İtlərin söhbəti- II

itlerin-sohbeti-ii
Oxunma sayı: 670

Birinci: Ürəyinə zədə dəyməyibmiş?
Dördüncü: Yox, qatil yazıçının ürəyinə vurmaq istəsə də alınmayıb. Sinəsində deşik yerləri varmış, amma ürəyinə çatmayıb. Onu reanimasiyada yarıb-tikib sappasağ ayrı palataya köçürüblər.
İkinci: Bəs necə olub reanimasiyadan sağ çıxan adam ölüb?
Dördüncü: Həkimlər demişdi, yalnız dalağı zədələnib, onu da əməliyyatda çıxarmışdılar. Palataya köçürüləndən sonra dostları yoluxmuş, onunla söhbət eləmişdi. Uzandığı yerdə ailəsi, qohumları, dostları ilə deyib-gülmüş, jurnalistlərə müsahibə də vermişdi. Hər şey yaxşılığa doğru gedirmiş. Müalicənin dördüncü günü qəfildən yanında keşik çəkən qardaşına deyib ki, ürəyim bulanır, qusmaq istəyirəm. Qardaşı ona qab gətirib və tezcə həkim dalınca qaçıb. Həkim görüb ki, xəstənin halı pisləşib. Onu təzədən təcili reanimasiya şöbəsinə köçürüblər. Şöbədə baxıblar ki, Rafiq Tağı artıq ölüb.
Üçüncü: Necə ola bilər ki, bütün bu həngamələrdən salamat çıxan adam 4 gündən sonra öldü?
Birinci: Bəs onu bıçaqlayan kim imiş?
Dördüncü: Nə bilim, tapılmayıb ki...
Birinci: Bəs nə üçün bıçaqlayıblar, bilən varmı?
Dördüncü: Deyilənə görə o, ixtisasca həkim imiş, həm də gözəl qələmi varmış. Həkimlik praktikasını Moskvada tanınmış həkimlərin yanında keçirib. Rus qızı ilə evlənərək uzun müddət Moskvada yaşayıb. Rus xanımından iki qızı dünyaya gəlib. Sonralar onlardan ayrılaraq Azərbaycana qayıdıb və yenidən ailə qurub. Bakıda təcili tibbi yardım xəstəxanalarında işləyib, güclü kardioloq, vicdanlı həkim olub. Kasıb xəstələrə öz pulu ilə dərman alırmış. O, gözəl hekayələri ilə bərabər ictimai-siyasi, fəlsəfi esselər də yazmağa başlayır. Hər dəfə çap olunanda cəmiyyətdə silkələnmə yaradırmış. Bütün yazılarında güclü, demokratik bir dövlətdə, mədəni və cəhalətdən uzaq cəmiyyətdə yaşamaq arzusu varmış. Dini xurafatı görməyə gözü yox imiş. Cahillər onu heç vaxt sevməz, o isə cəhalətdə üzənləri xilas eləmək istəyirmiş.
Üçüncü: Həə, məsələ aydın oldu! Cəhalətə ilişənlərə cahillər həmişə hücum çəkib.
Dördüncü: Məsələ ondadır ki, doktor dini yazısına görə bir dəfə azadlıqdan məhrum edilmişdi. Həmin dövrdə İran ayətullalarının biri onu öldürənə malikanə bağışlamağı söz vermişdi. Lakin doktor əfv olunub çıxdıqdan sonra işinə bərpa olunmuş, ona dəyib-dolaşan da olmamışdı. Ancaq son zamanlar “İran və qloballaşma qaçılmazlığı” adlı məqalə çap eləmişdi.
İkinci: İndi mənə bəzi şeylər aydın olur, hətta bu qətl haqda bir neçə versiya da söyləyə bilərəm. Yadınızdasa, son dövrlər İsrail kəşfiyyatı haray salırdı ki, İran burda qətllər törətməyi planlaşdırır. İran dövlətini açıq fikrə düşmən göstərmək üçün İsrail Rafiqi bıçaqlatdırır...
Birinci: Yox, küçədə adam bıçaqlamaq İsrailin dəst-xətti deyil. İran sevmədiyi Rafiqi aradan götürür ki, qətli hay-küy salan İsrailin üstünə atsın. Çünki burda İranın alibisi var. İran deyə bilər, noldu, indiyə qədər öldürmədik, İsrail hay-küy salanda öldürdük, yəni bu qədər hərifik?
İkinci: Bəs Amerika kəşfiyyatı? Ola bilərmi İranı qatil eləmək üçün yazıçıya qıydılar?
Üçüncü: Özümüzünkülərdən heç şübhələnmirsiniz? Son dövrdə arada olan gərginliyin suçunu İrana yükləmək üçün yazıçını bizimkilər də öldürə bilər. Tutaq ki, bizimkilərin işi deyil, bəs bu necə dövlətdi, hansısa xarici kəşfiyyat onun yazıçısını xəstəxanada zəhərləyə bilir?
Birinci: Niyə şübhələnmirik? Özümüzünkü bizi daha yaxşı öldürə bilir. Ancaq 60 yaşlı ziyalını küçədə bıçaqla vuraraq yarımcan eləyib qaçmaq nəşəxor cahilin əl işinə daha çox bənzəyir...