Kim necə bacarır, elə də yaşayır. Həyatı qavramağımızda fərq var. Yəni eyni filmə baxıb fərqli fikirlər söyləyə bilərik. Bilmirəm fikir vermisiz, ya yox, biz müğənnilər yenilik etmək həvəsində deyilik. Kimin üçün edəsən bu yeniliyi? On nəfər bəyənirsə, on beşi başlayır söyməyə ki, sən gündəmdəsən, qəşəng görünürsən. Bəzən insan bezir və fikirləşir ki, kimin üçün edirəm bunu. İnsana dəstək olmaq lazımdır ki, yaratsın. Götürək mənim kiçik oğlum David. Onda bir xüsusiyyət var, onu gərək şirin dillə tərifləyə- tərifləyə təşviq edəsən. Dərs hazırlamağa bir az tərsdir, hər bəhanə ilə vaxtı uzatmaq istəyir. Yəni bunun xasiyyəti belədir. Amma ortancıl oğlum dərslərini elə edirdi, bizim xəbərimiz olmurdu. Hər zamanda qiymətləri yüksək olurdu. Daviddə elə deyil, ona bir dəfə desəm ki, hə, sən bunu  başa düşmədin və sair, mən artıq onun istəyini öldürürəm. Amma mən deyəndə ki “mənim ağıllı balam, sən bunu edəcəksən”, görürəm gəlir edir. Şirin dil ilanı yuvasından çıxarar. Çox maraqlıdır ki, tərifi üzə deməyə utanırıq, amma kimisə tənqid etməyə utannmırıq. Bu haqq bizdə haradandır? Bizim o insandan üstünlüyümüz nədədir ki?!

- Statuslarda daha çox qeybət məsələsinə üstünlük vermisiz. Kiməsə məsləhət vermisiz, kiməsə söz atmısız ki, insanlar qeybəti yığışdırın. Ümumiyyətlə, mənim qeybətimi qırmayın. Qeybətinizi qıranda sizə kim çatdırır? Sizə kim deyir ki, Nura, sənin qeybətini qırdılar? 

- Yemək yeyirik, şən vaxtımızı keçiririk, o vaxtı gözəl keçirməkdənsə, mən olmadığım yerdə oturub Nuranı müzakirə edirlər. Məsələn, Nura yalandan kitab paylaşır, o heç kitab oxumur. Yalandan özünü gözə soxur. Camaat da orda olur axı, biri məni istəməyəndə, biri istəyir. Bir lətifə var: Bir nəfər  iki metr hündürlükdən tullanır. Deyir, “həə, onda onun pulu var”. O biri deyir ki, “Adə, özü tullanıb, gözümlə gördüm”. Deyir, “həə, onda onun adamı var”. A bala, televizor da göstərib, hamı da görüb. Deyir, “həə, onda onun həm pulu var, həm də adamı”. Bax, bu, ona oxşayır. Yəni nəsə tapıb deməlidirlər. Mənim kitab oxuyub-oxumamağımın sizə nə dəxli var?! Niyə qızıl vaxtınızı, oturub yeyib-içib kef elədiyiniz vaxtınızı günaha batırırsız? Mənə bir jurnalist gəlib sual verdi ki, sonuncu dəfə hansı kitabı oxumusuz? Mən də dedim, filan kitabı. İndi gəl mövzunu danış, əgər o kitabı oxumamışamsa, mən nə danışacam? İnsanın söz bazasından, danışıq tərzindən tuta bilmirsiz ki, bu kitab oxuyandı, yoxsa yox? Elementar və gülünc şeylərdi də. Aşığın sözü qutaranda, na-nay, na-nay deyər. Bilmirlər axı, nə desinlər. Görüntü yerində, danışıq yerində, amma oxuya bilmir. Yaxşı, bu mahnıları kim oxuyub mənim yerimə? On dörd ildir ki, səhnədəyəm. Camaat məni tədbirinə çağırıb pul ödəyir. Sənin zövqündə deyil, o demək deyil ki, mən oxuya bilmirəm. Bugünkü gün Röyaya da qulaq asırlar, Damlaya da qulaq asırlar, Üzeyirə də, Elton Cona da, Corc Maykla da. Bu, o deməkdir ki, hansısa pis oxuyur, hansısa yaxşı oxuyur?  Bu, o deməkdir ki, zövqlər fərqlidir. 

