İsa niyə sevilir?

isa-niye-sevilir
Oxunma sayı: 876

İsa haqqında yazarkən onu başqa elçilərlə əsla müqayisə etmək istəmirəm. İsanın sevilməsini şərtləndirən səbəblər var.

Ədəbiyyat nöqteyi-nəzərindən yanaşdıqda bir məsələni mütləq qeyd etməliyik.

Dünya ədəbiyyatının bir çox şedevr nümunələrində İsa peyğəmbərin obrazı yaradılıb. Bu əsərlər İsaya, İncilə söykənərək yaradılıb. "Don Kixot", "İdiot", "Karamazov qardaşları", qismən "Dirilmə", "Master və Marqarita"...

Rus və Avropa ədəbiyyatında xeyli müsbət din xadimi obrazı var. Oxucular bu müsbət din xadiminin səmimiliyinə inanırlar.

Müəlliflər bunu bacarıblar. Amma biz Şərq ədəbiyyatında müsbət din xadimi obrazına rast gəlmirik.

Konkret söyləsək, Azərbaycan ədəbiyyatında, xüsusən ötən əsrin əvvəlində yaranmış ədəbi nümunələrdə din xadimləri gülüşün, satiranın, qəzəbin, nifrətin obyektinə çevriliblər.

Haqverdiyevin və Mirzə Cəlilin yaradıcılığına nəzər salmaq kifayətdir ki, məsələnin nə dərəcədə qəliz olduğunu anlayasan.

Sovet dövründə isə din xadimlərinin bədii əsərlərdə qamçılanması artıq dövlət sifarişi idi...

İsanın sevilməsinin səbəblərindən bir də, məncə, xristian dininin öz terror mərhələsini artıq çoxdan keçməsidir.

Xristian dini bir din olaraq heç bir təhlükə mənbəyi kimi görülmür.

Din kilsəyə sıxışdırılıb. Bəzi İsa sevənlər üçün isə kilsə Allahın qəbridir. İsa maarifçilərin amansız satira terrorundan ən az itkilərlə çıxan peyğəmbərdir. Halbuki o, daha çox hədəfə alınmışdı.

Onun haqqında deyirlər: "İsa öz mərhəməti ilə Avropa xalqlarının cəngavərlik ruhunu öldürdü".

Yaxud başqa bir fikir: "İsa yoxsulları varlıların mərhəmətinə bağışladı".

Xristian dini öz terror mərhələsini keçməklə İsanı daha da sevdirdi. İsanı zorla sevmək, qorxu altında onu əzizləmək mümkün deyil. O, hər şeydən əvvəl onu sevənlərdən səmimiyyət tələb edir.

Tanıdığım ən azad, səviyyəli insanlarda İsaya qarşı hörmət görmüşəm. Və bu heç də kənardan görünən hər hansı missioner təşkilatının təbliğatının nəticəsi deyil.

O adamlara təsir etmək mümkün deyil. Onlar özləri başqalarına təsir edirlər.

İsa hər bir qələm adamının qələminə, hər bir rəssamın fırçasına açıq bir tarixi şəxsiyyətdir.

Hətta Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi də İsanın karikaturasını çəkib, öz istedadını nümayiş etdirə bilər.

Bunun üçün heç kim gənc rəssamı nə döyəcək, nə söyəcək, nə də təhqir edəcək. Çünki İsa həqiqətən özü özünü qoruya bilən peyğəmbərdir.

Onun qılınca, qorxuya ehtiyacı yoxdur. Kim necə istəsə, onunla davrana bilər.

İki il bundan əvvəl gürcü gəncləri fəaliyyətini dayandırmış zavodların birində tamaşa göstərmiş, (orada zirzəmilərdə, yarımçıq tikililərdə tez-tez müxtəlif tədbirlər keçirilir.

Təkcə Tiflisdə yeddi zirzəmi-teatr fəaliyyət göstərir) tamaşanın sonunda İsanın müqəvvasını yandırmışdılar. Nəticəsi nə oldu? Heç nə.

Nə onları döyən tapıldı, nə haqlarında ölüm hökmü çıxaran, nə də onları ölkədən qovmaq istəyənlər. Kim ki qəzəblənmişdi öz sözün televiziya ekranında, qəzet səhifəsində dedi.

Sözə sözlə, sənətə sənətlə cavab verərlər. Əgər mən nifrət edirəmsə, öz hərəkətlərinlə məni sevməyə məcbur et. Nəhayət, İsa hər kəsin peyğəmbəridir. Məsələn;


İsa uşaqların peyğəmbəridir

O zaman şagirdlər İsanın yanına gəlib dedilər: "Səmavi Səltənətdə ən böyük kimdir?

