İslamın Amerikası - Türkiyə

islamin-amerikasi-turkiye
Oxunma sayı: 914

Bu gün Türkiyə cəmiyyətində müzakirə olunan əsas məsələlərdən biri də Türkiyənin Liviya və Suriyanın daxili işlərinə qarışıb-qarışmama məsələsidir. Bir neçə ay bundan öncə isə eyni müzakirə Türkiyənin Misirin, Tunisin və Yəmənin daxili işlərinə qarışıb-qarışmama məqsədə müvafiqliyi ilə bağlı idi. Son günlər Türkiyə dünyada yeganə dövlətdir ki, Somalidə baş verən humanitar fəlakətə öz problemi kimi yanaşır və az qala bütün dünyanın Somali ilə bağlı gördüyü işlər qədər işlər görür və bu zaman kimsə Türkiyə “Somalinin daxili işinə bu qədər müdaxilə etməsin” demir.

Türkiyə dövlətinin İraqda antiterror koalisiyasının apardığı əməliyyatlara, İranın nüvə tədqiqatları ilə bağlı beynəlxalq təşkilatların embarqolarına qoşulmama, Əfqanıstan məsələsində NATO dövləti olmasına baxmayaraq, xüsusi mövqe nümayiş etdirməsi, Fələstin məsələsində istənilən Ərəb ölkəsindən daha radikal mövqeyi, İsraillə münasibətlərdə prinsipiallıq nümayiş etdirməsi ,beynəlxalq təzyiqlərə baxmayaraq Qarabağ məsələsinə görə Ermənistanla sərhədlərini acmaqdan imtina etməsi, bununla yanaşı ABŞ və Avropa ilə daha sıx dostyana əlaqələr qurmağa cəhd etməsi, Avropa birliyinə üzv olmaq üçün Konstitusiya dəyişilmələrindən tutmuş, hərbinin siyasətsizləşdirilmə ilə bağlı son aylarda aparılan siyasət ümumiyyətlə belə bir sual doğurur. Türkiyə siyasətində izlənilən strateji xətt nədən ibarətdir və Türkiyə dövlətinin xarici siyasətdə başlıca hədəfi nədir?

Məlumdur ki, ikinci dünya müharibəsindən 90-cı illərə qədər dünya ikiqütblü siyasi məkana çevrilmişdir. Bir qütbü SSRİ-nin başçılıq etdiyi sosialist cəbhəsi ölkələri, digər qütbü ABŞ-ın başcılıq etdiyi kapitalist ölkələri təşkil edirdi. İnkişaf etməkdə olan və buna görə də nə sosializm nə də kapitalizm cəbhəsində yer tutmayan ölkələr isə, üçüncü dünya adi ilə müəyyənləşmişdi və bu iki cəbhənin hərbi, siyasi, iqtisadi eksperimentlərinin həyata keçirildiyi məkan kimi tanınmışdı. SSRİ-nin dağılması ilə dünya bir qütbdən ABŞ başda olmaqla kapitalist ölkələri cəbhəsindən ibarət siyasi məkan kimi yaşamağa başlamışdır. Lakin əksliklərin ziddiyyəti və vəhdəti sürətlə dünyanı yenidən, amma bu dəfə fərqli müstəvidə, mədəni sferada qütbləşməyə məcbur etməkdədir.

Mədəni sferası, fərqli mədəniyyətlərin rəqabət apardığı sfera hesab olunur. Bu gün dünyada mədəni sferada bir biri ilə rəqabət aparan və digər mədəniyyətlərdən kifayət qədər nəhəng gücə malik iki mədəniyyət, islam və xristian mədəniyyəti mövcuddur. Beləliklə, ikiqütblü dünya dedikdə islamla xristianlığın qütb təşkil etdiyi dünyanı qəbul etmək lazım gəlir.

Ümumiyyətlə qütbləşmə hər bir qütbün liderinin önə çıxmasını tələb edir. Politologiya elmində qütbün lideri özək dövlət adlandırılır. Özək dövlət o dövlət hesab olunur ki, mənsub olduğu cəbhənin bütün dövlətlərindən iqtisadi, siyasi və nüfuz baxımından çox-çox güclü olsun, mənsub olduğu cəbhənin bütün problemlərini öz problemi kimi “özünün daxili işi“ kimi görsün və öz cəbhəsinin legitim təmsilçisi kimi haqqa malik olsun. Necə ki, qütbün özək dövləti formalaşmayıb qütb vahid cəbhə kimi çıxış edə və əks cəbhəyə qarşı dura bilmir. Bu isə dünyanın xaosa sürükləyən başlıca səbəbi təşkil edir.

