“İsa Qəmbərin getməsi təbii prosesdir” – Müsahibə

isa-qemberin-getmesi-tebii-prosesdir-musahibe
Oxunma sayı: 702

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının “Qafqazinfo”ya müsahibəsi

- Gənclərin hazırda ictimai-siyasi həyatda rolunu necə qiymətləndirirsiz?

- Bununla bağlı müxtəlif yanaşmalar var. Bəziləri düşünür ki, gənclik ictimai-siyasi həyatdan uzaq düşüb, bəzilər isə qeyd edir ki, belə deyil. Biz hesab edirik ki, Azərbaycan gəncliyinin ictimai-siyasi həyatdakı rolu Azərbaycan hakimiyyətinin Azərbaycan insanına verdiyi dəyər qədərdir. Azərbaycanda bu gün gənclik çox aktiv deyil, amma az da olsa, aktiv gənclər var. Həmin gənclər kifayət qədər aktivdirlər ki, onların aktivliyi Azərbaycan hakimiyyətini narahat edir. Bunu bizim təşkilatla da bağlı demək olar ki, Azərbaycan hakimiyyəti Müsavat Gənclər Təşkilatının fəaliyyətindən kifayət qədər narahat oldu. Bu narahatlığın sonunda Müsavat Gənclər Təşkilatının rəhbərliyi demək olar ki, tam tərkibdə həbs olundu. Azərbaycan hakimiyyəti siyasiləşmiş gənclərdən qorxduğunu bir daha sübut etdi biz bununla nəticə çıxara bilərik ki, Azərbaycanda ictimai-siyasi həyatda aktiv gənclər var, olmasa idi Azərbaycan hakimiyyəti bu qədər narahatlıq keçirməzdi.

- Müxalifət partiyalarının gənclər təşkilatları həbsdə olan gənclərin hüquqlarını müdafiə edir, onlara dəstək olur. Bu işdə müstəqil partiyalardan, iqtidaryönlü partiyalardan hansı formada dəstək görürsünüz?

- Azərbaycanda hakimiyyətin nəzarətində olan partiyalar var, bir də müstəqil öz siyasi xətti ilə çıxış edən az sayda partiyalar var. Artıq Azərbaycanda faktiki olaraq iki tərəf var, müstəqil partiyalar anlayışı demək olar ki, yoxdur. Bir tərəfdə müxalifət partiyaları var, bir tərəfdə iqtidaryönlü partiyalar var. Təbii ki, Azərbaycan hakimiyyətinin nəzarətində olan partiyalar Azərbaycan hakimiyyətinin iradəsi ilə baş verən həbslərə qarşı çıxa bilməz. Həmin hakimiyyətin təzyiqi və istəyi ilə həbs olunan gənclərin müdafiəsinə qalxa bilməz. Biz 10-a yaxın gənclər təşkilatı birləşərək gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi yaratmışıq. Bu təşkilatlar Azərbaycanda ictimai-siyasi proseslərdə aktiv olan gənclərdir. Bununla yanaşı bu komitə açıq qalmışdı ki, istənilən partiya gəncləri, gənclər təşkilatları bu komitədə cəmləşib, onun işində iştirak edə bilər. Amma , göründüyü kimi həmin müraciət də, biz əvvəldən bilirdi ki, cavabsız qalacaq, elə də oldu. Çünki, sonradan Azərbaycan hakimiyyətinin gənclərə qarşı repressiyalarının davamını da görürük ki, bu proses dayanmayıb. Azərbaycan hakimiyyətinin nəzarətində olan partiyalarının bu məsələdə gənclərə dəstək vermək cəsarəti yoxdur, ona görə də müraciət etməyə də ehtiyac yoxdur, yersizdir.

- Hazırda komitə nə iş görür?

