İtirilmiş zaman

itirilmis-zaman
Oxunma sayı: 952




Astrologiyada zaman, vaxt məhfumu önəmli yer tutur. Astrologiya zamanın içi və çölüdür – zamanın özüdür. Ona görə də zamanın içində vurnuxmaqdan savayı bir iş yapa bilmirik. Keçmiş də, bu gün də, gələcək də zamanın içindədir. Keçmiş bəllidir, gələcək bilinmir, bu günü isə yaşayırıq və ötməkdə olan hər an keçmiş zamana və tarixə dönür – xatırlamaq üçün. Hamı çalışır ki, bu zamanı xoş təəssüratla xatırlasın, amma çox vaxt bunun əksi olur. Tamam fərqli bir növü də var zamanın – itmiş zaman, itirilmiş zaman, qədri bilinməyən zaman, hədər gedən zaman və unudulmuş zaman. Bu növləri bir xeyli uzada bilərəm, amma vaxtı-zamanı itirmədən itirilmiş zamandan danışmaq istəyirəm.

“Əşi, məndən keçdi, əsası odur uşaqlarım xoşbəxt böyüsünlər” – gözümüzü dünyaya açandan ata-analarımızdan tez-tez eşitdik bu sözləri. Biz də zamanın bəlli nöqtəsinə yetişəndə eyni sözləri təkrarladıq – zamanımızın bitdiyini düşündük və valideynlərimiz kimi biz də bir zaman gördük ki, qocalmışıq. İllər ötdü, fəsillər keçdi, cavanlığımız uçub getdi... Yaxud müsəlman dünyasında, xüsusən də məmləkətimizdə gördük ki, insanlar nəinki iki, hətta üç növbə işlədilər ki, qazancları çox olsun, gələcəklərini, istirahətlərini təmin etsinlər. Dayanmadan işlədilər, nə dincəldilər, nə özlərini təmin etdilər. Bu azmış kimi hələ sümükləri bərkiməmiş övladlarını da üçnövbəli sistemə soxdular. Və bir də gördülər ki, vaxt-vədə yetişib, övlad evlənməlidir. Uzağı bir həftə buna hazırlıq yapmağa zaman ayırdılar, toy etdilər, bir-iki gün keçmiş təzədən üçnövbəliyə qayıtdılar. İş davam etməliydi axı – nə bal ayı, nə cavanlıq?! Əksinə təzə gəlin də, hələ doğulan körpə də bu ənənəyə sadiq qalıb gələcəyin təminatı, istirahəti üçün işə başlamalıydı. “Hələ qazanım, sonra dincələrəm” şüarına sadiq qalan millətimiz yalnız əsaya əl aparanda, əldən düşəndə bir daşın üstündə oturmaqla, 4 günə zorla yetən təqaüdləri almaqla dincəldirər.

Ailələrdə dedi-qodular, hansısa inadkarlıqlar küsüşmələrlə, soyuqlaşmalarla nəticələndi ki, sonda ayrılıqlar başlandı: ata oğuldan, qız anadan ayrı düşdü. Bir zaman gəldi və gördülər ki, aradan uzun illər, unudulmuş, itirilmiş illər keçib. Qardaş bacısının neçə uşağı olduğunu, oğul əmisinin nə vaxt rəhmətə getdiyini, baba nəvəsinin haçan doğulduğunu bilmədi.

Ayrı-ayrı fərdlər də itirməkdədir. Yüksək qabiliyyəti, savadı olanlar iş aramadan pul qazanmaq istəyirlər. Oturub gözləyirlər ki, kimsə gəlib onlara belə desin: “Bəlkə sənə ev-eşik, yüksək maaşlı iş lazımdır, sən Allah, xahiş edirəm, gəl sənin işini düzəldim”. Bu, heç vaxt olmur, olmayacaq da. Amma yenə gözləyirlər və bir də baxıb görürlər ki, illər arxada qalıb, böyük bir zaman itib. “Evim olsun, evlənərəm”, “Özümü saxlaya bilmirəm, başqasını necə saxlayım?” deyə-deyə 40-45 yaşı haqlayan kişilər hələ də zalımdan mərhəmət, zülmətdən işıq gözləyirlər – hərəkətsiz-filansız. Heyif olur bihudə keçən illər.

Dinimizdə də vaxt itkisi böyükdür. Düşmənlərimizin dərinləşdirdiyi sünni-şiə ayrıseçkiliyi zamanın ölümündə rolu olan ən qəddar cəlladdır. Heyiflər olsun ki, İslam aləminin böyük-böyük alimləri bütün həyatlarını, yaradıcılıqlarını şiə məzhəbinin, yaxud sünni məzhəbinin daha doğru, daha üstün olmasını göstərən qalaq-qalaq kitablar yazmağa xərcləyiblər. Amma axıra çıxmayıblar, əksinə, bu yanaşmalar əslində düşmənçilik toxumu səpməkdən, onu dərinləşdirməkdən başqa bir təsir göstərməyib. Əgər itirilmiş illərin əvəzinə o alimlər İslamı tərənnüm edən əsərlər yazsaydılar, “mömin möminin qardaşıdır” prinsipini dərinləşdirsəydilər, bu gün müsəlmanlıq başqa türlü olardı.

