“İslam dövlətlərinin imkanları birləşdirilməlidir”

islam-dovletlerinin-imkanlari-birlesdirilmelidir
Oxunma sayı: 666

Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti də iştirak edir. Sessiyanın ikinci günündə Azərbaycan millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı Parlament İttifaqının Siyasi və İqtisadi məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin yığıncağında çıxış edib. O, sessiyanın gündəliyinə Azərbaycan tərəfindən təqdim edilən "Ermənistan respublikasının Azərbaycan respublikasına təcavüzünə dair" qətnamə layihəsi barədə danışaraq qətnamənin qəbulunun əhəmiyyətini diqqətə çatdırmışdır. O, həmçinin bu il üstündən 20 il keçən Xocalı soyqırımının bütün İslam ölkələrində anılması ilə bağlı İTK Gənclər forumu tərəfindən irəli sürülən başqa bir sənədin qəbulunun da İslam həmrəyliyi və azərbaycanlılara qarşı törədilmiş bu qəddar cinayətin dünyanın hər yerində gündəmə gətirilib ittiham edilməsi baxımından mühüm addım olacağını bildirib.

Bundan əlavə, Sabir Rüstəmxanli İslam dövlətləri nümayəndələrinə Dağlıq Qarabağ probleminin həlli üzrə "20 ildən bəri güya iş aparan və bu məsələni həll etməli olan" Minsk qrupuna başçılıq edən dövlətlərdən birində -Fransada senatın bu günlərdə qəbul etdiyi və "Erməni soyqırımı olmamışdır" deyənlərə cəza nəzərdə tutan qanunun təkcə Türkiyəyə qarşı deyil həm də Azərbaycana qarşı yönəldiyini bildirmiş; bu tipli sənədlərin dolayı yolla Ermənistanın işğalına haqq qazandırmaq məqsədi güddüyünü vurğulayıb.

Bu qərar insanların öz fikrini sərbəst ifadə etməsinin qarşısını alır, yalanı rəsmiləşdirir, özünü demokratiyanın beşiyi sayan Fransanın iç üzünü göstərir. İslam dünyasında demokratik dəyərləri ilə seçilən Türkiyəni kimi qabaqcıl bir dövlətə qarşı bəzi Qərb dövlətlərinin məqsədli təzyiqləri, terrorçuların dəstəklənməsi, tarixin siyasi mülahizələrlə saxtalaşdırılması, ardıcıl türk düşmənçlliyi, ikili standartlar bütün müsəlman dövlətləri düşündürməli və narahat etməlidir. Bu kimi hallara qarşı mübarizədə İslam dövlətlərinin imkanları birləşdirilməlidir. Çünki bu kimi hallar təkcə Türkiyəyə qarşı deyil, bütün İslam dövlətlərinə qarşı çevrilib.

Çıxışının sonunda S. Rüstəmxanli İslam Parlamentini bu məsələyə münasibət bildirməyə çağırmışdır. Sonra Türkiyə nümayəndə heyətinin başçısı çıxış edərək S. Rüstəmxanlının təklifini müdafiə edib.