Beləliklə, son illər ayrı - ayrı Misirin böyük islam ölkələrinin, İraqın, İranın, Suriyanın və Türkiyənin xarici siyasət kursunu təhlil etdikdə, islam mədəniyyətində bu dövlətlərin özək dövlət kimi çıxış etmək cəhdi qırmızı xətt kimi diqqəti cəlb edir. İslamın özək dövləti kimi çıxış edən dövlət öz siyasətində aşağıdakı dörd əsas şərtə əməl etmək məcburiyyətindədir.

Birincisi,
İsrailə münasibət. Əslində islam dünyasının yəhudilərə və bugünkü islam dövlətinə münasibəti ehkamdan, yəni islamın müqəddəs kitab “Qurani Kərim”dən gəlir. Quran yəhudiləri nankor, yolunu azmış, fitnə fəsad yayan, Allahın yolunu tutmayan və şərə xidmət edən bir qövüm kimi ittiham edir. Buna görə də, müsəlmanlar da yəhudilərlə bağlı önyarğı hakimdir. Beləliklə, islam mədəniyyətinin özək dövləti öncə yəhudilərə və İsrail dövlətinə xüsusi münasibəti ilə önə çıxmağa cəhd edir. Biz bunu Səttam Hüseyn İraqının, Xameyni İranının, Camal Əbdül Nasir Misirinin, Hafiz Əsəd Suriyasının simasında aydın şəkildə görmüşük. Belə ki, Camal Əbdül Nasir Misiri və Hafiz Suriyası Fələstin məsələsində İsraillə münasibətdə bir mənalı radikal mövqe tutmuş, hətta 1967-ci ildə İsrailə, məğlubiyyətlə nəticələnən, müharibə başlatmışdır. Səttam da ABŞ və Avropaya qarşı mübarizəsində məhz İsrail dövlətini raket atəşinə tuturdu. Xomeyni İran islam inqilabının ilk şüarlarından birini “İsrailə ölüm“ kimi səsləndirmişdir və bu gün də İran prezidentinin xarici siyasətində “İsraili dövlət kimi məhv etmə” arqumenti birincilik təşkil edir.

İkincisi,
mühafizəkarlıqdan imtina. Məlumdur ki, bütün digər dinlər kimi islam ölkələri də fərqli islam təriqətinə uyğun həyat tərzi seçmişdir və bu təriqətlərdə bir biri ilə ziddiyyət təşkil edən prinsiplər mövcuddur. Dövlət nə qədər mühafizəkardırsa cəmiyyət bir o qədər yalnız öz təriqəti ilə sərhədlənir və bu zaman öz təriqətindən kənar təriqətlərə yadlaşır və bəzən onları düşmən elan edir. Vəhhabilərin digər təriqətdə olanları kafir elan etməsi, İran şiəliyi az qala islamla eyniləşdirib, digər təriqətləri şübhə altına salması, Taliblərin Əfqanıstanda həyata keçirdiyi radikal dini siyasət məhz bu cür dini konservatizmin nəticəsində meydana çıxmışdır, hansı ki, bu cür siyasət bir tərəfdən islamın parçalanmasına xidmət edirsə, digər tərəfdən başqa islam dövlətlərindən təkləndiyindən əks mədəniyyətin ovuna çevrilir və bu zaman heç bir İslam dövlətindən nəinki dəstək görmür, əksinə onlarda əks mədəniyyətə qoşularaq onun əzilməsində iştirak edir. Əfqanıstana NATO-nun müdaxiləsi, İranın blokadaya alınması, Səudiyyə- Ərəbistanın marionetkaya çevrilməsi məhz bununla bağlıdır.

İslam mədəniyyətinin özək dövləti olmağın üçüncü məsələsi İslam dövlətlərinin düşmənlərinə qarşı düşmənçilik, İslam dövlətlərinin hamisi ilə dost olmaq, tələb olunan vaxt onlara hər cür humanitar, iqtisadi, siyasi, hərbi və hüquqi dəstək verməkdir. Nə yazıq ki, nə İran, nə Misir, nə Suriya nə də İraq bu funksiyanın öhdəsindən gələ bilməmişdir, əksinə islamın digər ölkələri ilə düşmənçilik siyasəti aparmışlar. Nəticədə İraq-Küveyt, İran-İraq müharibələri meydana çıxmışdır, bu da islam cəbhəsini həm parçalamış, həm də zəiflətmişdir

Nəhayət, dördüncü
element xristianlığın özək dövləti ilə tərəf müqabil olmaq və öz mədəniyyətinin istənilən problemində söz haqqına malik olmağıdır. Misir, İraq, Suriya və İran bu vəzifənin nəinki öhdəsindən gəlmiş əksinə, həmin dövlətlərlə düşmən mövqedə durmaqla öz məqsədlərinə çata bilməmişlər.