İsa da yanına bir körpə uşaq çağırdı və onu ortaya qoyub dedi: "Sizə doğrusunu deyirəm, əgər siz dönüb körpə uşaqlar kimi olmasanız, Səmavi Səltənətə əsla girə bilməzsiniz.

Beləliklə, bu uşaq qədər özü-özünü alçaldan, Səmavi Səltənətin ən böyüyüdür. Və kim belə bir körpəni Mənim namimə qəbul edərsə, Məni qəbul etmiş olur".

Bir daha uşaqlar


Uşaqlar İsa peyğəmbərin sevimlisidir. Halbuki onun övladı yox idi.

Necə ki, çox vaxt uşaq teatrlarında çalışanların, uşaq verilişlərinin aparıcılarının uşağı olmur: "O zaman uşaqlar İsanın yanına gətirildilər ki, onların üstünə əllərini qoyub xeyir-dua versin. Şagirdləri isə uşaqları İsanın yanına getməyi qadağan etdilər.

İsa isə dedi: "Qoyun uşaqlar Mənim yanıma gəlsinlər. Onlara mane olmayın. Çünki Səmavi Səltənət belələrinindir".


İsa ziddiyyətlidir


Səhəri gün İsa şəhərə qayıdanda acdı. Yol kənarında bir əncir ağacı tapıb ağaca yaxınlaşdı. Ancaq ağacda yarpaqdan savayı bir şey tapmadı.

İsa dedi: "Qoy bundan sonra səndən əsla meyvə çıxmasın". Və əncir ağacı o anda qurudu.


İsa dahidir



Yəhya ona dedi: "Müəllim, sənin adınla cin qovan, lakin ardımızca gəlməyən bir adam gördük və ona mane olduq, çünki bizimlə gəlmirdi".

İsa dedi: "Ona mane olmayın. Kim sizə qarşı deyilsə, sizin tərəfdarınızdır".


İsa dul qadınların peyğəmbəridir



İsa ianə qutusu qarşısında oturub xalqın daxıla pul atdığını gördü. Bir çox varlılar çox pul atırdılar. Amma yoxsul bir dul qadın gəlib iki lepton (ən kiçik pul vahidi) atdı.

İsa şagirdlərini çağırıb onlara dedi: "Sizə doğrusunu deyirəm, bu yoxsul dul qadın qutuya pul atanların hamısından çox atdı.

Çünki onların hamısı öz varlarının artıqlığından verdilər, bu qadın isə kasıblığına baxmayaraq, bütün varını, dolanmaq üçün əlində olan bütün pulunu verdi".


İsanın kəlamları:



- Siz Yer kürəsinin duzusunuz, amma duz dadsız olarsa, o nə ilə duzlanar? Çölə atılıb, insanların ayaqları altında əzilməkdən başqa bir şeyə yaramaz.



- Əgər sağ gözün səni pis yola çəksə, onu çıxar və özündən xaric et. Çünki sənin üçün bədən üzvlərindən birinin yox olması, bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.



- Sən sədəqə verdiyin zaman qoy sol əlin sağ əlinin nə etdiyini bilməsin. Sədəqən gizli olsun. Gizlini görən, sənə açıqcasına əvəzini verəcəkdir.



- Dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq gizlində dua et. Gizlini görən sənə açıqcasına əvəzini verəcəkdir. Dua etdiyiniz zaman boş sözlər söyləməyin. Bütpərəstlər sanırlar ki, çox danışmaqla eşidiləcəklər.



- Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqla gəzməyin. Ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar.



- Mühakimə etməyin ki, mühakimə olunmayasınız.



- Müqəddəs saydığınızı köpəklərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki, onları ayaqları altında tapdalamasınlar.



- Diləyin, sizə veriləcək. Axtarın, tapacaqsınız. Qapını döyün, sizə açılacaq. Axtaran tapır və qapı onu döyənə açılır. Aranızda elə bir adam varmı ki, oğlu ondan çörək istədikdə ona daş versin? Yaxud balıq istədikdə ona ilan versin?


- Sağlamlar deyil, xəstələr həkimə möhtacdır.



- Heç bir peyğəmbər öz məmləkətində qəbul olunmur.



- Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı müqəddəs edən qurbangahmı?



Kimi gözləyək?


Yəhya şagirdlərindən ikisini yanına çağırıb tapşırdı ki, gedib İsadan soruşsunlar: "Gəlməli olan Sənsənmi, yoxsa başqasınımı gözləyək?"

Adamlar İsanın yanına gəlib dedilər: "Vəftiz edən Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: "Gəlməli olan Sənsən, yoxsa başqasını gözləyək?"

İsa cavabında onlara dedi: "Gedin, nə gördüyünüzü və nə eşitdiyinizi Yəhyaya bildirin".


İsa filosofdur


Şagirdlərdən biri İsaya dedi: "Mənə izin ver əvvəlcə gedim atamı dəfn edim".

