Birinci Zahid Oruc, sonda Hafiz Hacıyev çıxış edəcək - Püşk atıldı

birinci-zahid-oruc-sonda-hafiz-haciyev-cixis-edecek
Oxunma sayı: 2346

Bu gün Mərkəzi Seçki Komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, iclasda qeyd olunub ki, namizədlər üçün bu gün saat 22:00-da İctimai televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.  

Püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub. 

1. Zahid Oruc 
2. Araz Əlizadə
3. Qüdrət Həsənquliyev
4. İlham Əliyev
5. Razi Nurullayev
6. Sərdar Cəlaloğlu
7. Fərəc Quliyev 
8. Hafiz Hacıyev

***

MSK sədri Məzahir Pənahov bildirib ki, hər namizəd 1 saat ərzində 7 dəqiqə 30 saniyə çıxış etməli olacaq: “ Burada əsas məsələ ondan ibarətdir ki, çıxışlar zamanı şərəf və ləyaqətə toxunulmasın. Eyni zamanda təhqirlərə yol verilməsin. Bu il həm də namizədlərin xahişini nəzərə alaraq efirdə təşviqat zamanının vaxtı dəyişdirildi. Əvvəl televiziyada çıxışlar saat 19:00-da başlayırdısa, indi bu vaxt saat 22:00-da başlayacaq. Sağ olsun ki, İctimai Televiziya da namizədlərin bu xahişini nəzərə aldı”.

MSK sədri qeyd edib ki, yaramaz küçə söyüşü səviyyəsinə enmək özünü başa düşən insan üçün real deyil:

"Kim belə edirsə o şüursuz insanlardan az fərqlənir. Bu cür məsələlərə fikir bildirməliyik".