Birləşmə nə vəd edir?

birlesme-ne-ved-edir
Oxunma sayı: 1643

Dünya Sakit

Bu günlərdə prezident İlham Əliyev sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda diqqətimi cəlb edən bir məqam çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması ilə bağlı oldu. Belə ki, dövlət başçısı İqtisadiyyat Nazirliyinə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə “çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün” çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması ilə bağlı müvafiq tədbirlər görməyi tapşırıb.

Bu, ötən ildən ölkədə başlanan və tezliklə müsbət nəticələrinə ümid etdiyim bir prosesin davamıdır – istehsalçı və ixracatçıların təşkilatlanması prosesinin. Qeyd edim ki, istehsalçı və tacirlər birlikləri Avropada orta əsrlərdə yaranıb. Bəzən o qədər böyük birliklər formalaşıb ki, dövlətlərə belə söz keçirmək gücündə olub. Məsələn, Venesiya, Genuya tacir gildiyaları uzun illər boyu dövlət siyasətinə təsir edən çox nüfuzlu güc mərkəzləri rolunu oynayıblar.

Avropanın klassik gildiyaları – istehsalçı və tacirlərin indiki həmkarlar ittifaqları formatına uyğun gəlirdi. Onlar üzvlərin hüquqlarını qoruyur, bazarlara çıxışlarını təmin edir, müxtəlif peşə sahibləri ilə yaranan problemlərini həll edirdilər. Eyni zamanda istehsal olunan məhsulların qiymətini razılaşdırır, keyfiyyətinə təminat verirdilər. 

Hazırda dünyada gildiyaları birliklər, assosiasiyalar əvəz edib. Azərbaycanda  Sahibkarlar(İşəgötürənlər) Konfederasiyası fəaliyyət göstərsə də, bu qurum daha çox Nazirlər Kabineti ilə ildə bir dəfə imzalanan baş kollektiv sazişlə yadda qalıb. Onun ayrı-ayrı istehsalçı sahibkarların problemlərinin həllində aktiv iştirakı nəzərə çarpmayıb.

Yeni yaradılan assosiasiyalar isə hesab edirəm ki, ayrı-ayrı sahələr üzrə çox mühüm işlər görə bilər. Düzdür, hələ ki belə assosiasiyalar yuxarıdan gələn təşəbbüslə formalaşdırılır. Son iki ildə İqtisadiyyat Nazirliyinin birbaşa dəstəyi ilə meyvə-tərəvəz, xurma, tekstil, nar, fındıq, şərab istehsalçıları və ixracatçılarının assosiasiyaları formalaşdırılıb. Bu birliklərin istehsalçıların öz təşəbbüsü ilə yaranması daha təbii olardı, lakin indiki halda hətta hökumətdən gələn təşəbbüslə yaradılsa belə, sahibkarların təşkilatlanması təqdirəlayiq haldır. Xüsusilə də ixracyönümlü məhsul istehsal etməyə iddialı olan sahibkarların birgə fəaliyyəti vacib amildir.

Assosiasiyalaşmanın müsbət təsirlərindən birincisi, istehsalçılarla dövlət qurumları arasında operativ əlaqələndirmənin təşkili ola bilər. Ayrı-ayrı regionlarda istehsalçının üzləşdiyi problemin mərkəzi qurumlara vaxtında çatdırılması onların həllinin sürətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda belə birliklər xarici bazarların tapılmasında müasir vasitələrdən istifadə, yeni istehsal metodologiyalarının tətbiqi kimi sahələrdə sahibkarlara əvəzsiz yardım göstərə bilər. 

Onu da qeyd edim ki, Türkiyədə istehsalçı birlikləri kifayət qədər inkişaf edərək, ayrı-ayrı sahələr üzrə aparıcı rola sahiblənə biliblər. Məsələn, Fındıq və Məhsullar İhracatçılar Birliyi dünyanın ən böyük fındıq ixracatçısı olan ölkədə fındığın qiymətini müəyyənləşdirən, bu sahədə çalışan fermerlərin hüquqlarını qoruyan əsas quruma çevrilib. 2 il əvvəl seçkiqabağı Rəcəb Təyyub Ərdoğanla görüşən birlik rəhbərliyi fındıq istehsalçılarının problemlərini çatdırmaqla yanaşı, ondan dövlətin fermerlərə dəstək verəcəyinə dair vəd almağa nail oldular. Ərdoğan prezident seçiləndən sonra isə qiymətin fermerlər üçün zərərli həddə düşməsinə imkan verməmək üçün fındığın dövləti tərəfindən alınmasına başlandı. Artıq 2 ildir Birlik fermerlər üçün məqbul qiyməti müəyyənləşdirib hökumətə təqdim edir, Türkiyə  Taxıl Şurası isə artıq məhsulu həmin qiymətə alaraq fermerlərin zərərə düşməsinə imkan vermir.

Azərbaycanda yaradılan istehsalçı birliklərinin eyni rolu oynamaları üçün müəyyən müddət tələb olunur. Ümid edirəm ki, istehsalçı birlikləri formal qurum olaraq qalmayacaq, ən uzağı 2-3 ildən sonra istehsalçıların sözünü müsbət mənada deməyə qadir olacaqlar.