İsaxan həmişə ayağından şikayətlənirdi…

isaxan-hemise-ayagindan-sikayetlenirdi
Oxunma sayı: 659

Ölüm ünvanı səhf saldı. Bənzərsiz mərdliyi, bənzərsiz kişiliyi, bənzərsiz qeyrəti, bənzərsiz nifrəti ilə dum-duru bir ömür yaşayan və bu dum-duru ömrü vətən naminə, köməksizlərin hoyuna yetmək naminə, yamanlığı, xəbisliyi, gözəgötürməzliyi, riyakarlığı dağlamaq naminə şam-çıraq eləmişdi.

İsaxan Qara oğlu Aşırovun yapışıqlı səsini bir daha eşidə bilməycəyik, onunla bir daha kəlmələşə bilməyəcəyik.

İsaxanlı xatirələrlə kəlmələşəcəyik. Həm də bacarsaq…


***

Məni haqsız olaraq vəzifədən azad etmişdilər. Bu qərəz bir ayrı biçim qərəz idi. Həm də məsuliyyətə cəlb olunmuşdum. Günahsızlığımı sübuta yetirmək o qədər də asan deyildi. İstintaq gedirdi.

İsaxan Aşırovu tanıyırdım. Ünvanına deyilənlərdən həmişə qürurlandığım bu hüquqşünasın nə qədər duyğusal, nə qədər insansevər, nə qədər həqiqətpərəst olduğunu istintaq altında olduğum zaman gördüm. İstintaqa cəlb olunan bir vətəndaş kimi mənim də müdafiəyə ehtiyacım vardı və heç bir təşəbbüs, xatırlatma olmadan bu işi İsaxan gördü, vəkil kimi bacarığını, qabiliyyətini, vaxtını, əsəbini mənim bəraət almağım üçün sipər eləsin deyə vəkil dostu Elton Quliyevi göndərmişdi…

İsaxan təmənnasız insan idi. Elədiyi eyliklərin, yaxşılıqların müqabilində iynənin ucun boyda da olsa təmənna olmazdı. Nə eləyirdisə, ürəyinin hökmü ilə eləyirdi. Mənim də taleyimə qondarılmaqda olan şər, böhtan buludunu ürəyinin hökmü ilə, dostunun vasitəsilə dağıtmağı qərara alıbmış…

Təmkinli söhbəti, arqumentlərə məntiqli münasibəti, hansı «faktı» hansı faktla təkzib eləməyin mümkünlüyünü xatırlatdı. «Elə deyilmi, Elton?» – nəzakətlə dostundan soruşdu; İsaxan çox həssas insan idi…

İsaxan, sözün əsl mənasında, xalqını, millətini varlığı qədər sevirdi. İstər fərdi, istərsə də milli, xəlqi heysiyyəti, dönməz əqidəsi, barışmaz nifrəti məmləkət boyu, Turan boyu Domokl qılıncı idi, şübhəsiz. Və bu qılınc dağları duman alanda da, yollara daşlar atılanda da, şərə, böhtana, gözəgötürməzliyə əmzik veriləndə də kəsərdən düşməzdi; kəsilməli olanlardan kəsdiyini kəsərdi, cilalanmışları yarımcan edərdi…

İsaxan yaman günün dostuydu. Elə bil duyumunda qu tükü vardı, öz məqamında, vaxtında, ləngimədən çətinliyə, sıxılcıma düşən dostunun yanında olardı.

«Lanset» cərrahiyyə klinikasına qəflətən adını çəkmək istəmədiyim təşkilatdan 10 – 15 nəfərlik qrup gəldi . 4 nəfər işçimizi həbs elədilər. Mən dərhal jurnalistlərə məlumat çatdırdım, mətbuat konfransı keçirdik. «Azadlıq» radiosu vasitəsilə informasiya mətmuta sızanda bunu İsaxan da eşidibmiş. Dərhal mənə zəng elədi. Narahatlığını bildirdi. Hiss elədim ki, yenə həbs olunmağımdan ehtiyatlanır; bu, mənim taleyimə sayğı idi. Bir az keçməmiş vəkil göndərdi…

Vaxt tapanda Sahil parkında gəzişir, necə deyərlər, «dərdləşirdik»; çox maraqlı həmsöhbət idi İsaxan. Həmişə də ayağından şikyətlənirdi, əməliyyat olunmuş yerin ağrıdığını deyirdi. 3 il əvvəl genişlənmiş venaya görə ayağından əməliyyat olunmuşdu. O vaxtlar mən işləmirdim, bu səbəbdən başqa cərraha müraciət etmişdi. «Ola bilsin çapıq toxuması əmələ gəlib» – deyirdim. Ağrıların ötüb-keçmədiyinit sezincə narahat oldum, «Lanset»ə gəl, baxaq görək nə məsələdi» – dedim. Razılaşdı.