- Dostluq məsələsindən danışdıq. Samir Cavadzadə ilə çox yaxın dost idiniz. Sosial şəbəkələrdən bunu görürdük. Amma şəkillərinizin sayı azaldıqca biz gördük ki, münasibətlər də soyuqlaşır. Hətta o qədər yaxın dost idiniz ki, haqqınızda xəbərlər çıxırdı ki, nişanlanıblar və sair. Amma düyəsən, münasibətlər təmiz kəsilib. Səbəb nədir?

- Səbəb yoxdur. Səbəb olmadığına görə də, mən heç bilmirəm bunu necə cavablandırım. Sadəcə, münasibət yoxdur. Var da belə insanlar ki, nə vaxtsa Röya  var idi, nə vaxtsa Nura var idi. İndi nə Röya var, nə də Nura. 

- Nigar Camal var...

- Hə, ola bilər. Ondan xəbərim yoxdur. Çünki heç birini izləmirəm, nə də marağımda deyil. 

- Amma əvvəllər elə bil Nigar Camalla da yaxın idiniz...

- Bəli.

- Amma indi əlaqə yoxdur.

- Yox. Heç bir şey də baş verməyib. Sadəcə, baxırsan, münasibətlərdən nəticə çıxarırsan. Nəyisə qəbul edirsən, nəyisə etmirsən. 

- Bir də, ictimai məsələlərə rəy bildirirsiz. Bəziləri elə düşünürki, Nura Suri özünə xal toplamaq üçün bu statusları paylaşır. Çünki insanlar sosial problemləri qabardan şou əhlini çox görmür və Nura onu paylaşırsa diqqət çəkir. Postları səmimi yazmadığınızı düşünürlər. Ancaq əks düşünənlər də var. 

- Bütün dünyada müğənninin bu mövzulara münasibət bildirməyi normaldır.  ABŞ-da Tramp qalib olanda bütün məşhurlar onun əleyhinə və lehinə fikir bildirdilər. Çünki tanınmış şəxsin səsini daha çox insan eşidir. Nəsə siyasi bir problemə qabardıcı şəkildə münasibət bildirməyim mənim işim deyil. Mən bu işlərə heç vaxt qarışmıram. Bildiyim qədər də vətəndaş mövqeyim var, müğənniliyi kənara qoyuram. Əsgər ölümü ilə bağlı və yaxud hansısa sosial problemlə bağlı fikirlərimi bölüşürəm. Mən pensiya almıram, amma təqaüdlər gecikəndə mən bu haqda statuslar yazıram. Məndən bunu xahiş edirlər ki, yazın, bəlkə verdilər və mən də o xahişi yerinə yetirib yazıram. Bilmirəm pensiyalar nə vaxt verilir, nə vaxt verilmir. Amma mən kiminsə sözünə münasibət bildirib  yazıram ki, ən azından araşdıracaqlar və bir cavab verəcəklər. Və mən yazanda jurnalistlərə hər dəfə müraciət edirəm ki, xahiş edirəm, jurnalistlər bu barədə münasibətlərini bildirsin. Niyə baxmırlar? Bu, xırda sosial problemlərdir. Bu nəsə belə daxili siyasi, xarici siyasi mövzular deyil. Yazdığım statuslar dövlət əleyhinə və ya kiminsə əleyhinə deyil. İnsan gərək başı çıxdığı qədər, bildiyi qədər mövzuya münasibət bildirsin. Tutaq ki, eyni dərmanın fərqli apteklərdə ayrı-ayrı qiymətlərdə satılması. Mən bunun şəklini çəkib paylaşmışdım ki, buna nəzarət olmalıdır. Buna mən cavab istədim. İki-üç il bundan öncə bunu status formasında yazdım və bir müddət sonra  apteklərdə dərmanların qiymətlərinin stabilləşməsi barədə qərar çıxdı. Ola bilər ki, kimsə mənim statusumu gördü və münasibət bildirdi ki, doğrudan da niyə belə olsun ki?! Və yaxud kərə yağının qiymətinin bahalaşması. Bu haqda yazmışdım ki, həmişə aldığımız yağ 8 manat 40 qəpik olub. Şəklini çəkib atmışdım ki, niyə bu qiymətə olub?! Axı demişdilər qiymətlər düşəcək? Sonra bu məsələ ictimailəşdi. Deməli, biz də ictimai xadim kimi çıxış edə bilərik. Götürək, qaz kəsilib səbəbsiz yerə. Bir var, sayt maraqlanır məsələni, bir də var biz zəng edirik adi vətəndaş kimi. Bizə cavab verməyə bilərlər. Amma sizə cavab vermək məcburiyyətindədirlər ki, bu qaz niyə kəsilib, saat neçədə verəcəklər. Mən yazanda siz jurnalistlər maraqlananda artıq bir cavab ala bilirik.

