“İsa Qəmbər yaxşı maaş versə…” – Müsahibə

isa-qember-yaxsi-maas-verse-musahibe
Oxunma sayı: 669



Xəbər verdiyimiz kimi, ötən həftə bir qrup gənc yazar Müsavat partiyasına keçdi. Yazarlar bu addımı 2 aprel aksiyasındakı həbslərə etiraz olaraq atdıqlarını bəyan etdilər. Yazarlardan biri olan Seymur Baycanla “Yeni Müsavat”a müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:



- Sənin də içində bulunduğun bir qrup yazarın Müsavat Partiyasına qatılması cəmiyyətdə təəccüblə qarşılandı. Xüsusən də bu günə qədər bütün siyasi partiyalara qarşı neqativ münasibətdə olmanız bu təəccübü yaratdı. Səncə, bu təəccüb haqlı idi?

- Yəqin ki, haqlıdır. Ola bilsin, yazılarıma görədir. Çünki zaman-zaman müxalifətin hərəkətlərinə, fəaliyyətinə aid tənqidi yazılar yazmış adamlarıq. Amma etdiyim tənqidlərə görə fikrimin üstündə qalıram. Müsavat Partiyasına keçidim isə sırf rəmzi addım oldu. Məqsəd bu mesajı çatdırmaqdır ki, cəmiyyət tam da ölü vəziyyətdə deyil, yaranmış durum kimlərisə narahat edir. Arif Hacılı neçə ildir bu proseslərin içindədir, müstəqilliyin lehinə imza atmış adamdır. Bizim də əlimizdən belə dəstək vermək gəldi. Nə damarımızı doğraya bilərik, nə də bədənimizə qumbara bağlayıb özümüzü partlada.

- Sənin Müsavat Partiyasına keçidin müvəqqətidir? Bu, sırf mövcud duruma etiraz olaraq atılıb?

- 2003-cü ildə də buna bənzər bir şey oldu. O vaxt aparılan repressiyalara etiraz əlaməti olaraq Şahvələd Çobanoğlu və Rövşən Hacıbəyli Müsavata keçmişdilər. Bu da ona bənzər bir aksiyadır. Nə partiya iclaslarında iştirak edəcəm, nə də qərarların qəbulunda. Özümü partiyanın işlərinə o dərəcədə də daxil etməyəcəm. Payızın axırına doğru yazmaq istədiyim şeylər var.

- Deyəsən, sən daha öncə də Müsavatın üzvü olmusan, sonra partiyadan çıxmısan.

- Doğrudur. 2003-cü ilə qədər də partiyanın üzvü idim. Oktyabrda, prezident seçkilərindən əvvəl çıxdım. Mən çox gənc yaşlarımdan Müsavata üzv olmuşam. Az qala qərargahda böyümüşəm. Sadəcə o vaxt Müsavatın hakimiyyətə gələcəyi ilə bağlı bir əminlik vardı cəmiyyətdə. Mən də iddialı gənc olaraq – o vaxt farmazon vaxtlarım idi – düşündüm ki, əgər hakimiyyətə gəliriksə, mən də hakimiyyətdə olan partiyanın üzvü olmaq istəmirəm. Vətəndaş olaraq öz missiyamı yerinə yetirmişəm. Seçkidə iştirak etdim. Nə biləydim ki, qara, qalmaqallı günlər bundan sonra başlayacaq.

- 2003-ə qədərki müsavatçı Seymurla 2011-ci ildəki müsavatçı Seymur arasında nə fərq var?

- Onda gənclər təşkilatının bütün tədbirlərində ciddi iştirak edirdim. Özümü nəsə hesab edirdim. İndiki situasiyam eyni deyil. Yaş da, həyata münasibətim də dəyişib. İndi mənimçün həyatımda ciddi dəyişikliyin getdiyi dövrdür. Mən zatən mitinqə, piketə cəsarətim çatan qədər çıxmışam. Son qərarım isə sırf Arif bəyin həbsi ilə bağlı oldu. Amma elə gözləntilər olmasın ki, mən həmin düşərgənin maraqlarını gözümü yumaraq müdafiə edəcəm.

- Belə təəssürat yarandı ki, Arif Hacılı həbsdən çıxandan sonra siz də Müsavatdan ayrılacaqsız.

- Təki belə hallar təkrarlanmasın. İşlər qaydasına düşsə, normal şərait yaransa, istədiyimiz mühit yaransa, belə addımları atmağa ehtiyac olmayacaq. Hiss edirəm ki, bizim bu addımımızı ifrat ciddiləşdirmək cəhdi var. Ola bilsin ki, fikrimizi doğru çatdıra bilməmişik.

- Ciddi addım deyil ki bu?

