İsa Qəmbərin həyat yoldaşı: “Qorxmaq lazım deyil” - Müsahibə

isa-qemberin-heyat-yoldasi-qorxmaq-lazim-deyil-musahibe
Oxunma sayı: 1138

İlin əvvəlindən ərəb dünyasında başlayan inqilab dalğası dayanmış kimi görünür. Doğrudur, hazırda Liviyada savaş, Yəməndə və Suriyada etirazlar davam edir. Ancaq bəzi müşahidəçilər inqilab küləyinin yavaşıdığını deyirlər. Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Aida Bağırova ilə ərəb dünyasında baş verənlər, son durum və gözləntilər haqda söhbət etdik.

- Qərb koalisiyası iki aydan çoxdur ki, Liviyanı bombalayır. Ancaq hava bombardmanı və müxalif qüvvələrin quru əməliyyatları Müəmmar Qəzzafi rejimini yıxmağa yetərli olmadı. Belə fikirlər var ki, artıq Qərb bu ölkədə dəyişiklik qərarından geri çəkilib.

- Dünya birliyinin Qəzzafini devirməyə çalışması və davam edən hücumların hələlik bir nəticə verməməsinin arxasında bir sıra səbəblər dayanır. İlk növbədə nəzərə almaq lazımdır ki, Liviyada situasiya bundan əvvəl inqilabların baş verdiyi Tunis və Misirdən fərqlidir. Məsələn, Misirdə və elə Tunisin özündə müəyyən siyasi palitra vardı. Ancaq Liviyada elə deyil. Buna görə də indiki mərhələdə həm də Liviyada siyasi təşkilatlanma prosesi gedir. Yeni qüvvələr üzə çıxır və onlar öz iddialarını ortaya qoyurlar. Bir neçə proses eyni zamanda gedəndə müəyyən problemlər yaşanır.

İkinci tərəfdən, rejimin mahiyyəti mütləq nəzərə alınmalıdır. Liviya rejimi ilə nə Tunis, nə də Misir hakimiyyətini eyniləşdirmək olmaz.
Üçüncü məqam bilavasitə Qəzzafinin şəxsi keyfiyyətlərindən irəli gəlir. Bu üç məqamı göz önünə alsaq, Liviyada cərəyan edən prosesləri obyektiv qiymətləndirə bilərik.

- Yeri gəlmişkən, bəzi ekspertlərə görə, Liviyada baş verənlər rejimə qarşı xalq etirazı deyil, ölkənin şərq və qərb bölgələri arasında hakimiyyət uğurunda savaşdır.

- Bu məsələ də ola bilər. Ancaq bütövlükdə ərəb dünyasında baş verən prosesləri bu məsələ ilə izah etmək və məhdudlaşdırmaq doğru olmazdı. Çünki ortada böyük miqyasda narazılıq var. Xalqlar artıq bu şəkildə yaşamaq istəmirlər. Diktatura rejimləri bu ölkələrdə vəziyyəti partlayış həddinə çatdırıb. Təbii ki, bu hərəkatlarda müxtəlif qüvvələr iştirak edir və bu qüvvələrin fərqli maraqları, hədəfləri ola bilər. Məsələn, vaxtilə Liviya yarananda iki hissədən ibarət olmuşdu. İndiki paytaxt Tripolinin yerləşdiyi Tripolitaniya və Benqazinin yerləşdiyi şərq hissə. Ola bilsin ki, şərqdə məskunlaşan tayfalarla qərbdə yaşayan tayfalar arasında müəyyən ixtilaflar mövcuddur. Amma bütövlükdə baxdıqda etiraz edən xalqı görürük. Geniş xalq hərəkatı olmasaydı bu şəkildə ayaqlanma ilə qarşılaşa bilməzdik. Tayfalar da insanlardan ibarətdir, yəni xalqdır. Xalq isə dəyişiklik istəyir.

- Ərəb dünyasında təxminən 50 il öncə də bir dəyişiklik dalğası yaşanıb. Bu dalğanın aparıcı qüvvəsi həmin vaxt populyar olan millətçi görüşlü zabitlər olsa da, bu proses ərəb ölkələrinin bir çoxunda rejim dəyişikliyi ilə nəticələndi. O zaman baş verənlərlə müqayisədə bu gün baş verən prosesləri nə adlandırmaq olar?