- Şou biznesdə sanki iki hissə var: Mərkəzdə olanlar və kənardan baxanlar. Mən sizi ikinci kateqoriyaya daxil edirəm. Kənardan baxırsız, ancaq nədənsə parlayanların yanındasız. Aygün Kazımova ilə, Röyayla, Zülfiyyə Xanbabayeva ilə yaxın münasibətiniz olub. Parlayanların yanında görünməyin səbəbi nədir?

- Ətrafımda həmişə çox insan olub. Yeni çıxan müğənnilərdən tutmuş ən parlaq ulduzlara kimi münasibətim hər kəslə yaxşı olub. Müğənnilikdən əvvəl Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Samir Bağırovla dostluğumuz olub. Samir Cavadzadə ilə dost olanda nə o oxuyurdu, nə də mən. Sonra mən səhnəyə gələndə artıq bünövrə var idi. Bir çox yeni çıxan müğənniyə də mən dəstək olmuşam. Hətta aparıcısı olduğum “Yeni Ulduz” müsabiqəsində özümün səs verdiyim insanlar olub. Dostlarımdan xahiş etmişəm ki, səs verin, İmran Dadaşov ikinci yerə çıxdı. Və imkan olana qədər onu tədbirlərə çıxarmağa çalışmışam. Özümə qarşı bunu görməsəm də... Məsələn, hansısa ulduz yığıb desin ki, filan tədbirdə sən də varsan. Olmayıb... Amma mən bunu eləmişəm.  Hətta sizə də ağız açmışam ki, Aylaya dəstək olun. Nə bilim vallah, qarşılıq güdməmişəm. İndi düşündürdüz məni bu haqda. Pis oldum ki, niyə mənə qarşı belə münasibət var. 

- İki-üç müğənni var ki, sualdan qorxur. Aygün Kazımovadan, Natavan Həbibidən nə sual vermişəm, cavab ala bilmişəm. Düşünürəm ki, siz də o kateqoriyadan olan müğənnisiz. Üç dəfə ailə qurmusuz, niyə məhz Suri soyadını seçmisiniz? 

