İsa Qəmbərin yeri uğrunda mübarizə başlayıb

isa-qemberin-yeri-ugrunda-mubarize-baslayib
Oxunma sayı: 638

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının namizəd olacağı artıq bəllidir. Amma onun vahid namizəd olmayacağı da istisna deyil. Belə ki, artıq bəzi müsavatçılar başqanlığa namizəd olmaq iddiasında olduqlarını bəyan edib.
Müsavat Divanının üzvü, professor Nüşabə Sadıxlı bildirib ki, İ.Qəmbər yenidən öz namizədliyini verməyəcəyindən başqanlığa müxtəlif namizədlər olacaq: “Bu namizədlərdən biri mən ola bilərəm. Mən əvvəlki açıqlamalarımda da demişəm, yenə təkrar edirəm ki, əgər başqanlıq postuna ürəyim istəmədiyi namizədlər olacaqsa, təbii ki, öz namizədliyimi irəli sürəcəyəm. Məni qane edəcək namizədlərin hansı kriteriyalara cavab verməli olduğunu isə hələ açıqlamıram. Çünki hələ ki Arif Hacılıdan başqa daha kimlərin namizədliyini irəli sürəcəyi məlum deyil. Ona görə qəti fikir söyləmirəm. Namizədlər tam bəlli olanda mən də son sözümü deyəcəyəm”.

Divan üzvü, hazırda Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində çalışan Vurğun Əyyub isə “mediaforum” saytına müsahibəsində başqanlığa namizəd olacağını istisna etməyib. O deyib ki, dostlarından Müsavat başqanlığına namizəd olmaq təklifləri alır və onun özü də bu barədə düşünür: “Fevralda Qafqaz Universitetində tətildir. Tətil zamanı Bakıya qayıdacağam. Dostlarla birlikdə vəziyyəti dəyərləndirəcəyəm. Başqanlığa namizəd olub-olmamaqla bağlı son qərarımı Bakıda verəcəyəm. Əgər başqanlığa namizəd olmaq qərarı versəm, seçkidə iştirak edəcəyəm. Namizəd olmasam, digər bir namizədi dəstəkləyəcəyəm”.

Özü namizəd olmasa, kimi dəstəkləyəcəyinə gəlincə isə V.Əyyub ad çəkməyib: “Hələlik müdafiə edəcəyim namizədin adını çəkmək istəmirəm. Çünki bu məsələ hələ rəsmiləşməyib. Həmin şəxs özü rəsmən namizədliyini irəli sürdükdən sonra mən də mövqeyimi açıqlayacağam və bütün tərəfdarlarımı ona səs verməyə çağıracağam. Amma hələlik yekun qərarım yoxdur”.

V.Əyyub namizədliyi artıq dəqiq olan A.Hacılı barədə də danışıb: “Allah Arif bəyin qapısını açsın. Arif Hacılı Müsavatda zəhməti olan bir adamdır. İndi ona qarşı çox böyük haqsızlıq edilib, həbsə atılıb. Bu, hakimiyyətin Arif Hacılıya qarşı yol verdiyi ikinci ciddi ədalətsizlikdir. İkinci dəfədir onu qanunsuz olaraq həbs edirlər. Amma mən hesab edirəm ki, Müsavata başqa bir tip və xarakterdə olan şəxs rəhbərlik etməlidir. Həmin namizədi mən özüm üçün müəyyənləşdirmişəm. İndi yalnız onu deyə bilərəm ki, həmin şəxs namizədliyini irəli sürmək niyyətindədir”.

V.Əyyuba yaxınlığı ilə tanınan şəxslərdən biri isə “Yeni Müsavat”a deyib ki, onun adını çəkmədiyi şəxs Qubad İbadoğludur.

Q.İbadoğlu isə namizədliyini irəli sürüb-sürməyəcəyini nə təsdiq, nə də təkzib edib: “Qərarımı dəqiqləşdirməmişəm. Rəsmi prosedurlar başlayandan sonra münasibətimi bildirəcəyəm. Yekun qərar verməyə hazır deyiləm. Bu qərar zamandan asılı bir məsələdir”.
V.Əyyubun fikirlərinə yaxından bələd olan Müsavat başqanının müavini Gülağa Aslanlının münasibətini öyrənmək istədik. Cavabı belə oldu: “Hər kəs öz fikrini bildirirsə, əsaslandırmasını da ondan soruşmaq lazımdır ki, nəyə əsasən belə deyir. Ona görə də Vurğun bəyin fikirlərinə şərh verməkdən uzağam. Mən başqa cür düşünürəm, başqa cür qərar vermək niyyətindəyəm. Əvvəla, namizədlərin irəli sürülməsinə start verilməyib. Çünki bizdə ənənə şəklini almış bir forma var. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi vaxt müəyyənləşdirir, həmin vaxt ərzində seçkili orqanlara, o cümlədən başqanlığa kim namizəd olmaq istəyirsə, onlar rəsmi müraciət edirlər və ondan sonra bu işə start başlayır. Hələ ki kimsə rəsmi şəkildə namizədliyini irəli sürməyib. Rəsmi şəkildə namizədliyi irəli sürülməyən halda isə adı hallanan şəxslər haqqında fikirlər bildirmək bir qədər etik normalara sığmır. Arif Hacılı haqda yüksək fikirdəyəm. Onun yüksək təşkilatçılıq, yüksək seçki kampaniyası təşkil etmək, yüksək oratorluq qabiliyyəti var. Əgər Arif Hacılı namizədliyini irəli sürərsə, onun Müsavat başqanı olmaq şansı var”.

“Yeni Müsavat”