İslam Partiyasının adından antiAzərbaycan bəyanatı

islam-partiyasinin-adindan-antiazerbaycan-beyanati
Oxunma sayı: 690

Noyabrın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclası keçirilib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda ölkədəki və beynəlxalq aləmdə ictimai-siyasi vəziyyət, həbs olunan islamçılara çıxarılan məhkəmə hökmü və başqa məsələlər müzakirə olunub. İslam Partiyasının sədr əvəzi Elçin Manafov çıxışında yeni mitinq cəhdinin anonsunu verib: “Biz qanun tərəfdarıyıq və qanunun bizə verdiyi hüququn pozulması ilə heç zaman barışmayacağıq. Bir daha bildiririk ki, mitinq keçirməkdə maraqlı deyilik, amma buna sanki məcbur edilirik. Ona görə də yaxın günlərdə növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirmək üçün müraciət edəcəyik”.

Bu arada isə facebook sosial şəbəkəsində İslam Partiyası adından provakasion bəyanat yayılıb. Bəyanat facebook-a partiyanın sədr müavini Akif Heydərlinin adına yaradılmış profil vasitəsilə yerləşdirilib. Bəyanatda “Hizbullah”ın İran qolunun noyabrın 4-də Təbrizdəki Azərbaycan konsulluğuna ühcum edəcəkləri haqda hədəsinə dəstək ifadə olunur: “Ayın 4-də bu dinsiz hökumətin sonu olacaq. Biz bu yezidləri xəbərdar etmişdik. Bundan sonra etdiklərinə giriftar edəcəyik. İnşallah HİZBULLAH ayın 4-də Təbrizdəki səfərətxanayı zibilxanaya çevirəcək. Minlərlə dindar da Azərbaycanı sionizmdən xilas edəcək. Bunların polisləri bizim evimizə qoyub tutduqları silahlar uşaq oyuncaqlarıdır. Biz ayın 4-də göstərəcəyik silahlar necə olur...”.

Yayılan bəyanatın təxribat ola biləcəyi dərhal hiss edilir və elə buna görə də “Azadlıq”ın əməkdaşları İslam Partiyasının rəhbərliyi ilə əlaqə yaradaraq məsələyə aydınlıq gətirdi.
Partiyanın sədr əvəzi Elçin Manafov əməkdaşımıza bildirdi ki, partiya hər hansı bəyanat verməyib və onların adında facebook-da yayılan mətndən xəbəri yoxdur.

Adından bəyanat yayılan sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli də əməkdaşımıza belə bir sənəd hazırlamadıqlarını və yaymadıqlarını dedi. A.Heydərli bildirdi ki, onun ümumiyyətlə facebook-da səhifəsi yoxdur və bu sosial şəbəkədə hər hansı mətn yerləşdirməyib. Sədr müavini baş verənləri İslam Partiyasına qarşı hazırlanmış “məkrli təxribat” adlandırdı. A.Heydərli bildirdi ki, onlar “Hizbullah”ın Təbriz konsulluğuna hücum barədə hədə bəyanatını nəinki dəstəkləmirlər, üstəlik bunu pisləyərək belə bir aksiyanın yolverilməz olduğunu bəyan edirlər. Bununla belə, AİP Azərbaycan hökumətini də yaranmış problemləri danışıqlar yolu ilə aradan qaldırmağa səsləyir.

Azadliq.info