Birinci vitse-prezident məktəbin təmirinə göstəriş verdi - Fotolar

birinci-vitse-prezident-mektebin-temirine-gosteris-verdi
Oxunma sayı: 1777

İyunun 13-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verib.

Bildirilib ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə şöbələr açılıb.

Məktəbin yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.