- Bildiyiniz kimi, həbsdə olan gənclərin məhkəmələri davam edir. Son dövrlər Azərbaycan siyasi həyatında bu proseslər sürətlə gedir. Azərbaycan hakimiyyəti bir neçə məhkəməni eyni dövrə salıb. Bəxtiyar Hacıyevin, AXCP fəalı Cabbar Savalanlının və 2 apreldə həbs olunan Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının, Əhəd Məmmədlinin, Rüfət Hacıbəylinin məhkəmə prosesləri gedir. Bununla yanaşı Elnur Məcidlinin və digər gənclərin artıq istintaq prosesi yekunlaşıb və baxılmaq üçün məhkəməyə göndərilib. Bununla bağlı ayın 28-i saat 11-də Əhəd Məmmədlinin, Rüfət Hacıbəylinin, Elnur Məcidlinin və Ülvi Quliyevin məhkəməsi olacaq. Biz bütün məhkəmələri nəzarətdə saxlayırıq, bu insanlara mənəvi və hüquqi dəstək göstərmək üçün əlimizdən gələni edirik. Amma işimiz bununla kifayətlənmir.

- Konkret mitinqlər, yaxud hansı isə tədbir planlaşdırılırmı?

- Bəli. Məhkəmələrin gedişi dövründə bu proseslər sürətlənəcək. Bundan əlavə onu qeyd edim ki, artıq bizim komitə bir sıra tədbirlər həyata keçirib, aksiyalar, flashmoblar, vərəqlərin yayılması, həbs olunan gənclərin şəkillərinin şəhərin müxtəlif yerlərində vurulması və digər imkan olan yerlərdə biz bu haqda geniş işlər görürük. Düzdür, indi Azərbaycan mətbuatının vəziyyəti o qədər də yaxşı deyil ki, bizim gördüyümüz işlər işıqlandırılsın, amma biz imkanlarımız daxilində həbsdə olan gənclərin müdafiəsi üçün əlimizdən gələni edirik. Amma, bizim imkanlarımız da məhduddur, o mənada işlərimiz çətindir. Bu gün ölkədə müstəqil vəkillərin olmaması ilə əlaqədar olaraq biz həmin gənclərə bir neçə vəkil tutmaq planımızı həyata keçirə bilmirik. Məsələn, Tural Abbaslının müdafiəsi ilə bağlı biz istəyirdik ki, iki və yaxud Əhəd Məmmədlinin müdafiəsi ilə bir neçə vəkil məşğul olsun. Biz müraciət etdiyimiz vəkillərin əksəriyyəti müxtəlif bəhanələrlə yayındılar. Biz bunla bağlı olaraq beynəlxalq ictimaiyyətlə geniş əlaqə saxlayırıq. Azərbaycanda yerləşən diplomatik korpusların nümayəndələri ilə və Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqə saxlayırıq. Müsavat Partiyasının daxil olduğu liberal ittifaqla kifayət qədər yaxından əməkdaşlıq edirik. Biz bu həbslərlə əlaqədar olaraq demək olar ki, bütün istiqamətlərdə fəaliyyətimizi davam etdiririk.

- Hazırda həmin gənclərin həbsdə vəziyyəti necədir?

- Bizim dostlarımız çox dözümlü, cəsarətli gənclərdilər. Orada nə olsa belə onlar onu açıq şəkildə ictimaiyyətə çatdırmazlar. Amma biz bildiyimiz qədər fiziki durumları yaxşıdır. Biz də hər zaman mümkün qədər vəkillərin vasitəsilə onlarla əlaqə saxlayırıq. Maddi vəziyyətlə bağlı bilirsiniz müxalifət partiyasında olmaq bir az maddi sıxıntılarla müşayiət olunur. Azərbaycan həbsxanalarında vəziyyət o qədər yaxşı deyil ki, orada məhbusların, xüsusilə siyasi məhbusların istədiyi şərait onlar üçün yaradılsın. Elementar faktı qeyd edim, orada adi nəfəsliyin açılması belə pulla həll olunur. Gənclərin ərzaqla təmin olunmasında partiyanın imkanları geniş olmasa da həmin insanların ailəsinə təşəkkür edirik ki, həqiqətən onlar çox fədakarlıq göstərirlər. Bütün mənalarda. Müsavat Partiyasına da yardımlarını əsirgəmirlər. Maddi məsələləri çalışırıq ki, ailələr, partiya və gənclər bir yerdə həll edək.