- İlk evliliyimdə bu soyadı seçmişəm. Övladlarımın soyadı mənim soyadımdır. İkinci ailə həyatım bir ay sürüb. Hər bir münasibətin bünövrəsində hörmət, sevgi olmalıdır. Amma bizdə çox əfsuslar olsun ki, qınaqdan qorxuruq. Və boşanandan sonra qorxuruq ki, adımıza söz çıxmasın. Həmin dövrdə mən yeni gəlmişdim. O qədər söz-söhbətlər var idi ki. Bugünkü gündə nə danışsalar vecimə deyil.  Onda mən buna hazır deyildim. Bu səbəbdən ailə qurdum. Bu da mənim ən böyük səhvim oldu. İndiyənə qədər anlamıram ki, bunu niyə elədim. Mən bu adamı sevməmişəm. Heç bir ay sürmədi. Necə evləndik, elə də ayrıldıq. Çox gülünc bir şey idi. Yaxşı ki, mən bunu reklam eləmədim ki, mən ailə qurmuşam. Sonra yenidən sənətə qayıtdım. O vaxt canlı efirdə aparıcı idim. Gəldim dedim ki, yeni ailə qurmuşam və çatdıra bilmirəm. Həftədə bir dəfə televiziyaya gəlirdim, verilişlər çəkilirdi. Evə gələndə ayağım iflic olurdu. Bir günə beş veriliş çəkilirdi ki, həftə ərzində yayımlansın. Qalmışdım Bakı-Moskva yolunda. Yarı həyatım Moskvada keçirdi. Sonra David dünyaya gəldi. Biz ayrıldıq. Belə... Suri soyadına gəlincə isə artıq bu soyadla səhnəyə gəlmisənsə bitdi...

- Növbəti ailəliyinizdə soyadınızın dəyişilməməsi yoldaşınız tərəfindən etirazla qarşılanmadı? 

- Onda uşaqlarımı da problem edərdi, çünki soyadımdan başqa uşaqlarım var. Məncə, bunlar problem olmamalıdır. Ancaq yenə mentalitetə gedirsənsə, hə. Mənasız qınaqlar var. Mən yenidən dünyaya gəlsəm, yenə nədəsə səhvlər edəcəm. Amma bu səhvlərimlə, uğurlarımla, yəni hər şeylə bu yaşıma çatmışam. Yenidən həyata gəlmək şansım olsa, yeni həyatı yaşamaqda davam edərəm. Çünki səhvimi düzətsəm, tamam fərqli bir şey olar. Həyat tamamilə dəyişər və başqa səhvlər ortaya çıxar. Uğur və uğursuzluq. Mən bunu yemək bişirəndə anladım. Mütləq uğursuzluq uğuru aparır. Uğura başqa cür getməyin yolu yoxdur. Uğursuzluqdan uğura getməlisən. Reseptə baxıb ununu az, ya yumurtasını, ya yağını çox qatıb alınmayanda başlayırsan, öz reseptini işə salmağa. Sonda mükəmməl formada hazırlayıb ortaya çıxara bilirəm. O, mənim birinci uğursuzluğumdur ki, məni bu uğura gətirir. Həyat da belədir. 

- Səhvləriniz çox olur?

- Biz hamımız səhv edirik. İndi danışıram, görürsən ki, hansısa cümlədə səhv elədim. Hər şeyi dərindən düşünəndə görürsən ki, burda yaxşılıq edə bilərdim, eləmədim. Bir dəfə Davidlə restoranda əyləşmişdik, yemək yeyib durduq. Yay idi, açıq havada axşam vaxtı idi. Bir it gəldi Davidin qabağına başdadı yalvarmağa. Yemək istəyirdi. Mən restoran işçilərindən xahiş etdim ki, itə yemək versin. Onlar dedilər ki, biz bunu edə bilmərik, sonra it burdan getməyəcək, bizə söz gələcək. Gördüm uşağı ağlamaq tutub ki, ona yemək verək. Heyvanlar hiss edirlər öncədən. Ərinmədim evə gedib itimin yeməyindən götürdüm. Gəlib gördüm ki, it dayanıb orda. Ona yem verdik. David çox sevindi, uşaq dedi ki, nə yaxşı bunu elədik. Mən baxıb fikirləşdim ki, biz hər an bunu edə bilərik. Hər yerdə bir yaxşılıq edə bilərik. Bunu eləməkdə tənbəllik edirik, amma kimisə qınamaqda, səhvini axtarmaqda ərinmirik. Bacardığım qədər çalışıram ki, sözlə də olsa, yaxşılıq edim. 