İsa isə ona dedi: "Mənim ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsinlər".


İnsan tutan balıqçılar


Qalileya gölü yanından keçərkən suya tor atan iki qardaşı - Peter adlanan Şimonu və onun qardaşı Andreyi gördü. Onlar balıqçı idilər.

İsa onlara dedi: "Ardımca gəlin, Mən sizi insan tutan balıqçılar edəcəyəm".


İsa mühakimə etmir



İncil nəsr əsəridir. Ona görə, İsanın tərcümə problemi yoxdur. Onun kəlamları həm gözə, həm də qulağa yatımlıdır.

Məsələn, İsa ayaqlarını göz yaşı ilə yuyub, saçları ilə qurulayan qadın haqqında deyir: "O, mənim ayaqlarımı göz yaşıyla yuyub, saçları ilə sildi". İstənilən yazıçı bu cümləyə həsəd apara bilər.

Qadın mövzusu İncildə çox aktualdır: Din alimləri zina üstündə tutulmuş bir qadını gətirdilər.

Onu ortaya çıxararaq İsaya dedilər: "Müəllim, bu qadın zina edərkən yaxalandı. Musa qanunda bizə əmr etmişdir ki, bunun kimiləri daşlayaq. Bəs, Sən nə deyirsən?"

İsanı sınayıb onu ittiham etmək üçün bir şey tapsınlar deyə bunu dedilər. Amma İsa əyilib barmağı ilə yerə yazı yazırdı.

Ondan soruşmağa davam etdikdə özünü dikəldib, onlara dedi: "Sizlərdən kim günahsızdırsa, ona birinci daş atsın". Və əyilib yenə yazı yazırdı.

Bunu eşitdikləri zaman ağsaqqallardan tutmuş ən kiçiyinə qədər bir-birinin ardınca ordan çıxdılar. İsanı tək qoydular, qadın da ortada idi. İsa qadından başqa heç kimi görməyərək, ondan soruşdu:

- Qadın, bəs, sənin ittihamçıların hanı? Məgər səni heç kim mühakimə etmədimi?


- Heç kim, Cənab.


- Mən də səni mühakimə etmirəm. Get".


Peyğəmbərin qadına "mən də səni mühakimə etmirəm" deməsi çox dəhşətlidir.


Ətrafını müqəddəsləşdirmir



İsanın çox qəribə bir özəlliyi var. O, ətrafını, şagirdlərini müqəddəsləşdirmir: "Xoruz iki dəfə banlamazdan qabaq, sən Məni üç dəfə inkar edəcəksən".

İsa bu sözləri Peterə deyir. Həqiqətən Peter İsa tutularkən onu inkar edir: "O adamı tanımıram". Və o anda xoruz ikinci dəfə banladı.

Peter İsanın ona söylədiyi "xoruz iki dəfə banlamazdan qabaq, cən məni üç dəfə inkar edəcəksən" sözünü xatırladı. Və acı-acı ağlamağa başladı.

Başqa bir yerdə də İsa şagirdlərindən şikayətlənir. O dua etdiyi zaman şagirdləri yatırlar.

Ümumiyyətlə, İncilin dramaturgiyası çox güclüdür. Məsələn, Yəhuda İsanı öpməklə din alimlərinə işarə verir.

İsa bu zaman deyir: "Yəhuda, sən məni öpüşlə satdın".

Yəhuda intihar edir. Müqəddəs sayılan bir kitabda intihar hadisəsi çox maraqlıdır.


İsanın iztirabları çox insanidir. Etiraf edin ki, peyğəmbərin dilindən "canım ölümcül dərəcədə kədərlidir" sözünü eşitmək... Dəhşətdir! Onunla yanaşı çarmıxa çəkilən canilər də İsanı söyürlər.

Xalq isə Pasxa bayramında Pilatdan İsanı yox, Barabbanı, canini azad etməyi tələb edir: "Pilat onlara dedi: "Axı O nə pislik edib".

- Onu çarmıxa çək. Pilat xalqı razı salmaq üçün Barabbanı buraxır və İsanı çarmıxa çəkməyə təslim edir.

İncilin ən maraqlı yerlərindən biri İsanın canını tapşırarkən söylədiyi sözlərdir: "Allahım, Allahım! Nə üçün məni tərk etdin?"


Bu sözləri anlamaq üçün bir az əvvələ, şeytanın İsanı imtahana çəkdiyi zamana qayıtmalıyıq: "İblis onu müqəddəs şəhərə gətirir və məbədin qülləsinə qoyub Ona deyir: "Əgər sən Allahın Oğlusansa, Özünü aşağı at.

O, öz mələklərinə əmr edəcək və ayağın daşa ilişməsin deyə, Səni əlləri üzərində daşayıcaqlar". İsa ona dedi: "Allahın olan Rəbbi sınama" deyə də yazılmışdır".