- Bildiyiniz kimi təhsil haqları qaldırıldı. Buna gənclər müxtəlif formalarda reaksiya verdi. Məsələn, “Dalğa” Gənclər Hərəkatı aksiyalar keçirdi ki, bunlar hələ də davam edir. Müsavat Gənclər Təşkilatı bunu necə qarşıladı?

- Müsavat Gənclər Təşkilatı təhsil haqları ilə bağlı, ümumiyyətlə gənclərin problemləri ilə mütəmadi olaraq aktivlik göstərib, öndə olan təşkilatdır. Biz metroda qiymətlərin qalxmasına tutmuş təhsil haqlarının qaldırılmasında və digər sosial problemlərin meydana çıxdığı dövrlərdə Müsavat Gənclər Təşkilatı öndə olub. Bu gün də Müsavat Gənclər Təşkilatı hesab edir ki, əgər Azərbaycanda gəncliyin imkanlarını məhdudlaşdıran hansısa məsələ ortalığa çıxarsa, biz dərhal ona etiraz edirik. İndiki halda biz hesab edirik ki, təhsil haqlarının bu formada qaldırılması Azərbaycan hakimiyyətinin Azərbaycanda təhsilin inkişafına vuracağı ziyanın növbəti mərhələsinin başlanğıcını göstərir. Biz buna qarşı hər zaman olduğu kimi mübarizə aparacağıq. Bizim müdafiə komitəsi də, Müsavat GT Şurasının özünün də belə bir təklifi var ki, bununla bağlı müxtəlif aksiyalar həyata keçirək. Qarşıdan gələn həftələrdə bununla bağlı bizim aksiyalarımız olacaq.

- Bu ilin sonuna qədər partiyanın qurultayının keçirilməsi planlaşdırılır. Müsavat Gənclər Təşkilatı qurultaya necə hazırlaşır?

- Partiyanın qurultayı 2010-cu ildə keçirilməsi planlaşdırılırdı. Amma, Azərbaycan hakimiyyətinin bir sıra maneələri və bununla bağlı müxtəlif problemlərin ortalığa çıxması qurultayın vaxtını ləngitdi. Müsavat Partiyası olaraq çalışırıq ki, 2011-ci ildə qurultay keçirilsin. 2010-cu ildə partiyanın qurultay hazırlıqları getdiyi dövrdə GT şurasının qərarı var idi ki, partiyanın Gənclər Təşkilatı qurultaya öz namizədi ilə gedəcək. Bizim Gənclər Təşkilatında kifayət qədər dostumuz var ki, partiyanın başqanlığına həm layiqdirlər, həm də iddialı ola bilərlər. Müsavat Gənclər Təşkilatı şurası da bunu nəzərə alıb, bir neçə ay bundan əvvəl buna qərar vermişdi. Amma yaxın vaxtlarda bizim təşkilatın rəhbərliyi həbsdədir, onlarla bu məsələni müzakirə edəcəyik, bununla bağlı yekun qərarımız olacaq ki, Müsavat GT qurultayda hansı formada iştirak edəcək. Biz hesab edirik ki, bunu yaxın həftələrdə mətbuatıyla bölüşəcəyik. Amma, qurultayla bağlı son qərarımız odur ki, Gənclər Təşkilatı öz namizədi ilə çıxış edəcək.

- Qurultayda İsa Qəmbərin partiya rəhbərliyindən getməyi gözlənilir. Buna münasibətiniz necədir?