- Qınaqlara baxsaq, sizi güclü qadın hesab edə bilərik. Çünki ölkədə bir boşanmada o qədər ictimai qınaqlar olur ki, qadın çıxılmaz hala düşür. 

- Varlı içəndə deyirlər ki, yeyib-içəndir, kasıb içəndə ona “alkaş” deyirlər. Varlının qızı qısa geyinəndə, ya boşananda ona ar tutmurlar. Müğənni boşananda hamı ona ar eləyir. Bəlkə bu, qorxaqlıqdır, bəlkə bu, yaltaqlıqdır?! Mən “qınaqdan qaçın” deyəndə bütün bunları nəzərdə tuturam. Hansısa məmurun övladı boşananda söz olmur. Kasıbın balası boşananda söz olur, müğənni də ki xüsusən. Heç kim keç kimin haqqında danışa bilmir deyə, hamı hirsini tökür müğənnilərə. Müğənni insandır, anadır, bacıdır, müğənni övladdır, Allahın yaratdığı bəndədir. Mən toyda oxuyanda içkili adam gəlib qucaqlayıb şəkil çəkdirmək istəyəndə və buna icazə verilməyəndə “əəə müğənnidi də” deyənin başına mikrofon vurmağım gəlir, amma tərbiyəm yol vermir. Fikirləşmirlər ki, müğənni halal zəhməti ilə oxuyub pul qazanır ki, gedib balalarını dolandırsın. Nə bilirsən ki, balaları gələcəkdə kim olacaq? Hansısa qəhrəman adını qazana biləcək bir övlad olacaq. Niyə ona aşağı gözlə baxırsan? Hardandır səndə bu tərbiyə, bu haqq ki, sən müğənni haqqında belə düşünə biləsən. Pozğunluğa qalsa, bu, hər bir sahədə var. Bunun müğənniliyə aidiyyatı yoxdur ki? Müğənnini qınamaq düzgün deyil. Mahnısından xoşun gəlmir, qulaq asma. Daha söymək nədir? Bunları başa düşə bilmirəm. Şəbnəm Tovuzlunu biabır elədilər, niyə? Niyə icazə verilir ki, yeni doğulmuş körpə haqqında o qədər neqativ fikirlər söylənsin. Nə bilirsiz ki, o uşaq böyüyüb kim olacaq? Bunun özəyində qorxaqlıq və yaltaqlıq görürəm. 

- Düzdür, analar heç vaxt övladlar arasında seçim etmir. Amma nədənsə sizin profilinizdə ancaq Davidin fotolarını görürəm. Sanki ancaq kiçik oğlunuza fokslanmısız. 

- Ayrılandan sonra qardaşım bizimlə qalırdı. Çünki evdə kişi olmalı idi.  Müğənniyəm deyə, artıq-əskik danışılmasın. Qardaşım evləndi çıxdı, böyük oğlum Londona getdi. Ortancıl oğlum da bu il Amerikaya oxumağa getdi. Böyük artıq magistraturanı bitirib. Evdən birdən-birə üç nəfər azaldı, David tək qaldı. Bu səbəbdən, ona diqqət çox ayırıram. O da oxumağa gedecək, mən tək qalacam. Üç oğlan böyütmüşəm deyə bilirəm. Oğlan uşağı eqoist olur. Qadınlar yalnız diqqət və sevgidən başqa heç nə istəmir. Kişiyə hər şey azlıq edir, sevgi də diqqət də. Və Davidin birdən-birə tək qalması, qardaşlarının getməsi, atasının yoxluğu... Mənim diqqətim yalnız ona olmalıdır ki, onların əvəzini verə bilim. Amerika ilə saat fərqi çox olduğundan onlar heç vaxt tapıb danışa da bilmirlər. 

- Adətən, ana ilə qalan övladlarda atayla münasibətə qadağalar qoyurlar. İstəmirlər  ki, atayla münasibət yaransın.