- 50 il əvvəl baş verənlər ərəb dünyasında milli-azadlıq mübarizəsinin son mərhələsi idi. Çünki mübarizə müstəmləkə, yarımmüstəmləkə və asılı vəziyyətdən xilas olmaq uğrunda gedirdi. Bu mübarizələrə çox vaxt əsasən millətçi ideologiyanın daşıyıcısı olan ordu başçılıq edirdi. Ordu xalqın və müəyyən təbəqələrin maraqlarının təminatçısı kimi öndə idi. Çünki o dövrdə siyasi palitra zəif idi. Ənənəvi partiyalar, siyasi qurumlar var idi. Ancaq siyasi palitra bütövlükdə zəngin deyildi. Geniş mənada ölkənin siyasi və iqtisadi suverenliyinin bərqərar olması uğrunda mübarizə aparılırdı. Proseslərin önündə ordunun dayanması onun mütəşəkkil qüvvə olması və xalqın maraqlarının carçısı kimi çıxış etməsi ilə bağlı idi.

Amma bütövlükdə bu hərəkatların özündə də müxtəlifliklər vardı. Ərəb ölkələri nə qədər yaxın olsalar da, onların hər birinin özünəməxsusluğu var. Məsələn, bir zaman ərəb dünyasının bir hissəsində respublika sistemi qurulması uğrunda hərəkat başlasa da, bir sıra ölkələrdə dəyişiklik olmadı. Mərakeş, İordaniya, Körfəz ölkələrində monarxiya rejimləri qaldı. Bununla belə, bir sıra ərəb ölkələrində, o sırada Misirdə, Liviyada, Yəməndə, Suriyada, İraqda hakimiyyət quruluşları dəyişdi, başlayan dəyişiklik dalğasında respublikalar meydana çıxdı. Ancaq bu gün ərəb dünyasında baş verən yeni dalğa sosial yönümlü deyilsə də, bunu daha çox demokratiyaya keçid mərhələsi və yaxud qloballaşan dünyanın siyasi çağırışlarına cavab olaraq siyasi dəyişikliklər cəhdi də adlandırmaq olar. Bu, demokratiya uğrunda, azad cəmiyyət uğrunda mübarizədir.

- Bəzi müşahidəçilər bu gün ərəb dünyasında baş verənləri 20 il əvvəl sovet imperiyası dağıldıqdan sonra Şərqi Avropada baş verən demokratikləşmə hərəkatı ilə müqayisə edirlər...

- SSRİ çökdükdən sonra Şərqi Avropanın kommunist rejimləri çökməyə başladı. Bu ölkələrin bir çoxu sosializmi bir kənara atıb azad dünyaya inteqrasiya yolu seçdilər.
Ərəb ölkələrinin isə öz spesifikası var. Eyni zamanda ərəb dövlətlərinin problemləri də Şərqi Avropa dövlətlərindən daha çoxdur, bura daha həssas bir coğrafiyadır. Ona görə də burada problemlər daha qabarıqdır. Ola bilsin ki, ərəb dünyasında keçid dövrü Şərqi Avropada olduğu kimi hamar olmasın. Yəni demokratik cəmiyyət quruculuğuna keçid problemlərlə üzləşə bilər. Və müəyyən çətinliklər olacaq. Amma bu yol seçilibsə, proses davam edəcək. Burada bir məqamı qeyd edim ki, son vaxtlar mən bir tendensiyanı izləyirəm. Deyirlər ki, “Misirdə Mübarək, Tunisdə bin Əli getdi, məgər bu ölkələrin problemləri çözüldü? Əksinə, yeni problemlər meydana gəldi” və sair. Dolayısı ilə belə çıxır ki, diktatorlar qalmalı idi, çünki buradakı çıxışlar zamanı ölkə üçün problemlər yaranırdı. Bu, yanlış fikirdi. Birdəfəlik anlamalıyıq ki, bu cür proseslərin müəyyən çətinlikləri olur. Bu, qaçılmazdır. Belə çıxır ki, hansısa problemlər yaranacaq deyə, xalqlar yeni mərhələyə qədəm qoymamalıdır, azadlıq istəməməlidir?! Misir, Tunis xalqı, eləcə də bu gün ayağa qalxan Liviya, Suriya, Yəmən - hesab edirəm ki, bura başqa xalqlar da qoşula bilər - xalqları azadlıq istəyirlər. Bunu da bilməliyik ki, azadlıq uğrunda mübarizədə bir sıra çətinliklərin yaşanması təbiidir, çünki söhbət ciddi və köklü proseslərdən gedir.

