İslamçı baş redaktorun həbsinin detalları açıqlandı

islamci-bas-redaktorun-hebsinin-detallari-aciqlandi
Oxunma sayı: 690

Müdafiə etdiyim şəxsin sözlərinə görə, həmin vaxt elə saxlanan andaca onun cibinə nə isə qoymağa cəhd ediblər. Lakin Bayramov sayıqlıq göstərərək bunun qarşısını alıb. Kənarda çoxlu sayda insanın dayandığını görən həmin şəxslər Bayramovun səs-küy salmasına görə bir daha cəhd etməyərək, onu zorla BMW markalı "NOL 557-C” qeydiyyat nişanlı avtomobilə mindirib, MTN-nin Abşeron Rayon Şöbəsinə aparıblar. Həmin şöbənin həyətində yenidən Bayramovun şalvarının arxa cibinə bir bükülü qoyublar”. “Qafqazinfo”nun məlumatına görə, bunu Bayramovun vəkili Elçin Namazov deyib. Vəkil bildirib ki, baş redaktor qandallanmamış vəziyyətdə olduğundan cibinə qoyulan bükülünü çıxararaq, tullayıb. Bundan sonra həmin şəxslər Bayramovun qollarını qandallayaraq, növbəti dəfə həmin bükülünü onun cibinə qoyublar: “Hal şahidləri gətirilərək, Bayramovun üstünə baxış keçirilib və cibinə qoyulmuş narkotik vasitə çıxarılaraq, sənədləşdirilib. Ona narkotikin cibinə MTN əməkdaşları tərəfindən qoyulması barədə protokola qeyd etmək imkanı verilməyib. Həmçinin onun tələb etməsinə baxmayaraq, vəkilinin iştirakı təmin edilməyib”.

Vəkil onu da bildirib ki, Bayramovun üstünə “baxış” keçirilərkən cibindən Xırdalan şəhərində yerləşən evinin açarları da çıxıb. MTN əməkdaşları açarı özləri ilə götürüblər: “Bundan təxminən 4 saat sonra açarlar geri gətirilmişdir və Bayramovla birlikdə evinə baxış keçirmək üçün getmişlər. Bayramov evə baxış keçirilərməsinə etiraz etməmişdir. Baxışa ikinci mərtəbədən başlamaq qərara alınmışdır. İkinci mərtəbənin qapısı xarab olduğundan qapının sındırılmasına başlanmışdır. Bu zaman evin birinci mərtəbəsindəki qarajdan çıxan bir nəfər polis serjantı MTN əməkdaşlarına demişdir ki, “niyə qarajı axtarmırsınız?”. Qapının sındırılması yarımçıq qoyularaq, qaraja baxış keçirilmişdir. Qarajdan selofon torbaya bükülmüş 1 ədəd İJ markalı tapança, 8 ədəd güllə, 1 ədəd güllə darağı çıxarılmışdır.

Vəkili olaraq, mən baxış prosesinin sonuna çatdım. Orderimi təqdim etdikdən sonra iştirakıma icazə verildi. Bundan sonra protokol tərtib olunmağa başladı. Protokol tərtib olunarkən ciddi saxtakarlıqlara yol verildi. Belə ki, Ramin Bayramovun protokola yuxarıda göstərildiyi kimi, polis serjantının qarajdan çıxıb dedikləri ilə bağlı qeyd yazmasına imkan verilmədi. Həmçinin tələb etməyimə baxmayaraq, protokolda iki hal şahidinin bələdiyyədən gətirilən qulluqçular olması ilə bağlı qeyd yazılmadı. Bu zaman MTN əməkdaşları ilə aramızda mübahisə yarandı və orderimi geri qaytararaq, məni ümumiyyətlə baxışa buraxmadıqlarını dedilər. Protokolun tərtibi saat 23.00-da başa çatsa da qeyd olundu ki, guya saat 21.00-da başa çatmışdır. Bu barədə də etirazlarımız yazılmadı.

Bayramov həmin gecə 2-ci Baş İdarəsinin əməkdaşları tərəfindən MTN-nə gətirilmişdir. O AR CM-nin 228.1-ci və 234.1-ci maddələri ilə cinayət törətməkdə şübhəli bilinir və buna görə şübhəli şəxs qismində tutulub.

Müdafiə tərəfi baş verənləri ciddi qanun pozuntusu kimi dəyərləndirərək, bildirir ki, müqəddəs orucluq ayında dindar bir şəxsi narkotik maddə saxlamaq kimi absurd bir ittihamla tutmaq nəinki qanunsuzdur, həm də əxlaqsızlıqdır.

Müdafiə tərəfi bildirir ki, həyata keçirilən bu “əməliyyatın” böhtan olduğunu sübut edən ciddi sübutlara malikdirlər və bunu qarşıdakı günlərdə açıqlayacaqlar”.