- Səhv fikirdir. Övlada pis eləmiş olursuz. Mənim səninlə problemlərim var deyə uşağın buna nə dəxli var? Sadəcə olaraq, birinci yoldaşım məndən sonra evlənməyib deyə uşaqlarla münasibəti çox gözəldir. Davidin atası evlənib, onun öz ailəsi, uşaqları var. Onunla heç bir münasibətimiz yoxdur.  

- Müğənni olaraq kaprizlisiz?

- Anadan olandan öz kaprizlərim var. Daviddə də eyni kaprizlərdir. Arada hirslənmək istəyirəm, məni gülmək tutur. 

- Bir misal çəkim, siz bir geyim mağazası ilə çalışırdız, oranın siması idiz. Və əlaqəni kəsdiniz, çünki onlar geyimi Oksanaya vermişdilər.

- Onlarla mənim əvvəldən danışığımız olub. Onlar mənimlə çalışmaq istəyəndə gördüm ki, başqa müğənnilər də geyinir. Mən onlara dedim ki, ya mənimlə işləyirsiz, ya da onlarla. Çünki mağazada modellərin sayı çox deyildi. Nə də səhnədə olan insanlar çox deyil. Və eyni tədbirə eyni geyimdə gəlmək qorxusu var. Mənim özüməməxsus imicim var artıq. Mən bu brendi Azərbaycanda tanıdan olmuşam və onlar da mənə öz minnətdarlığını bildiriblər. Oksanaya gəldikdə isə, “Maşın” şou efirə gedəndə Oksana onlara müraciət edirdi ki, mən sizinlə işləmək istəyirəm. Menecer mənə dedi ki, bəs Oksana bizə müraciət edib. Soruşanda nə cavab verdiniz? Dedi ki, “əlbəttə, yox”. Buna baxmayaraq, onlarla çalışa-çalışa bir neçə müğənniyə ağız açmışam. Hətta Nigar Camalı o mağazaya göndərmişəm. Mənim üçün heç bir fərqi yoxdur. Mənim xəbərim varsa olar. Oksana mənə də deyə bilərdi, mən deyəcəkdim “hə”. Zəng vurub deyəcəkdim ki, Oksana mənə dedi, onunla çalışın. Çünki mənim onlarla müqaviləm olub. Necə ki, mənə deyirdilər ki, gəlin bizim mağazaya, mən deyirdim gələ bilmərəm, eyni şeyi onlar da etməli idilər. Bir də görürəm ki, yeni kolleksiyadan Oksanadan başqa da bir neçə müğənniyə göndəriblər. Mənə deyirlər ki, bəs pulla alıblar. Dedim ki, pulla alıblarsa reklama niyə qoyublar? Artıq bu, aldatmaq idi. Elə olub ki, müğənni rəfiqələrimdən biri  sadə geyinib. Oturub ona paltar seçmişik ki, bir də evə qayıtmasın, vaxt yoxdur. 

- İllər əvvəlki nikahdan paylaşım etdiniz bu yaxınlarda. Sizi buna nə vadar etdi?

- Mənim ailəm haqqında, övladlarım haqqında artıq-əskik söhbətlər eşitdim. Guya, ki, mənim ərim qoca kişi olub, şeyx olub. Mənim gül kimi cavan həyat yoldaşım olub. Özü də ərəb deyil, iranlıdır, soyadımdan bilinir. İranda çox tanınmış məmur övladı ilə ailə qurmuşam. Yalan danışırlar, sonra birdən fakt qoyursan, özləri də biabır olur. Deyirlər ki, yoldaşlarının üçü də xarici olub. Yalandır. Kimsə demişdi ki, Nura əvvəllər 100 kilo olub, sonra əməliyyat eləyib. Mən ömrü boyu çəki azlığından əziyyət çəkən adam olmuşam. 46-48 kilo bir dəri, bir sümük olmuşam. Adıma nələr çıxarmışdılar. Az qalsınlar, narkoman belə desinlər. Bax, indi 5 kilo kökəlmişəm, sevinin. Bilmirəm, sevinərlər, ya paxıllıqları tutar. 

Elvin Elxan

Video: Nərminə Vəliyeva, Nuran Məmmədov