Birinci rübdə ölkədə işəgötürənlər 103 700 manat cərimə olunub

birinci-rubde-olkede-isegoturenler-103-700-manat-cerime-olunub
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, konfransı giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov açıb.

Qeyd olunub ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2012-ci ilin I rübündə 1412 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 4197 qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 156 623 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 140 322 manat gecikdirilmiş əmək haqqının işçilərə ödətdirilməsi, işdən qeyri-qanuni şəkildə azad edilmiş 7 nəfərin əvvəlki işinə bərpa olunması, qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan 506 nəfərlə işəgötürən arasında əmək müqavilələrinin bağlanılması təmin edilib.

İşəgötürənlərə ümumilikdə 103 700 manat məbləğində cərimə tətbiq olunub. Qeyd olunan müddətdə istehsalatda 41 bədbəxt hadisə qeydə alınıb və həmin hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə tikinti sektorunda baş verən bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı azalaraq 3 nəfər təşkil edib.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin, Aİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın, plenar iclasda Aİ-nın Tvinninq layihəsinin rezident müşaviri Karl Kuhnun, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyevin, ayrı-ayrı müəssisələrin əməyin mühafizəsinə məsul şəxslərinin çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Tədbirdə Avropa İttifaqının “Azərbaycan Respublikasında təhlükəsiz və sağlam əmək şəraitinin təkmilləşdirilməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəstək” Tvinninq layihəsi üzrə sosial tərəfdaşların nümayəndələri və əmək müfəttişləri üçün cari ilin yanvar-fevral aylarında keçirilmiş “Təlimçilərin təlimi” adlı ikimərhələli təlim kursunu uğurla başa vuran 20 nəfər müdavimə Sertifikatlar təqdim olunub.

Konfransın sonunda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırlanmış, idarə, müəsissə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı yoxlanılan norma və qaydalar barədə ətraflı məlumat verən “Əmək qanunvericiliyi: norma və qaydalar” metodik vəsaiti işəgötürənlərə paylanıb.


Nigar Məmmədli