İsmayıl Ömərova açıq məktub

ismayil-omerova-aciq-mektub
Oxunma sayı: 671

İctimai Televiziyada yayımlanan “Pöhrə-2012” musiqi müsabiqəsinin nəticələrindən narazı qalan iştirakçılardan birinin valideyni Şəfa Həşimov kanalın baş direktoru İsmayıl Ömərova açıq məktub ünvanlayıb. Ş. Həşimovun “Qafqazinfo”ya göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli İsmayıl bəy. Nəzərinizə çatıdırıram ki, sizə bu müraciəti “İctimai” televiziyada yayımlanan “Pöhrə-2012” musiqi müsabiqəsində üzləşdiyimiz haqsızlıqla əlaqədar olaraq qələmə alıram. Məlumat üçün qeyd edim ki, övladım Qalib Həşimov “Pöhrə-2012” müsabiqəsində iştirak edərək ikinciliyə layiq görülsə də, mən bir valideyn olaraq ictimaiyyətin gözü qarşısında reallaşan bir haqsızlığa etiraz əlaməti olaraq bu diplomları təkrar “İctimai” televiziyaya qaytarmışam. Buna səbəb, qeyd etdiyim kimi müsabiqənin nəticələrini ədalətli hesab etməməyim olub. Belə ki, övladımın keçirilən müsabiqədə birinciliyə layiq olduğu bütün münsif heyəti tərəfindən etiraf edilsə də, layihə rəhbər Azər Abdullayev (belə bir etitaf ona da məxsusdur) övladıma qarşı ədalətsizliyə yol verərək onun ikinci yerə layiq görüldüyünü elan etmiş, bunu yarışmanın sms əsasında keçirilməsi ilə izah etmişdir. Halbuki, müsabiqə başlamazdan öncə Azər Abdullayev bunun smsli musiqi müsabiqəsi olmadığını söyləmiş, bütün nəticələrin münsif rəyi əsasında müəyyən ediləcəyini bildirmişdir. Lakin nəticələr elan edildikdən sonra biz məsələ ilə bağlı öz etirazımızı bildirən zaman Azər Abdullayev müsabiqənin sms əsasında keçirildiyini və Qalib Həşimovun da məhz sms-in nəticələrinə uyğun olaraq ikinciliyə layiq görüldüyünü söyləmişdir. Mən baş verənlərlə bağlı sizə həm yazılı (xəbərnaməli məktub), həm də elektron poçt vasitəsilə müraciət göndərsəm də bu müraciətlərin heç birinə cavab ala bilmədim. Ola bilsin ki, ya işinizin çoxluğundan (baxmayaraq ki, “İctimai” televiziyanın rəhbəri kimi ən başlıca işiniz ictimaiyyət və onun təmsilçilərinə xidmət etməkdir), ya da bəzi məmurlar kimi sadə vətəndaşın müraciətinə cavab verməklə zamanınızı “boş işlərə” sərf etməyə lüzum görmədiyinizdən bu müraciətlərin heç birinə cavab vermədiniz. Ümid etmək istərdim ki, bu kəs sullarımıza cavab verməklə bizi şərəfləndirəcək və bununla da bizə böyük bir lütf göstərəcəksiniz. Odur ki, layihənin məhz sizin telekanalda yayımlandığını, qaliblərə təqdim edilən hər iki diplomdan birinin məhz sizin imzanızla verildiyini nəzərə alaraq, aşağıdakı sualları yazılı olaraq cavablandırmağınızı xahiş edir və bildiririəm ki, bu suallara qaneedici cavab almayacağım təqdirdə məlum suallara məhkəmə vasitəsilə cavab almağa çalışacağam. Beləliklə, bu sualların hər birinin aydın və anlaşıqlı şəkildə cavablandırılmasını istəyirəm.

1. ”Pöhrə-2012” müsabiqəsi sms, yoxsa münsif rəyi əsasında keçirilir və əgər bu müsabiqənin hansısa mərhələsində sms amili rol oynayırsa, o zaman niyə bu barədə layihə rəhbəri öncədən iştirakçılara məlumat verməyib?

2. Azyaşlı yeniyetmələr arasında keçirilən istedad yarışmasında sms amilinin mövludluğu əxlaqi və mənəvi baxımdan nə dərəcədə doğrudur? Sizə elə gəlmirmi ki, belə bir yarışmanı istedad deyil, pullu valideyn müsabiqəsi elan etmək daha məntiqlidir?

3. Layihə rəhbəri Azər Abdullayev “Hürriyyət” qəzetinə (“Hürriyyət”. 08-10 iyun 2012. N 133(2093).səh - 10) verdiyi açıqlamada sms amilinin məhz fiinal mərhələsində tətbiq edildiyini bildirir və eyni açıqlamada vurğulayır ki, müsabiqədə sms simvolik, rəmzi məna kəsb edib. Əgər həqiqətən də belədirsə, o zaman iştirakçıların simvolik, şərti bir meyara görə dəyərləndirilməsi nə dərəcədə ədalətlidir və sizə elə gəlmirmi ki, bir tək bu nüans müsabiqənin nəticəsinin tanınmaması üçün yetərlidir?

4. Azər Abdullayev iştirakçıların sms əsasında müəyyənləşdiyini və bununla bağlı əlində rəsmi sənədlər olduğunu söyləyir. Əgər həqiqətən də layihə sms əsasında reallaşıbsa, o zaman nə üçün iştirakçılara bir dəfə də olsun efir vasitəsilə öz tamaşaçılarından səs istəmək imkanı verilməyib və ümumiyyətlə efirdə, nə layihə rəhbəri, nə də digərlərinin dilindən sms adı çəkilməyib?

5. Sizə elə gəlmirmi ki, smsli bir yarışmada iştirakçılara belə bir hüququn verilməməsi həm də milyonlarla tamaşaçını aldatmaq, onlarda müsabiqənin münsif rəyi əsasında keçirildiyi ilə bağlı yanlış rəy yaratmaq deməkdir və bu, ən azından mənəvi baxımdan qəbulediməzdir?

Sonda bir daha sizdən tabeçiliyinizdəki şəxsin əməlləri ilə bağlı bütün bu suallara ətraflı cavab vermənizi xahiş edir və bir daha xatırladıram ki, bu sualların cavablandırılmayacağı təqdirdə problemin qanunvericiliyin tələblərinə uyğun şəkildə məhkəmə vasitəsilə həlli üçün bütün zəruri addımları atacağam.

İTV rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.