İşgəncə

isgence
Oxunma sayı: 834

Turzim ilinin səfasının yerli turist olmaqla çəkmək mümkün deyil.
Bir qədər əvvəl qiymətləri müqayisə etmək üçün turizm firmalarının birinə müraciət elədim. Məlum oldu ki, Lənkəranda dincəlmək 980, Yunanısatana səfər eləmək isə 495 manata başa gəlir. Öz vətəndaşına işgəncə verməkdi bu.
Bu yazıda məqsədim turizm ilində dincəlməyin çətinliyini anlatmaq deyil. Sadəcə, bir epizod olaraq üzərindən keçdim. Gündəlik üzləşdiyimiz saymazlıq, etinsazlıq, işgəncələrə diqqət çəkmək istəyirəm.

Bir neçə gün qabaq metronun “İçərişəhər” stansiyasında kartıma gediş yükləmək üçün aparatlardan birinə yaxınlaşdım. 40 qəpik boşuna getdi, amma gediş yüklənmədi. Kassaya yaxınlaşdım. “Mən ona cavabdeh deyiləm”, etinazlığını gördüm. O biri yetkilidən də eyni cavabı eşitdim. Polisə yaxınlaşmaq eyni saymazlığı nümayiş etdirdi. Bir yandan da məndən sonra həmin aparata yaxınlaşan sərnişinlərin pulları cavabsız yığılırdı. Bir nəfər də olsun metropoliten işçisi, “o aparat işləmir” deyə, havayı pul itkisinin qarşısını belə almaq istəmirdi. Eskalator üzərində səkkiz yerdə, vaqonların hər birində eyni sayda videokamera yerləşən metropoliten ərazisində nə ventilyasiya əməlli işləyir, nə də bir yerdə kondinsioner quraşdırılıb. Bu xidmət sahəsində şikayətə yer yoxdu. Məlum cavabı eşidəcəksən: “Dükan mənimdi, burcutmağın yeri yoxdu!”

Avtobuslarda da baş verənlər bir başqa bəla. Əlinə sükanı keçirən hər kəs elə düşünür ki, sərnişinlə ürəyi istəyən kimi davrana bilər. Səbəb sadədi. O avtobusların sürücüsü ilə nəqliyyat yetkililəri eyni cür davranır. Eyni davranışı həyatında yaşayan hər kəslə kobudluq edə bilmək “inancına” tapınır. Dəfələrlə nəqliyyat üzərində at oynadan insanların sürücüləri avtobusdan düşürüb döydüyünün şahidi olmuşuq. Bu halı mətbuat da hər zaman önə çəkib...
Yayın bu cırhacırında su idarəsi yaşadığım Əhmədli qəsəbəsində bizlərə yeni bir sürpriz elədi. Suyun verilmə qrafikini dəyişib gündüz saat 15.00-dan 19.00-dək yeni qayda çıxardı. Axşam işdən çıxan insan hansı sürətlə evə qaçmalıdır ki, yayın bu istisində yuyunub birtəhər sərinləyə bilsin. İki il bundan əvvəl bina sakinləri Milli Məclisinin deputatına müraciət etməklə bu problemi birtəhər həll etmişdi. Bir ölkənin paytaxtında əgər su problemi belə bu qədər aktualdırsa, onda elementar insan hüquq və azadlıqlarından danışmağın yeri yoxdur.
Bunlar bizim gün ərzində üzləşdiyimiz problemlərin bir qismidir. Mən insanlara edilən bu qədər işgəncəni mənəvi göstəricilərə bağlayıram. Halal qida yeyənlərin mənəviyyatı daha sağlam olur. Bu insanlar dərk edir ki, saleh əməllər işlədib yaşamaq insan kimi yaşamağın şərtidir. Halal yeyən insanın qəlbini Allah nurlandırar və qəlbinə, dilinə hikmət verər. Saleh əməl isə qəlbin əldə etdiyi səviyyənin mühafizə etmənin təminatçısıdır. Haram yemək qəlbi insanı hisslərdən uzaq tutur. Bir ölkənin əhalisini saymazdan gəlmək də ilk növbədə harama bulaşmaqla meydana çıxıb. Bunlara insanlara etdikləri işgəncələrə görə irad tutmaq, onları qınamaq da faydasız bir iş kimi görünəcək. Belələri haqqında Alah buyurur: “Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar)” (Furqan surəsi, ayə 44).
İnsanların bu qədər işgəncə çəkdiyi yerin adını istiqlal şairi Xəlil Rza Ulutürk düzgün səsləndirmişdi şeirlərinin birində - “Zülmün qudurduğu yer”. Allah Xəlil Rza Ulutürkə rəhmət eləsin!