İsveçrəli Hacı Hacılı

isvecreli-haci-hacili-
Oxunma sayı: 1166

Əgər iddia edən tapılıb desə ki, bank ona yatırılan pulun mənbəyi ilə niyə maraqlanmaldır, o zaman belə bir ədalətli sual meydana çıxır ki, niyə Amerika və Avropa öz vətəndaşlarından müəyyən edilmiş məbləğdən artıq rəqəmlər gördükdə mənbəni qəpiyinə qədər soruşur, lakin digərlərinə isə heç qaşın üstə gözün var belə demədən bəh-bəh ilə “Swiss” hesablar açırlar.

Niyə axı, demokratiya, insan haqqları, şəffaflıq kimi şüarlar ilə dünyanı silkələyən bir dövlət təxminən 1000 AZN manatı məvacibi olan nazirin 100 milyon dollar pulunu bankda yerləşdirib qoruyarkən bu pulun mənbəyini həmin cənabdan soruşmur? Yer kürəsində şəffaflıq istədiyini iddia edən bir ölkə mənbəyi qeyri-müəyyən olan pulları toplamaqla oğruları, rüşvətxorları, diktatorları bu çirkin işə həvəsləndirmirmi?..
Yazıda məqsədim heç də İsveçrənin son 100 ildə apardığı bu əxlaqsız siyasətini müzakirə etmək deyildir. Qısaca, onu demək istəyirəm ki, Amerika iqtisadiyyatının 60 %-i hərbi sənayədən ibarət olduğu kimi, İsveçrənin də iqtisadiyyatının 90%-i bank və maliyyə sənayesi üzərində qurulubdur. Stalin, Mao və Fidel Kastro kimi bir neçə diktotoru çıxmaq şərti ilə XX əsrdə elə bir diktator, rüşvətxor və oğru yoxdur ki, onun İsveçrədə “Swiss” hesabı olmasın. Ən qəribəsi isə odur ki, həmin diktatorlar devrildikdən sonra “Siz diktatorsunuz, pulu xalqdan oğurlamısınız!”- deyib diktatorların xalqdan oğurladığı vəsaiti banklar özləri mənimsəyirlər. Diktator kimi edam edilən, öldürülən, mühakimə olunan Səddamın, Qəddafinin, Hüsnü Mübarəkin və digərlərinin pulları hələ də “Swiss” hesablarda yatır.

“Şəffaflıq” arzusunda olan bir ölkənin və ya qitənin bu qeyri-şəffaf işləri haqqında çox demişik, çox yazmışıq. Hətta Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin burnunun altında “gəmidə oturub gəmiçi ilə dava etməyin” məsuliyyətini də gözlərimizin qarşısında canlandırmışıq. Lakin həqiqət həqiqət olaraq qalır ki, diktatorların, rüşvətxorların, oğruların pulları demokratların banklarında toplanır...

Bu məqaləni yazmağımın səbəbi isə başqadır. Elə yenicə “Təcavüz qaçılmazsa, dadına baxılır” deyildiyi türk atalar sözündə olduğu kimi taleyimizlə barışıb demokratların banklarında toplaşan pullarımızı seyr edirdik ki, birdən İsveçrədə yaşayan, xətrini istədiyim, həmvətənlim Hacı Hacılı şarlatanizmin mərhum Rafiq Tağının ölümündən istifadə edib hazırladığı İslama iftira yağdıran bəyanatına imza atdığını oxudum. Bu da azmış kimi Hacı bəy İslamı düzgün təbliğ etmədiyim üçün hətda mənə irad tutmaqdan da çəkinmədi.

Və Hacı bəyin bu imzası mənə sanki bir daha demokratların banklarında toplanan Azərbaycan xalqının sərvətlərini xatırlatdı. Bu baxımdan çox qısa şəkildə həmvətənlim Hacı bəyin diqqətinə təkrarçılıq olmasına baxmayaraq onun bildiyi bir neçə şeyi çatdırmağı özümə şərəf və eyni zamanda borc bilirəm. Həmçinin, elə düşünülməsin ki, bunları Hacı bəyə söyləməklə ondan bizim kimi axmaqlıq edib rahat həyatını pozaraq “gəmidə oturub gəmiçi ilə dava etməyi” gözləyirəm. Zatən bunu gözləmək sadəlöhvlük olardı. Necə olsa, Azərbaycanın sərvətləri Azərbaycan xalqında da qalmasa, Hacı bəyin gələcək taleyini bağladığı demokratlarda qalacaq. Başqa sözlə desək, Hacı Hacılının mövqeyi çox düzgün və dəqiq hesablanmış mövqedir.

