İsa Qəmbər kimi dəstəkləyəcək?

isa-qember-kimi-destekleyecek
Oxunma sayı: 649

Müsavat partiyasının qurultayı yaxınlaşdıqca partiyada yeni başqan seçilməsi mövzusu ətrafında müzakirələr artır. İsa Qəmbərin başqanlıqdan getməsinə qarşı çıxanlar qarşıdakı qurultayda başqan seçkisinin keçirilməməsini və bunun prezident seçkilərindən sonrakı qurultaya saxlanılmasını təklif edir. Mehman Cavadoğlu isə rotasiya qaydasında Divan üzvlərinin başqan olmasını təklif edib. Lakin qurultayda namizədliyini irəli sürüb başqan seçilmək iddiasında olanlar da var. Hazırda həbsdə olan Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı mətbuata müsahibəsində bir daha bu iddiasını ortaya qoyub.

Partiya sədri seçiləcəyi təqdirdə Müsavatın bütün dövrlərdə olduğundan daha güclü təşkilata çevrilməsinə, daha ciddi nəticələrə nail olmasına çalışacağını deyib. O eyni zamanda bildirib ki, nizamnamənin dəyişilib-dəyişilməməsi haqda qərarın qəbul edilməsi İsa Qəmbərin özünün bu məsələdə mövqeyindən asılıdır və bu mövzuda edilən canfəşanlıq “açıq qapını sındırmaq cəhdidir”.

Bəs digər partiya üzvləri onun bu mövqeyi ilə bölüşürmü?

A. Hacılının öz platformasını açıqlamasında qeyri-adi heç nəyin olmadığını vurğulayan Müsavat başqanının müavini Mehman Cavadoğlu onun dediklərində müəyyən həqiqət olduğunu qeyd etdi. Çünki İsa Qəmbər başqan olmaq istəməsə, heç bir dəyişiklik ona təsir etməyəcək.

Başqanın digər müavini Tofiq Yaqublu da nizamnamədə dəyişikliyin olub-olmamasından asılı olmayaraq İsa Qəmbərin öz namizədliyini verməyəcəyini bildirdi. Hər hansı dəyişiklik seçiləcək növbəti başqana aid edilməlidir.

T. Yaqublunun sözlərinə görə, Azərbaycanda analoqu olmayan demokratiya nümunəsi göstərmələrinə baxmayaraq, bu müddəa Müsavat partiyası içində müəyyən fikir ayrılığı yaradır. Bunun mahiyyətinin dəyişib-dəyişməməsi zərurəti barədə düşünənlər var və bu mənada fikirlər haçalanır. İsa Qəmbərin bu mövqedən hansını müdafiə etməsi isə şübhəsiz ki, müsavatçıların mövqeyinə təsir edəcək: “İsa Qəmbər cəmiyyətdə kifayət qədər nüfuzlu şəxsdir. Onun rəyi insanların düşüncəsinə ciddi təsir edir. O mənada İsa bəy hansı mövqeyi dəstəkləyəcəksə, o mövqenin qalib gəlmək şansı daha çoxdur. Bu, reallıqdır”.

Azadliq.info