Gəldi. Həminki bənzərsiz ciddi təəssümlə. Sarğı otağında ayağına baxdım. Əməliyyat olunmuş na­hiyədə bərklik vardı.

Məlum oldu ki, 3 il əvvəl olunmuş əməliyyat vaxtı dərinin altında yad cisim – bint (tibbdə buna trunda deyilir) qalıb (təxminən 1 metr!). Bintin bir hissəsini kənarlaşdırmışdım. Elə bir vəziyyət yaranmışdı ki, əməliyyatı saxlamaq olmazdı, əməliyyat otağında ümumi narkoz altında davam etdirilməli idi. Dedim. Razılaşmadı, narkozla aparılmalı olan əməliyyata qəti etiraz elədi.

– Sabah Eynullanın (Eynulla Fətullayev – red.) məhkəməsidi. Mütləq orda olmalıyam. Belə, sarıqlı-sarıqlı da olsa getməliyəm.

Çarəsizliklə üzünə baxdım. Bilirdim ki, onu inadından döndərə bilməyəcəm; İsaxan peşəsinin fədaisi idi, özünün dediyi kimi, «belə xırda, əhəmiyyətsiz məsələləri» hüquqlarını müdafiə elədiyi vətəndaşın taleyinə pərsəng eləməyi bacarmırdı, eləmirdi. Elə buna görə də vəkil olduğu işlərin əşksəriyyətini udurdu, çoxusu Avropa məhkəmələrinə çıxardılırdı…

Cərrah olaraq bunun yolverilməz olduğunu bilirdim. Ancaq nə etməli, vətənsevər bir oğulun, istedadlı bir hüquqşünasın, dəfərli bir dostun sağlamlığını taleyin axarına buraxa bilməzdim. Yerli keyləşdirmə ilə yad cismi tam çıxırtdım. O bir saatda İsaxanın səbrinə, dözümünə, dəyanətinə indi də heyrətlənməkdəyəm…

Vəkil kimi cəlb olunduğu işlərin bəzilərində tibbi məsələlər də olurdu. Onda İsaxan bəzi məsələlərə aydınlıq gətirmək üçün məndən məsləhət alırdı; rosesdə hakimi də, dövlət ittihamçısını da heyrətləndirirdi – hüquqşünasın tibbə bu səviyyədə bələd olması, fenomenal hal idi…

…Xəstəliyinə ilk diaqnozu mən verdim. Onda nə hala düşdüyümü bir Allah bilər. Özümü ələ almağı bacardım, təcili əməliyyat olunmasını dedim. Gülümsündü. Bu təbəssümün təəssüf çalarını sezmək çətin deyildi. Onu da sezdim ki, bu təəssüf sağlamlığa sayğıdan daha çox görüləsi işlərə görədi…

İsaxan el-obanı varlığıyla sevirdi, Borçalıyla, Faxralıyla nəfəs alırdı. Borçalı, Faxralı adı onun ürəyini telləndirirdi. Elə bu sevginin təsiriydi ki, özünə son ünvan olaraq Faxralını seçmişdi, belə vəsiyyət eləmişdi. Bu, bənzəri olmayan bir sevginin təzahürüdür, şübhəsiz. Faxralıları Faxralını Faxralı kimi sevməsini arzulayıb, bunu ölümüylə də çatdırdı Faxralılara, ümumən Borçalılara…

… İsaxan dəyərli insan idi…

İsaxan əsl vətəndaş idi…

İsaxan vətənsevər vətəndaş idi. Millətsevərliyi, dövlətsevərliyi çoxuna görk idi…

İsxan qeyrətli oğul idi…

İsaxan köməksizin dayağı, haqsızın düşməni idi; dəyərli ömrünü, örnək ömrünü təmənna nə olduğunu bilmədən yaşadı …

İsaxan kişilik simvolu idi…

…Ölüm ünvanı səhf saldığından daha İsaxanlı xatirələrlə kəlmələşəcəyik. Həm də bacarsaq…