İtkin şairlər və AYB-nin ev siyahısı

itkin-sairler-ve-ayb-nin-ev-siyahisi-
Oxunma sayı: 707

Sizə deyim, bizim şairlər itməyə meyllidirlər! Hətta bunun tarixi ənənəsi də var. İkicə misal çəkəcəm: Növrəs İman və Məhəmməd Hadi! Amma dövr o dövr olmadığından inanıram ki, bu itmək də o itməkdən deyil. Bir az yalançı, bir az səs-küylü, bir az da saxta itməkdir... Bu həkətin xoş sonluqla bitəcəyinə ümidim böyükdür. İndi harda idi o şair ki, əməlli-başlı itib-bata! Səmimiyyətlə! Heç yerdə iz-toz buraxmadan. İndi, əksinə, şairlər daha çox dünyaya bağlanmaq, ondan beş əllə yapışmaq həvəsindədirlər. Əslinə qala, Fəridi demirəm, Şəhriyar del Geraniyə geri qayıtmağı məsləhət görməzdim. Onun burda görəcəyi məşəqqətlərdən yoxa çıxmaq yeydir! Bircə bu doğmalar olmaya... Qoymazlar adam olasan!

Nə isə, Azərbaycan Yazıçılar Birliyinin baqqalın nisyə dəftərini xatırladan ev siyahısını unutmayaq...

Bəli, çox yazdılar, çox göstərdilər! Mən əvvəldən işin içində olduğumdan bu söz-söhbətləri o qədər də maraqla izləmirdim. Amma izləməyə məcbur idim. Yenə də tanış giley-güzar, tanış yaltaqlıqlar, tanış ağzıbozavermələr! Bir məsələni isə xüsusi ürək ağrısı ilə yenidən müşahidə etdim. Bu nə idi? Deyim, xoşbəxt olun. Bu o idi ki, azərbaycanlıların əsl xarakteri bu cür siyahılarda son səhifəsinə qədər açılır. Məsələn, məni nəyə and verirsiniz verin, bir erməni fəhləsinin evi ola-ola evi olmayan iş yoldaşının önünə keçməyini təsəvvür etmərəm! Dostlar, inanın səmimiyyətimə, bu mümkün deyil! Axı necə ola bilər ki, sənin evin ola-ola Adil Mirseyid kimi ailəsi, ərgən qızları küçələrdə qalan xəstə və qoca bir ədəbiyyat fədaisinin yerini tutasan, onun bir koma tapıb başını soxmasına mane olasan? Necə ola bilər?! Bu məntiq nəinki erməniyə, heç gürcüyə-abxaza da çatmaz! Ola bilməz! Ola bilməz ki, qeyri millətin fəhləsi belə bir addım atmadığı halda Azərbaycanın şairi-yazıçısı özünü həyasızlığa qoysun, hələ bir müsahibələr verib təmizə çıxmağa çalışsın, üstəlik axşam insanlığın böyüklüyünə dair şeirlər yazsın...

Siyahının gözünə Şair Vəli kimi bir-iki füqəra qatıb nə hoqqadan çıxmayıblar, ilahi! Çıxmalıdırlar da! Azərbaycan Yazıçılar Birliyinin Anar, Fikrət Qoca və Çingiz Abdullayevin şəxsi mülkiyyəti olduğunu bilməyən var ki?!

Fikrət Qoca dedim, yadıma Yalçın Qoca düşdü... Siyahıda evi olduğunu boynuna alan yeganə adamdır! Amma ona görə yox ki, Yalçın müəllimin şair qəlbi səmimiyyətlə döyünür. Xeyr! O, sadəcə vəziyyətin nə qədər ağır, adamların güzəranının nə qədər çətin olduğunu bilmir. Əminəm ki, bu açıqlamaya görə şair atası ona əməlli-başlı qulaqburması verib! Və ona da əminəm ki, Yalçın Qoca bundan sonra da başa düşməyib ki, atasının şəxsi mülkiyyətə çevirdiyi AYB-də nələr baş verir. Sıradan bir biznesmen uzaqdan-uzağa bu vəziyyəti necə anlaya bilər? Axı babalar qaçaq olub, mərd olub, qoçaq olub, mərd olub! Axı nadürüstlük ömrü boyu onun atasına dərd olub!!!

Əvət, o işi ən savadsız bir erməni fəhləsi eləməzdi ki, biz yazıçılar elədik! Sonra bizi bəyənməyib deyəndə ki, bunlar adam deyil, xətrimizə dəyir.

Gedim qəlyanıma od qoyum...