“İstəyirlər ki, onları da Orxanın üstünə atsınlar”

isteyirler-ki-onlari-da-orxanin-ustune-atsinlar
Oxunma sayı: 676

Xatırladaq ki, O.Kərimov ötən il iyunun 6-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. E.Kərimova isə bildirir ki, Təhsil Nazirliyində qanunsuz əməllərlə məşğul olanlar öz əməllərini oğlunun üstünə atmaq istəyir.

E.Kərimova “Azadlıq” qəzetinə məktubunda yazıb ki, özü 40 ilə yaxın “Maarif” nəşriyyatında ali məktəblər üçün dəqiq elmlər sahəsində dərslik hazırlayan redaksiyaya rəhbərlik etdiyindən təhsil sahəsində baş verən proseslərdən xəbərdardır: “Yəqin heç təhsil naziri Misir Mərdanov da işin tam mahiyyətini bilmir. Mətbuatda uzun illər ərzində çox sayda, bəlkə də minlərlə qanunsuz köçürmələr barədə məlumat verilib. İndi belə çıxır ki, bunların hamısını Orxan edib?! Ayıbdır, çox ayıbdır. İndi başa düşürəm ki, elə həmin qara məkrli qüvvələr imkan vermədilər ki, Orxan heç olmasa ev dustaqlığına çıxıb ürəyindən əməliyyat oluna bilsin. Görünür, onların sözü prokurorluqda da keçir. Əvvəl deyirdilər ki, Orxan 2009-cu ildə bu işləri görüb. Sonra o biri illərdəki öz əməlləri ortaya çıxıb, indi də istəyirlər ki, onları da Orxanın üstünə atsınlar”.

Dünən E.Kərimova ilə əlaqə saxlayıb O.Kərimovun hazırkı durumu ilə maraqlandıq. Oğlunun problemi ilə əlaqədar təhsil naziri ilə görüşüb-görüşmədiyini öyrəndik. E.Kərimova bildirdi ki, oğlunun ürəyində uşaqlıqdan qüsur olub, 2010-cu ildə infarkt keçirib və buna görə ürəyindən əməliyyat olunub: “Başıma gəlməyənlər qalmadı. Əli vaxtilə Orxanı uşaq həkimi Ədilə Namazovaya müayinə etdirəndə həkim demişdi ki, uşaqda ürək qüsuru var. Orxan Kiyevdə oxuyanda siqaret çəkməyə başlamışdı. Ona siqaret, əsəbiləşmək olmaz. 2010-cu ildə infarkt keçirdi, ürəyi əməliyyat olundu. Həkimlər dedi ki, 2011-ci ildə yenə əməliyyata ehtiyac var”.

E.Kərimovanın sözlərinə görə, O.Kərimovla əlaqədar M.Mərdanovla da görüşüb: “Mərdanov dedi ki, oğlunun heç bir günahı yoxdur. Əlini sevənlər çoxdur. Onlar onun oğlunun günahsız olduğunu bilir, həbsdən çıxmasını istəyirlər. Amma bizə də qaranlıq qalan məsələlər var. Yeni il qabağı nəvəm oğlumla görüşüb, səhhətini necə görübsə, uşaq psixoloji zədə alıb. Məni hazırda düşündürən ən əsas məsələ oğlumun səhhətidir”.
O.Kərimovun vəkili Ramiz Məmmədov dedi ki, onun səhhəti ilə bağlı problemi həll olunmamış qalıb: “Ekspertiza da rəy verib ki, onun müalicəyə ehtiyacı var. Ya həbs ləğv edilməli və o, məcburi müalicəsini başa çatdırmalıdır, ya da müalicəsinə şərait yaradılmalıdır. İxtisaslaşmış xəstəxanaların həkimləri aparılıb onun cərrahi əməliyyatını həyata keçirməlidir. Bunun heç biri edilmir. Hazırda həyatı təhlükədə olan Kərimovun səhhəti sabit ağır olaraq qalır”.

“Yeni Müsavat”