- Dünyanı ən çox qorxudan ərəb dünyasındakı sabitlik məsələsidir. İndi bir aktual sual var ki, yeni ərəb rejimləri sabitliyi bərqərar edə biləcəklər, yoxsa yeni iraqlar yaranacaq?

- Sabitlik özü bir qədər mücərrəd anlayışdır. Sabitlik dedikdə bu günə qədər olan bataqlıq sükutu nəzərdə tutulur?

- O proses artıq başa çatdı. Təbii ki, diktator və avtoritar rejimlərlə bağlı sabitlik artıq yoxdur. Söhbət yeni dövrdə hökumətlərin azad cəmiyyətlə sabitliyi bir arada tuta biləcəyindən gedir...

- Bataqlıq sabitliyi artıq başa çatdı. İnanıram ki, əsl demokratik inkişafla birgə sabitliyi də əldə etmək mümkün olacaq. Amma mərhələ-mərhələ. Bu ilin sentyabrında Misirdə seçkilərin keçirilməsi planlaşdırılır. Siz müşahidə edəcəksiniz ki, bu dəfə seçkilər Mübarəkin dövründəki seçkilərdən xeyli fərqlənəcək. Siyasi qüvvələrə öz fikirlərini xalqa çatdırmaq imkanı veriləcək, siyasi mübarizə gedəcək. Siyasi mübarizdən qorxmaq lazım deyil. Siyasi mübarizə xalqın iradəsinin reallaşmasına gətirib çıxaracaq.

İstisna etmək olmaz ki, bu prosesdə müəyyən neqativ hallar da müşahidə olunacaq. Ancaq bu vəziyyət təbii ki, qorxu üzərində yaradılan saxta sabitlikdən daha yaxşıdır. Belə vəziyyət bir müddətdən sonra aradan qalxacaq. Amma bu mərhələ keçilməlidir. Bütün inqilablardan, çevrilişlərdən sonra çətinlik olub. Bu gün bir çoxları sovet dönəmindəki yaşayışını nostalji ilə xatırlayır. Ancaq yada düşmür ki, sovet imperiyasının bərqərar olması üçün də uzun illər lazım oldu və hansı çətinliklər və mən deyərdim ki, hansı faciələr yaşandı.

- Təbii ki, Misir bir sıra cəhətlərinə görə ərəb dünyasının “ürəyi” hesab olunur. Bu mənada Misirdə diktaturadan demokratiyaya keçid yumşaq ola bilər, necə ki, rejimin devrilməsi zamanı bunu gördük. Ancaq digər ərəb ölkələri haqda bunu demək mümkündürmü? Məsələn, hazırda etirazların davam etdiyi Yəmən, o cümlədən körfəz ölkəsi Bəhreyndə durum fərqlidir. Necə ki, biz yuxarıda Liviya haqda da danışdıq. Bu ölkələrdə çoxillik xaosun yaranması ehtimalı daha güclüdür. Sizcə, bu ölkələr demokratiyaya keçidə hazırdırlarmı? Konkret olaraq Bəhreyndə dəyişiklik mümkün olacaqmı?

- Bəhreyndə, ümumiyyətlə Körfəz ölkələrində vəziyyət fərqlidir. İran faktorunu mütləq nəzərə almaq lazımdır. Bu ölkədəki vəziyyəti başqa yöndən şərh etmək lazımdır.

- Yeri gəlmişkən, bu gün etirazların davam etdiyi Suriya həm etnik, həm də dini müxtəlifliyə malikdir. Ölkədə sünnilər, şiələr, ələvilər, druzlar, xristianlar, kürdlər, türkmənlər yaşayır. Müşahidələrə əsasən, Suriyada bu şəkildə etnik və dini müxtəliflik mövcud hakimiyyətin qorunub saxlanmasında böyük rol oynayır.

- Qərbin, azad dünyanın Suriya rejiminə qarşı münasibəti son vaxtlar kəskin olub. Təkcə bu gün deyil, 10-15 il qabaq da Suriya rejiminə qarşı müəyyən sanksiyalar tətbiq olunub. Bu sanksiyaların bir qismi Dəməşqin bəzi terror təşkilatlarını dəstəkləməsinin qarşısını almağı nəzərdə tuturdu.

