“İslamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı artmaqdadır”

islamofobiya-xesteliyine-yoluxmus-siyasetcilerin-sayi-artmaqdadir
Oxunma sayı: 669

“Qafqazinfo” xəbər verir ki, ölkə başçısı bu prosesə bir sıra media orqanlarının aktiv olaraq qoşulduğunu bildirib: “İndi vaxtilə bəzi hallarda qanunsuz tikilmiş binaların köçürülməsi prosesi gedir. Bu məsələyə də toxunmaq istəyirəm. Çünki bəzi hallarda bu məsələ ilə bağlı spekulyasiyalara yol verilir. Xüsusilə xarici mətbuatda. Bu da Azərbaycana qarşı bir növ qaralama kampaniyasının tərkib hissəsidir. Yalan məlumatlar verilir, böhtanlar yayılır. Təəssüf edirəm ki, özünü hörmətli mətbu orqan sayan telekanallar, yaxud da ki, qəzetlər bu təxribata qarışırlar.

Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar. Amma təxribatçı qüvvələr vardır ki, bundan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyirlər. Bu, şəhərimizin ümumi abadlaşma prosesini hansısa tədbirlərlə bağlamaq istəyirlər. Bizim ümumi xəttimiz, siyasətimiz, şəhərsalma proqramlarımız vardır. Bakının inkişafı hansı istiqamətlərdə gedəcəkdir?! Bu barədə biz dəfələrlə danışmışıq, yığışmışıq. Mən Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq etmişəm. Bütün bu məsələlərə özüm baxmışam. Ona görə yenilik, quruculuq və köçürmə prosesləri artıq əvvəlki dövrdən müəyyən edilmiş qaydada aparılır. Bunun heç bir beynəlxalq tədbirlə əlaqəsi yoxdur. Biz nə qədər mümkündür hər yerdə parklar, yaşıllıq zolaqları salırıq. Şəhərin mərkəzindən köçürülən ərazilərdə avtomobil dayanacaqları, yeraltı avtomobil dayanacaqları yaradılır. Buna böyük ehtiyac vardır. Onun üstündə gözəl yaşıllıq zolaqları, parklar, ictimai yerlər tikilir və biz bu siyasəti davam etdirəcəyik.

Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır.

Onların təsir dairəsi kifayət qədər genişdir. Onlar müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında təmsil olunurlar. Bəzən başqa familiyalarla təmsil olunurlar, öz mənşəyini gizlədirlər. Bu, indi ikinci məsələdir. İnsan öz milli mənsubiyyətini gizləməməlidir. İstənilən insan öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Amma onlar başqa ölkələrdə nədənsə bu sahədə də seçilirlər.

Bəzi hallarda Azərbaycana qarşı açıq şəkildə kampaniya aparırlar və çalışırlar ki, Azərbaycanın imicinə koordinasiya edilmiş şəkildə xələl gətirsinlər. Onların fəaliyyəti məqsədyönlüdür və bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bizim üçün də, bir daha demək istəyirəm ki, bir nömrəli düşmən erməni lobbisidir. Biz bu mübarizəyə də hazır olmalıyıq.

Son illər ərzində biz vəziyyəti böyük dərəcədə öz xeyrimizə dəyişdirə bilmişik. Azərbaycanın diaspor təşkilatları, bizim sağlam qeyri-hökumət təşkilatlarımız, Azərbaycanın xaricdəki səfirlikləri, bizim ictimaiyyətimiz, xarici mətbuata çıxış imkanlarımız və mövqeyimiz güclənir. Ancaq hələ ki, biz reallıqları da nəzərə almalıyıq. Erməni lobbisi Avropada və başqa ölkələrdə, böyük ölkələrdə onilliklər, bəlkə əsrlər boyu fəaliyyət göstərir, təşkilatlanmış çox aqressiv və mənfi bir qüvvədir. Bizə qarşı, necə deyərlər, mənfi informasiyanın təkanvericisi erməni lobbisidir. Erməni lobbisinin təsiri altında olan, onların çirkli pulları ilə dolanan bəzi ölkələrin siyasi xadimləridir. Biz onların adlarını bilirik, onları tanıyırıq. Onların qondarma “Dağlıq Qarabağ respublikası”na səfərlərinin sayına baxmaq kifayətdir ki, hər bir adam bilsin, nə üçün onlar oraya gedirlər. Bu, ikinci qüvvədir.

Üçüncü qüvvələr. Əfsuslar olsun ki, bəzi ölkələrdə islamofobiya meylləri güclənir. Bu da reallıqdır. Çox mənfi reallıqdır, ancaq reallıqdır. Biz də bu reallıqla hesablaşmalıyıq. İslamofobiya meylləri gücləndikcə müsəlman ölkələrinə münasibət də mənfiyə doğru istiqamətdə gedir. Biz bunu bilməliyik və deməliyik. İslamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı artmaqdadır. Bu qüvvələr müsbət mənada seçilən, öz müasirliyi, müstəqil siyasəti ilə fərqlənən, islam dəyərlərinə sadiq olan ölkə kimi Azərbaycanı görəndə, əlbəttə ki, sevinmirlər, məyus olurlar. Biz bu amili də daim nəzərdə saxlamalıyıq və çalışmalıyıq ki, bu vəziyyəti öz siyasətimizlə xeyrimizə dəyişdirək.

Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda multikulturalizm yaşayır. Bunu biz yaşadırıq və yaşadacağıq. Multikulturalizmin iflasa uğradığını deyən siyasətçilər islamofobiya dəyirmanına su tökmüş olurlar. Bu, çox təhlükəli meyldir. XX əsrdə buna bənzər meyllər nəyə gətirib çıxardığını biz unutmamışıq.

Bizə qarşı informasiya müharibəsi aparan digər qüvvələr sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Onlara elə gəlir ki, Azərbaycan kimi ölkə müstəqil siyasət aparmamalıdır. Kiminsə qanadının altına keçməlidir və müstəqil siyasətə malik olmamalıdır. Elə qüvvələr də vardır ki, biz onları tanıyırıq. Onların Azərbaycana qarşı gizli mübarizəsi gedir. Bu mübarizəni bəzi hallarda onlar açıq şəkildə yox, qorxaqcasına informasiya məkanında aparırlar.

Əlbəttə ki, Azərbaycanın müstəqil siyasəti, hər bir beynəlxalq məsələ ilə bağlı qəti mövqeyi və bu mövqeyin güclü olması dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmətdir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük təntənəmizdir, zəfərimizdir. Bizi 155 ölkə dəstəklədi. Budur, dünya ictimaiyyəti. Dünya ictimaiyyəti hansısa regional təşkilat deyildir. Dünya ictimaiyyəti BMT-dir. BMT də bizi dəstəkləyir.

Əlbəttə, bizim müstəqil siyasətimizi qəbul etməyən qüvvələr vardır. Onları bizim siyasətimiz qıcıqlandırır. Onlar çalışırlar ki, yeni imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul olsunlar, yalan, böhtan xarakterli məlumatları ötürsünlər. Mətbuat hazırda, nəinki informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir. Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə buna hazır olmalıyıq. Biz hazırıq. Hər bir əsassız hücuma biz cavab verməliyik, veririk və verəcəyik”.