- Məncə bu təbii prosesdir. Azərbaycanda tanınmış siyasi liderin Müsavat Partiyasının başqanlığından getməsi əslində hadisədir. Amma, mən hesab edirəm ki, İsa Qəmbər partiyanın başqanlığından gedir, partiyadan getmir, Müsavat Partiyasının lideri olaraq qalır. Bunu çox normal qarşılayıram və bu bir daha Azərbaycan cəmiyyətinə və dünyaya göstərir ki, Müsavat Partiyası demokratik partiyadır. Burada liderlər partiyanın başqanı olmaya da bilər. Müsavat Partiyasında sistem elədir ki, burada partiya bir nəfərdən asılı deyil. Digər partiyalardan fərqli olaraq Müsavat Partiyası dəyələrə və ideologiyaya hesablanmış partiyadır. Amma, mən hesab edirəm ki, Müsavat Partiyasının yeni başqanı da indiki başqanı ilə eyni fikirdə, eyni yolda olacaq. Ona görə də Müsavat Partiyasının başqanı tam əminəm ki, növbəti başqanın da arxasında duracaq, ona görə də heç bir narahatlıq yoxdur.

- Sonda bu il Azərbaycanda keçiriləcək Avroviziya müsabiqəsi ilə bağlı sual vermək istəyirəm. Müsabiqənin burada keçiriləcəyi elan olunan gündən bununla bağlı müxtəlif fikirlər səslənib. Belə fikirlərdən biri də bu yarışmanın Azərbaycana inqilab gətirəcəyi fikridir. Siz nə düşünürsüz?

- Biz hesab edirik ki, Azərbaycanda keçiriləcək, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək istənilən tədbir müsbət qarşılanmalıdır. Biz də bunu müsbət qarşılayırıq. Mən bir şeyi qeyd edim, demokratiya elə bir məsələdir ki, Avroviziya Azərbaycanda keçirilsə də, keçirilməsə də artıq Azərbaycanda demokratiyanın gələcəyi ilə bağlı əlamətlər var. Biz hesab edirik ki, Azərbaycana demokratiyanın gəlməsi üçün yalnız Avroviziya yalnız bura diqqəti cəlb edə bilər. Bu da müsbət mənada kifayət qədər xeyirli tərəfləri var. Bunu mətbuatdan da izləyirik ki, artıq Azərbaycanın avtoritar ölkə olduğunu tanımayan mətbu orqanlar, ölkələr artıq Azərbaycana diqqəti artırıb və bu haqda geniş informasiyalar yazırlar. Bununla bağlı bir neçə cümlə əlavə deyim ki, Azərbaycanda Avroviziya olmasa belə Azərbaycana demokratiya gələcək. Bunun qarşısını müəyyən vaxtda kimlərsə hansısa yolla ala bilər, amma həmin insanlar fikirləşməlidirlər ki, demokratikləşmə prosesi tək Azərbaycanda yox, bütün dünyada gedir. Bunun qarşısını hansısa hakimiyyətin ala biləcəyi uzaq perspektivdə baş verməyəcək. Yəni, bunun qarşısını az müddət ala bilərlər. Amma, bütün proseslər demokratiyanın qələbəsi ilə yekunlaşacaq. Sualınıza əlavə olaraq onu deyim ki, Avroviziyanın Azərbaycanda keçirilməsi Azərbaycana diqqəti bir daha artıracaq. Təsəvvür edin ki, söz azadlığının olmadığı, demokratik bir seçkinin olmadığı, siyasi fikirlərinə görə gənclərin həbs olunduğu, mətbuatı intihar həddinə çatdırılmış, azad sözün olmadığı, insanların təhlükəsizliyinə dövlət tərəfindən zəmanət verilməyən bir ölkədə Avroviziyanın keçirilməsi də bir az ziddiyyətlidir. Bu məsələni də Azərbaycan hakimiyyəti yəqin ki, təzyiqlərlə yerli və beynəlxalq ictimaiyyətin təzyiqi ilə bu məsələni də aradan qaldırmalıdır. Görək Azərbaycan hakimiyyətində də düşünən insanlar var, bunu nəzərə alacaqlar ki, Azərbaycanı biabır etməmək üçün, gözdən salmamaq üçün, siyahılarda aşağı yerlərdə yer almamaq üçün bu addımları atacaqlar ki, əgər Avropa dəyərlərini bölüşmək istəyirlərsə, birinci Avropadakı kimi insan haqlarına hörmət olunmalıdır.

Fatimə Kərimli