Fikrimcə, Suriyada rejimə qarşı hansısa yarı-ayrı məzhəb və ya etnik qrupların deyil, bütövlükdə xalqın etirazı baş verir. O başqa məsələdir ki, hakimiyyətdə hansısa bir qrupun, konkret olaraq ələvilərin təmsilçiləridir. Amma bu gün Suriyada etirazlar dini və ya etnik zəmində deyil.

- Amma belə iddialar var ki, Qərb ölkələri, eləcə də bəzi ərəb dövlətləri Suriyada daxili narazılıqdan istifadə edərək Bəşər Əsədi devirmək istəyir. Buna görə də Suriyada baş verən etirazlar süni olaraq qızışdırılır.

- Bu, təbiidir. Çünki daxildəki narazılıqdan istifadə etməyə hazır olan maraqlı qüvvələr var. Bu da təbiidir ki, Bəşər Əsəd rejimi ilə gərgin münasibətləri olan ərəb ölkələri də var. Suriya deyil, istənilən ölkə dəyişiklik ərəfəsində olanda xarici qüvvələr bundan istifadə edirlər. Hər dövlətin öz marağı, regional siyasəti var. Bu, qaçılmazdır. Bu gün bütün dünya ölkələri bir-birinə inteqrasiya olunub. Suriya hansısa bir naməlum ada deyil ki? 2003-cü ildə koalisiya qüvvələri İraqa hücum edəndə qonşu ərəb ölkələri, eləcə də Suriya bu əməliyyatlara bilavasitə dəstək verməsələr də, öz məqsədləri və maraqları üçün istifadə etdilər. Bu gün də hazırkı İraq hökuməti iddia edir ki, Suriyadan terrorçular İraq ərazisinə keçib partlayışlar törədir, keçmiş BƏƏS-çilər Suriyada oturub İraqla bağlı planlar hazırlayırlar. İndi oxşar vəziyyətlə Suriya qarşılaşıb. Yaxın Şərq çox həssas, qeyri-stabil bir regiondur. Burada bir ölkədə baş verənlər digərinə təsir eləməsə belə, orada qonşu ölkələrin maraqları olur.

- Hazırda 3 ərəb ölkəsində - Liviya, Yəmən və Suriyada - hakimiyyətlərə qarşı xalq ayaqlanması var. Ümumi olaraq bir sıra müşahidəçilər inqilab dalğasının zəiflədiyini qeyd edirlər. Siz necə düşünürsünüz, proses davam edəcək?

- Ümid edirəm ki, bu gedişatla sadaladığınız 3 ölkədə proses davam edəcək. Artıq vəziyyət elə həddə çatıb ki, hər şey əvvəlki kimi ola bilməz. Təsəvvür eləmirəm ki, hətta deyək ki, hər hansı bir fövqəladə hadisə baş versin, NATO Liviyadan çəkilsin, üsyançılar silahlarını yerə qoysun və s - bugünkü Liviya yanvar ayındakı Liviya deyil artıq.
İkinci tərəfdən, Qərb dünyasının böyük əksəriyyəti, Ərəb Dövlətləri Liqası Liviyanın yeni hökumətini tanıyıb. Burada geriyə yol yoxdur. Liviya məsələsi artıq həll olunub.
Fikrimcə, Suriyada proseslər hələ bir müddət davam edəcək, ancaq dayanmayacaq. Hesab edirəm ki, Yəməndə də proses yekunlaşmağa doğru gedir. Saleh iqtidarda qalıb Yəməni əvvəlki kimi idarə edə bilməyəcək.

Bir fikrimi də deyim ki, ərəb “dalğası” bütün ərəb ölkələrini əhatə etməsə də, yəni indi bu hərəkat dayansa belə, proses bütün ərəb ölkələrinə təsir edəcək. Ərəb dünyası 20-dən çox ölkədən ibarət olsa da, onlarda gedən proseslər bir-birinə təsirsiz ötüşmür. Ola bilsin ki, rejimlər müəyyən islahatlara getsin, mümkündür ki, siyasi qüvvələrlə dialoq qurulsun, cəmiyyətlərdə liberallaşma getsin. Yəni bu dalğa bütün ərəb dünyasına toxunacaq, fərqli formalarda olsa belə.

“Yeni Müsavat”