Siyasətdə vaxt itkisi daha böyükdür. Siyasətdə olanlar zamana aldanmırlar, sadəcə vaxtı fövtə vermirlər. Bəzən hətta 80 yaşlı siyasətçi qarşıdakı 50 ilin siyasi kursunu təyin edir – axı onlar üçün “o vaxta qədər kim ölə, kim qala” halı yoxdur. Elə bizim iqtidarla müxalifət də vaxt qatilləridir. Bir-birinə doğru addım atmaq əvəzinə bir-birini ittiham etmək, bir-birini gözdən salmaqla məşğuldurlar. İqtidar aylarla, illərlə vaxt sərf edib şeytan hizbindən olan birisini seçib meydana atır və müxalifətin ünvanına hədyanlar söylətdirir. Müxalifət isə öz mətbu orqanlarında, çıxışlarında yalan informasiyalar, fakta söykənməyən “faktlar” ortalığa atmaqla gərginlik yaradır. Müxalifət olduqca zəif məmur tiplərini o qədər böyük göstərir ki, insanlarımız qorxur, onların “məğlubedilməz” olduğunu görüb təlaşlanırlar. Hər kəsdə nifrət və qəzəb aşılayır müxalifət. İnsanda bu qədər nifrət toxumu haradandır görəsən: ermənilərə nifrət, korrupsiyaçılara nifrət, inhisarçılara nifrət, şou əhlinə nifrət, üzdəniraq telelayihələrə, teleaparıcılara nifrət, quruluşa nifrət, dünyaya nifrət, millətə, hətta özünə nifrət – boşuna vaxt itkisi deyilmi? Tutaq ki, mən Vladimirlə Dmitriyə, Nikola ilə Angeleyə, Hillariyə, lap elə Mahmuda nifrət elədim, nə dəyişəcək? Nəyi düzəldəcəyəm? Əbəs yerə vaxtımı və əsəblərimi korlayacağam. Bəs nə edək? Bir döyüş dostum bu sualın cavabında belə deyir: “Bəlkə bu nifrətləri eşqlə, sevgi ilə əvəz edək, bəlkə hər şey düzələr?”. Bəlkə də. Amma buna əmin olmadan başlamaq olmaz, vaxtımız boşa gedər axı...

ATƏT-in Minsk qrupunun həmsədrləri də zaman qatilləridir və bu quru boşluğu zəhmli və bayağı gülüşləri ilə, astagəl davranışları ilə doldurmağa çalışırlar. Ermənilər isə itirilmiş illərin dadına indi-indi baxmağa başlayıblar. Nədənsə bu məsələdə onlar da geridə qalıblar. Qaçqınlarımız da itirilmiş illərin acısını çəkirlər. Düşərgələrdə illər boyu yurda qayıtmaq intizarı çəkən, qayıdacağı evin, həyətin yöndəmini xəyalında dəyişən yurdsuzlarımız yalnız ikinci onillikdə qayıtdılar, özü də yurda deyil, kəndlərdə “qutu evlər” adlandırılan yaşayış binalarına. Arada itən illərə yazıq, ölən zamana yazıq...

Bəli, insanlar şeytandan aman, şərdən mərhəmət gözləyə-gözləyə illəri qurban verirlər. 40 il, düz 40 il zavallı ərəblər Hüsnü Mübarək, Hafiz Əsəd, Müəmmar Qəddafi, Səddam Hüseyn kimi zülm törəmələrindən, iblis koalisiyasından mələklik gözlədilər. Efirdə, mətbuatda dedikləri vədlərin hamısına inandılar, yalnız 40 ildən sonra anladılar ki, onları zülm buxovu sarıb. Bəs itirilmiş o illəri kim ödəyəcək?

70 il də biz itirdik, milli mənliyimizdən savayı heç nəyi qoruya bilmədik. Amma buna da şükür etməliyik. Çünki İslam məntiqinə görə, nə qədər ağır duruma düşsən də, səndən də ağır vəziyyətdə olanlar var. Biz 70 ilin fəryadını ərşə qaldırırkən, yəhudiləri də yada salmalıyıq. Onlar düz üç min il qul oldular, qul doğulub, qul öldülər. Bəs o 30 əsrin əvəzi necə çıxılacaq? Bəlkə artıq çıxılıb ki, bu gün insanlıq zillət çəkir?! Bilmirəm.

Fərdi anlamda mən də itirilmiş aylara, illərə tuş gəlirəm. Bax elə bu köşəmi yazmaqla da boşuna vaxt itirdim. Çünki yuxarıda dediklərim olmasaydı, ulduzların payız proqnozlarından-zaddan yazıb ənənəmə uyğun olaraq camaatımızda nikbinlik yaradardım. Bağışlayın ki, sizin də vaxtınızı aldım. Amma son sözümü məşhur bir mütəfəkkirin dəyərli bir fikri ilə tamamlamaq istəyirəm: “Qaranlığı lənətləməkdənsə, gəlin, hərəyə bir şam yandıraq!”