İtkin düşən qızlardan ipucu

itkin-dusen-qizlardan-ipucu
Oxunma sayı: 649

Azərbaycanda itkin düşmüş məktəbli qızlarla bağlı yeni faktlar ortaya çıxıb. Kürdəmir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində məktəbli qızların Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə getdiyi müəyyənləşib. Həmin taksi sürücüsü polis tərəfindən saxlanılıb.

Polis tərəfindən dindirilən taksi sürücüsü qızları Bakı şəhərinə apardığını təsdiqləyib, həmçinin bildirib ki, qızlar Bakı Beynəlxalq Avtovağzalının ərazisində maşından düşüblər. Bakıya gedərkən onlar yolda tez-tez Qismət adında bir nəfərə zəng edirmişlər. Avtovağzala çatanda da qızlar həmin şəxsə zəng edərək artıq Bakıda olduqlarını, onu avtovağzalın ikinci mərtəbəsində gözlədiklərini bildiriblər.

Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qızlarda olan mobil telefonla onların Bakıya çatan zaman kimə zəng etdikləri müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində tədbirləri davam etdirir.

Qeyd edək ki, Kürdəmir rayonunun Carlı kənd sakinləri – 16 yaşlı Tünzalə Şirəliyeva, 16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayə Novruzova dünən yaşadıqları kənddən Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədi ilə müəllim yanına getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Onların valideynləri bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər. Araşdırmalar zamanı məktəbli qızların müəllim yanına getmədikləri məlum olub. Polis adıçəkilən şəxsləri itkin düşmüş kimi qeydiyyata alıb.