Mədəniyyətlərarası rəqabətdə əsas məsələ məhz əks tərəfin özək dövləti varsa onu zəiflətmək, yoxsa, belə bir statusa cəhd edən dövləti müxtəlif bəhanələrlə sıradan çıxarmaq, başını qatmaq və onu bu yoldan çəkindirməkdən ibarətdir. Misirin, İraqın, Suriyanın və İranın başına gələnlər məhz belə mübarizənin nəticəsində meydana çıxmışdır. Eləcə də, islam dünyasında xüsusən bu dövlətlərdə anti-amerkan əhval- ruhiyyəsinin əsasında da əsl-həqiqətdə bu cəhd durur.

Əgər, bu dediklərimizdən yola çıxaraq müasir Türkiyənin xarici siyasət strategiyasını müəyyənləşdirmək istəsək, onda aydın olar ki, bu gün müasir Türk dövləti keçmiş Osmanlı İmperiyası ruhu ilə İslam dünyasının özək dövləti olmaq iddiasındadır. Məhz buna görə Türkiyə “Misir, Liviya, Suriya məsələləri bizim daxili işimizdir “deyir. Türkiyə özündə kifayət qədər yoxsul olsa da, Somaliyə milyonlarla yardım edir. İslam ölkəsi olan Fələstinin xüsusən, Qəzzanın blokadasını yarmağa, fələstinli uşaqlarını qırılmasına görə İsrail prezidentini ittiham etməkdən çəkinmir. Buna görə də, İrana qarşı embarqolara qoşulmur. Buna paralel hakimiyyətdə islamçı bir qüvvə olsa da dünyəvilik prinsipinə sədaqət nümayiş etdirilir və təriqətlərarası tolerantlığa həssaslıqla yanaşılır. İslama formadan daha çox, mahiyyət kimi yanaşılır.Türkiyənin bu cəhdi əks cəbhənin də diqqətini cəlb etməyə bilməz. Türkiyənin islamın özək dövləti olmaq istəyini qəbul etməyənlər boş dayanmır. Türkiyəyə müxtəlif bəhanələrlə, xüsusən Kipr məsələsinə görə, kənar təzyiqlər buna paralel, Türkiyənin daxilində separatizm, terrorizm, təriqətçiliyin körüklənməsi ilə daxili təzyiqlər meydana çıxır.

Günün tale yüklü sualı belədir: Türkiyə bundan əvvəl islam mədəniyyətinin özək dövləti kimi çıxış etməyə cəhd etmiş və acı aqibətlə üzləşmiş digər islam dövlətlərinin Misir, İraq, Suriya və İranın taleyini yaşayacaqmı? Bu sualın cavabı türk toplumunun Türk dövləti ətrafında necə birləşməsindən və Türkiyənin indiki xarici siyasət kursunun məntiqini başa düşməsindən və yeni nəsil siyasətçilərin bu siyasəti gələcəkdə daha da irəliyə aparmasından asılı olacaq. Bizcə, artıq əks cəbhədə də islam cəbhəsinin pərakəndəliyinin onları və bütünlükdə dünyanı təhdid etməsinin fərqində olan və buna görə də tezliklə İslamın özək dövlətinin, İslamın Amerikasının, meydana çıxmasında maraqlı olan qüvvələr formalaşmaqdadır. Buna görə də, xristian mədəniyyəti daxilində, Türkiyəpərəst qüvvələr Türkiyənin daha da güclənməsində, İslam aləmi ilə problemlərin həllində Türkiyənin vasitəçi kimi çıxış etməsində maraqlı olan qüvvələr meydana çıxmışdır. Türkiyənin təkidlə Avropa birliyinə üzv qəbul edilməsini tələb edənlər, PKK-nın terror təşkilati kimi tanıyıb ona qarşı mübarizədə səmimi şəkildə Türkiyənin yanında yer tutanlar, Türkiyənin iqtisadi gücünün artmasından sevinənlər məhz bu cəbhənin formalaşmaqda olmasından xəbər verir.

Yolun uğurlu olsun, Türkiyə!!!