- İstərdim, bu addımın həqiqi mahiyyətindən yapışılsın. Düşündük ki, Azərbaycanda bu qədər ziyalı, kitab çıxaran, başqalarına ağıl verən adamlar var. Bu qədər adamı içəri salırlar, bununla belə, heç kim səsini çıxarmır. Bu məsələyə ziyalılar reaksiya versəydİ, daha ciddi reaksiya olardı.

- Nəyə görə Müsavat? Həbs olunanlar arasında AXCP üzvləri də var idi yetərincə...

- Sualda həqiqət payı böyükdür. Qardaşım Cəbhənin üzvüdür. Amma mən Müsavatı özümə daha yaxın bildim. Burda bir neçə məqam üst-üstə düşdü. Müstəqillik gününün yaxınlaşması və bu akta imza atan Arif bəyin həbsdə olması Müsavat Partiyasına keçid qərarı verməyimizə səbəb oldu. Hətta bəzi dostlar AXCP-yə keçmədiyimiz üçün bizdən incidilər də.

- Hətta zarafatla deyirlər ki, Seymur Baycan başqanın həmyerlisi olduğu üçün Müsavatı seçdi.

- Məni yaxından tanıyan adamlar bilirlər ki, mən yerlibaz adam deyiləm. Söhbətin bu səviyyəyə düşməsini isə istəmirəm.

- Dünənə qədər üzərində SSRİ sözləri yazılan köynək geyən Seymur özünü müsavatçı kimi necə hiss edir? Məsuliyyəti ağırdır?

- SSRİ sözü yazılmış köynəyi geyinib, Müsavata da gedərəm. Mənimçün bunun heç bir məsuliyyət yoxdur. Sadəcə, əlavə bir fayldır. Əlavə nəsə olsa, üzümə vuracaqlar. Amma orada heç bir məsuliyyəti üzərimə götürmürəm. 10 gün sonra bu məsələnin unudulmasını istəyirəm.

- Hər hansı siyasi iddian varmı?

- Heç bir siyasi iddiam yoxdur. O qədər problemim var ki, heç nə haqda düşünmək istəmirəm. Mənim başqa planlarım var. Bir müddət təcrid olunmaq istəmirəm.

- Başqan təklif etsə, müavin olarsanmı?

- Yaxşı maaş versə, qəbul edərəm. Gedərəm, yaxşı işlərlə məşğul olaram. Kitab müzakirəsi, kitab buraxmaq, kitabın təbliğatı... Bu boyda partiyanın bir kitabı yoxdur. Bir Hikmət Hacızadənin ”Demokratiyaya gedən yol” kitabı var.

- Müsavatçı olmağın həyatında nəyi dəyişdirdi? Bu, bir yazarın sərhədlərini daraldırmı? Dost-tanış çevrəsi, yazılar və sair baxımdan. Tutaq ki, bu gün sənə maddi yardım edən dostların müsavatçı olduğunu biləndən sonra yardımı dayandırarlar?

- Elə şey eləməzlər (gülür). İnanmıram ki, bu bəyanat mənim çörəyimi kəssin. Yaşam məsələsində də təhlükə yaratmamalıdır. Mən çox az adamla oturub dururam. Çevrəm məhduddur. İnanmıram ki, onlar da müsavatçı olduğumu bilib qorxsunlar, ya da əlaqəni kəssinlər.

- Bəs sənin kimi üzvü olmaq Müsavata baş ağrısı ola bilərmi?

- Ola bilsin, olsun. Amma o dərəcədə də yox. Bu günə qədər yazdığım şeyi yazmışam, dediyimi demişəm. İnanmıram ki, orda elə hadisə olsun ki, romana mövzu olsun. Mən yemək, içməkdən yazıram. Uzaqbaşı sataşmalar ola bilər. Məsələn, satanistlər ora yığışıb və sair (gülür).

- Partiyanın ideologiyasına münasibətin necədir? Tam qəbul edirsənmi?

- Yox, qəbul etmirəm. Məsələn, elə himnini. Orda qeyd olunub ki, “ya meydanlara, ya zindana getdi Müsavat”. Amma heç hakimiyyətə gəlmək məsələsi yoxdur. İnsanları inandırmaq üçün himnin də rolu böyükdür.

- Deyirlər Seymur “Başqan” adlı roman yazır, doğrudurmu?

- Yox vallah. Mən hekayələr yazmağa hazırlaşıram. Mütaliələr edirəm, Azərbaycan dilində çox fərqli şeylər oxuyuram ki, əvvəlki ilə bütün xətlər qırılsın, tamam başqa ovqata köklənim. 10 hekayə yazacam. Noyabrın axırından başlayacam. Uşaq hekayələri olacaq, amma uşaqların oxuması üçün yox.

Sevinc TELMANQIZI