Bununla yanaşı, “Haqq-ədalət pozulduğu vaxt susan dilsiz şeytandır”-deyə aləmlərə rəhmət olaraq g?ndərilən Hz. Muhamməd (s.a.s.) buyurur. Başqa bir yerdə isə Allah Rəsulu (s.a.s.): “Sizin içinizdə ən xeyirliniz zalım hökmdarın qarşısında həqiqəti söyləyəninizdir” deyir.
Razılaşıram ki, haqqı müdafiə etmək, zalımın qarşısında həqiqəti söyləmək asan deyildir. İndi heç İslamın istədiyi müsəlman olmaq məqsəd olaraq da qarşıya qoyulmur. Çünki belə bir məqsədə doğru gedilərsə rahat həyatı əlinin arxası ilə itələyib Ömər Muxtar, Seyyid Qütb, Alica Ali İzetbekoviç olmaq lazımdır. Belə bir məqsəd varsa ortada Cövhər Dudayevin 1995-ci ilin yanvar ayında olan döyüşlərin birində şəhid edilən 16 yaşlı oğlu üçün “Oğlumun digər şəhid olanlardan heç bir fərqi yoxdur. Mən bir oğlumu itirmişəm, elə analar var ki, 3 oğlunu itiribdir” dediyi kimi deməlidir. Yaxud gözlərimizin qarşısında İslamın istədiyi müsəlman olmağı qarşısına hədəf seçib rahat həyatını əli ilə geri çevirərək şəhidlik yolunu seçən Mübariz İbrahimov olmaq lazımdır.

İslamın istədiyi müsəlman indi elə bir vəziyyətdədir ki, nəinki haqqı müdafiə etmək, zalımın qarşısında həqiqəti söyləmək, hətta haqqı müdafiə etdiyi üçün, zalıma yaltaqlıq etmədiyi üçün, rahat həyatdan imtina etdiyi üçün belə qınanır. Bu vəziyyəti 14 əsr bundan əvvəl Hz. Muhamməd (s.a.s.) belə təsvir edir: “Bir zaman gələcək İslam dininə uyğun yaşayanlar əllərində atəş gəzdirmiş kimi olacaqlar”.

Həqiqətən də hədis tam mənası ilə hökm sürür. Vəziyyətə baxın, müsəlmanların təbii sərvətləri talanır, başlarına İslamdan xəbəri olmayan və bir çox hallarda İslam düşmənləri olan diktatorlar dikilir və sonra da bir-iki mədəni vasitəsi ilə İslam əleyhinə xalqın arasında fitnə-fəsad salıb müsəlmanları əsl problemlərin həllindən yayındırırlar. Çünki İslam yoxsulluğun, israfın, azğınlığın, dərəbəyliyin, zülmün olmadığı bir cəmiyyətin qurulmasını tələb edir.

Həmvətənlim Hacı Hacılının imzaladığı həmin bəyanat da o böyük siyasətin bir parçasıdır. Həmin siyasətin adı da müsəlmanların arasında fitnə salıb onları əsl problemləri olan talanan sərvətlərinə sahib çıxmaqdan yayındırmaq siyasətidir. Türkiyənin Qara dəniz sahillərindəki şəhərlərdə çox nadir restoran tapılar ki, azərbaycanlı fahişə qadın olmasın. Rusiyanın elə bazarı yoxdur ki, orada azərbaycanlı kişi göy-göyərti satmasın.
Yazının uzun olmasını istəmədiyimdən bu siyahını uzatmaq istəmirəm. Sadəcə həmin bəyanatı hazırlayanların, imzalayanların nəzərinə Allahu-Təalanın Qurani-Kərim Ali-İmran surəsi 179-cu ayəsində buyurduğu: “Allah möminləri bu vəziyyətdə buraxacaq deyildir. Sonda murdarı təmizdən ayıracaqdır…” kəlamını xatırladıb demək istəyirəm ki, Allah vədindən dönməz. Və biz müsəlmanlar yenə dünyada söz sahibi olduqda heç kimin oğurluq pullarını banklarımızda toplamayacağıq. Zatən tarix boyu heç kimin oğurluq pullarının yuyulması ilə məşğul olmadıq; xristian və digər dinlərdən, millətlərdən olanlara silah satmaq üçün onları bir-birilərinə qırdırmadıq; “dovşana qaç, taziya tut” prinsipi ilə “iqtidara əz və müxalifət qorun” siyasəti yürütmədik.

Son olaraq, Hacı bəydən soruşmaq istəyirəm ki, bəy, həmin bəyanatı imzalamaqla söz azadlığına nail oldunuzmu? Zənnimcə, heç nəyə nail olmadınız. Sadəcə məhəbbət nifrətə dəyişdi, dostluq düşmənçiliyə, salam isə tfuya.