İsa Qəmbər Füzulinin işğalından danışdı

isa-qember-fuzulinin-isgalindan-danisdi
Oxunma sayı: 963

Bu istiqamətdə AXC-Müsavat hakimiyyəti zamanı Ali Sovetin sədri olmuş, Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Bizim yol qəzetinə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Füzulinin işğalını necə xatırlayırsınız?

- İki məsələni diqqətdən saxlamaq lazımdır. Mən Ali Sovetin sədri vəzifəsindən 1993-cü il, iyun ayının 15-də istefa vermişəm. Füzuli rayonu isə 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğaldan öncə mən artıq həbs olunmuşam. Həmin ilin aprel ayında Prezident Əbülfəz Elçibəyə Füzulinin işğal olunacağı təhlükəsi ilə bağlı məlumat verdik. Onun dəstəyi ilə Füzuliyə getdik və rayonun işğal olunmasının qarşısını almaq mümkün oldu. Məşhur Məngilanata hərbi əməliyyatı keçirildi. Əməliyyatda hərbçilərin və Prezident qvardiyasının qəhrəmanlığı nəticəsində Füzuliyə olan birbaşa təhlükə o zaman aradan qalxdı. Yalnız 1993-cü ilin iyun qiyamından sonra siyasi vəziyyətin dəyişməsi və Elçibəy hakimiyyətinin yekunlaşmasından sonra ermənilər Füzulini işğal eləyə bildilər.

- Füzulini işğal etməkdə Ermənistanın əsas marağı nə idi?

- Demək olar ki, o zaman Ermənistan Azərbaycan torpaqlarının hamısını işğal etmək iddiasında idi. Həmin mərhələdə isə ermənilərin Füzulini işğal etməklə Azərbaycanla İran arasında sərhədi aradan qaldırmaq, bu sərhədi Ermənistanın nəzarətinə keçirmək, əzəli torpaqlarımız olan Şuşanı və digər torpaqları işğaldan azad etmək üçün hərbi çətinliklər yaratmaq, Naxçıvan və Türkiyə ilə rabitəni çətinləşdirmək və bir sıra siyasi-strateji maraqları var idi.

- Elçibəyin hakimiyyəti zamanı Bakıdan Türkiyəyə çəkiləcək neft kəmərinin Füzulidən keçəcəyi ilə də bağlı plan olduğu deyilir...

- 1992-ci ilin sonu - 1993-cü ilin əvvəllərində dövlət başçısı Əbülfəz Elçibəy Türkiyə hakimiyyət dairələri ilə müəyyən ilkin razılaşmalar əldə etmişdi. Prinsipial razılaşmada Azərbaycan nefti Bakıdan Türkiyəyə, yəni Ceyhana çatdırlacaqdı. Marşurutlarla bağlı müxtəlif fikirlər var idi, yekun qərar verilməmişdi.

- Hazırda Qarabağ problemi ilə bağlı danışıqların prespektivini necə görürsünüz?

- İndiki mərhələ bu istiqamətdə hansısa ciddi dəyişiklik gözləmirəm. Çünki, həm beynəlxalq şərtlər buna imkan vermir, həm də münaqişə ölkələri olan Ermənistan və Azərbaycan hakimiyyətlərinin mahiyyəti problemlərin həlli üçün yetərli deyil.